3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

“3+3 formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran) növbəti görüş Azərbaycanda keçirilə bilər”.
Polise.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirakının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılmış 3+3 formatını qeyd etmək istərdim. Bu formata Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran daxildir. Biz bir neçə dəfə görüşmüşük, hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik”, – Rusiya XİN rəhbəri deyib.
Lavrov hesab edir ki, növbəti görüş Bakıda, ondan sonrakı görüş isə İrəvanda keçirilə bilər:
“Düşünürəm ki, yaxınlaşan görüşü Azərbaycanda, növbətisini isə İrəvanda keçirmək mümkündür. Bu, düzgün olardı”.
Nazir vurğulayıb ki, 3+3 formatı hərtərəfli əməkdaşlıq platformasıdır və ümumi regional kontekstdən kənarda həyata keçirilməsi planlaşdırılan hər hansı bir layihə ilə məhdudlaşmır:
“Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 formatını fəal şəkildə dəstəkləyirik”.
Polise.az



