TRIPP-in start götürdüyünü açıqlayan Donald Tramp İlham Əliyevə təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp TRIPP (“Tramp marşrutu”) layihəsinin rəsmi icras mərhələsinin başlanması münasibətilə Azərbaycan və Ermənistanı təbrik edib.
Polise.az xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasının və regional əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
ABŞ Prezidenti layihənin başlanmasından qürur duyduğunu qeyd edib: “Bu inanılmaz dərəcədə sevindirici münasibətlə Ermənistandakı hər kəsi xüsusi salamlayıram. Siz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinə rəsmi olaraq start verirsiniz. Bununla fəxr edirəm”.
Amerika lideri ötən il Ağ Evdə tarixi sülh bəyannaməsinin imzalandığını xatırladaraq, hazırda TRIPP layihəsi və bununla bağlı yeni şirkətin fəaliyyətə başlaması ilə əldə edilmiş inkişafın davam etdirildiyini söyləyib.
Donald Tramp prosesdə iştirak etdiklərinə və layihəni reallaşdırdıqlarına görə Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyana təşəkkür edib, həmçinin Nobel Sülh Mükafatına namizəd göstərildiyinə görə iki ölkənin liderinə minnətdarlığını bildirib.
“35 ildən artıq davam edən bu münaqişə ağlasığmaz əzablara səbəb olub. Bir çoxları onun həlli üçün cəhd göstərib, amma uğursuzluğa düçar olublar. Amma biz buna nail olduq və ötən il Ağ Evdə tarixi sülh razılaşması imzaladıq. Bu gün “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin və tamamilə yeni TRIPP İnkişaf Şirkətinin fəaliyyətə başlaması ilə əldə etdiyimiz tərəqqini davam etdiririk.
ABŞ ilə Ermənistan arasında bu tərəfdaşlıq bütün regionda malların və enerji resurslarının daşınması, eləcə də sərnişin səfərləri üçün yeni ticarət marşrutları yaradacaq. Biz onun çox böyük uğur qazanmasını təmin etməyə sadiqik.
Bir daha Baş nazir Paşinyana və onun həmkarı, Azərbaycan Prezidenti Əliyevə bizimlə əməkdaşlıq etdiklərinə və bu günü mümkün etdiklərinə görə təşəkkür etmək istəyirəm. Həmçinin məni səxavətlə Nobel Sülh Mükafatına namizəd göstərdiklərinə görə minnətdarlığımı bildirirəm”, – Amerika lideri deyib.
Tramp sonda əlavə edib ki, sülhdən daha böyük və ya daha layiqli məqsəd yoxdur.
Polise.az



