EU Today: Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi

Politoloq Ceyhun Osmanlı Avropanın tanınmış EU Today xəbər portalında analitik təhlil ilə çıxış edib.

Məqalədə 59 yaşı tamam olan Prezident İlham Əliyevin ölkədə və Cənubi Qafqazda sülhün, əməkdaşlığın, inkişafın bərqərar olması üçün nail olduğu uğurlardan bəhs edilir.

Məqalənin tərcüməsini təqdim edirik:

Dağlıq Qarabağ Sülh Müqaviləsi: Cənubi Qafqazda sabitlik üçün yeni ümid

Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr tarixində imzalanmış üçtərəfli sülh müqaviləsinə əsasən Laçın rayonu 1 dekabr tarixində Azərbaycana təhvil verildi. Laçının geri qaytarılması, 1991-1994-cü illərdə baş vermiş birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını başa çatdırdı. Müqavilə həmçinin 20 və 25 noyabr tarixlərində Ağdam və Kəlbəcər rayonlarının da müvafiq olaraq Azərbaycana qaytarılmasını təmin edirdi.

27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan əraziləri kimi tanınan, lakin 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və işğal edilmiş ətraf yeddi rayonda Azərbaycanın suverenliyini bərpa etdi.  

Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlı məcburi köçkünlərə ədalət gətirəcəyini vəd edən üçtərəfli sülh müqaviləsi, on illərdir davam edən bir münaqişəyə son qoydu. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və eləcə də ATƏT, Avropa Parlamenti və Avropa Şurasının bir neçə qərar və qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin geri qaytarılmasını nəzərdə tuturdu. Lakin, bu qətnamələrdə vurğulananlar öz həllini tapmır və beynəlxalq və regional təşkilatlar tərəfindən təqdim olunan sülh təklifləri müxtəlif səbəblərdən uğursuzluqla nəticələnirdi. Belə ki, 10 noyabr tarixində imzalanmış üçtərəfli sülh müqaviləsi, son otuz ildə bir çox səylərin yerinə yetirə bilmədiklərini həyata keçirmiş oldu.

Buna baxmayaraq, sülh müqaviləsi Ermənistan tərəfdən birmənalı qarşılanmadı. Ermənilərin əksəriyyəti baş nazir Paşinyanı xəyanətdə günahlandıraraq istefa verməsini tələb etdilər. Bununla yanaşı Ermənistanın müdafiə naziri Davit Tonayan da daxil olmaqla üç erməni nazir İrəvandakı iğtişaşlar və etirazlar fonunda tutduqları postlardan istefa verdilər.

Digər tərəfdən, azərbaycanlılar münaqişənin sona çatmasını Azərbaycan Prezidenti İlham Əliyevin ən böyük hərbi və diplomatik qələbəsi kimi qiymətləndirdi. Buna görə işğal olunmuş ərazilərin azad edilməsi Bakıda böyük milli qürur hissi ilə qeyd olundu. Bu müqavilə, Əliyevin milli qəhrəman və şanlı Azərbaycan ordusunun baş komandanı kimi titullarını möhkəmləndirməklə yanaşı, populyarlığını görünməmiş səviyyələrə qaldırdı.

Bu gün 59 yaşı tamam olan İlham Əliyev atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək prezident olduğu dövrdə Azərbaycan iqtisadiyyatını gücləndirib və Azərbaycan ordusunu qələbənin qazanılmasında həlledici rol oynayan müasir hərbi texnika və döyüş dronu texnologiyası ilə təchiz edib.   

Yeni sülh müqaviləsinin Cənubi Qafqaz üçün yeni üfüqlər açacağı gözlənilir. Mineral və enerji mənbələri ilə zəngin olan bölgə təbii gözəllikləri, misilsiz tarixi və mənəvi yerləri və müxtəlif mədəni ənənələri özündə cəmləşdirib. Buna baxmayaraq, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinə görə bu bölgə təcrid olunmuş vəziyyətdə idi. Bu münaqişə nəticəsində sərhədlər bağlanmış, dəmir yolları fəaliyyətini dayandırmış və bölgənin iqtisadi potensialı illər boyu səmərəli şəkildə istifadədən uzaq qalmışdı. Lakin bundan sonra növbəti addım münasibətlərin mövcud reallığa əsaslanaraq normallaşması olacaq. Məsələnin o qədər də asan olmadığı məlumdur.

Ərazinin minalardan təmizlənməsi ilə yanaşı, enerji, qaz kəmərləri, elektrik və su xətləri, evlər və məktəblər üçün bütün infrastruktur yenidən qurulmalıdır. Bu istiqamətdə, 10 dekabr Zəfər Paradındakı çıxışı zamanı İlham Əliyev bildirmişdi ki, “bu birlik bizə azad edilmiş torpaqları dirçəltməyə və məcburi köçkünlərimizi bu torpaqlara qaytarmağa imkan verəcək… Gözəl tarixi torpağımız olan Qarabağ bölgəsi yenidən doğulacaq, canlanacaq, və həyata qovuşacaq”.

Bununla yanaşı, Azərbaycanın Qarabağ ermənilərini ölkənin siyasi, sosial və iqtisadi sahəsinə inteqrasiya etmək əzmində olduğunu nəzərə alaraq, azərbaycanlılar və ermənilərin regionda dinc yanaşı yaşaması üçün yeni ümid var. Çoxmədəniyyətli bir cəmiyyətdə dəyərlərə, dinlərə, etnik və dil müxtəlifliyinə hörmətlə yanaşan Azərbaycan konstitusiyası bütün vətəndaşlarının hüquq və azadlıqlarının bərabər və ayrıseçkilik olmadan təmin edilməsinə zəmanət verir. Bu səbəbdən erməni əsilli Azərbaycan vətəndaşları, etnik mənsubiyyətlərindən asılı olmayaraq Azərbaycanda sülh şəklində əsrlərdir yanaşı yaşayan ləzgi, rus, talış, tatar və yəhudilər kimi bərabər hüquqlardan istifadə edəcəklər. Şübhəsiz ki, Azərbaycan bölgəyə iqtisadi böyümə, təhsil imkanları, müasir infrastruktur, sülh və təhlükəsizlik gətirəcək və Cənubi Qafqaz üçün daha çox rifah və çiçəklənmə vəd edəcəkdir.

Bu, regionları bir-birinə bağlayacaq layihələrə misal olaraq Xankəndini bölgənin digər regionları ilə birləşdirməyi hədəfləyən yeni dəmir yolu layihəsində də öz əksini tapıb. Belə ki Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ən böyük təhdid olan 30 illik Dağlıq Qarabağ münaqişəsinin bitməsi, regiona daha çox investisiya və kapital cəlb edəcək. Bununla da gələcək illər Qafqaz üçün daha çox firavanlıq, şəffaflıq və rifah gətirəcək. Bu, sadəcə qonşuluğunda stabilliyin artması ilə deyil, eyni zamanda özünün şərqdəki tərəfdaşları ilə daha güclü iqtisadi, enerji və turizim əlaqələrindən də faydalana biləcək Avropa İttifaqı üçün müsbət inkişafdır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button