Aydın Quliyev: “Türkiyədə dini təriqətlərin Azərbaycana qarşı fəallaşması ümumtürk birliyinə ziyan vurur”

“Türkiyədə dini təriqətlərin fəallaşması ciddi təhlükə mənbəyidir. Bu proses həm Türkiyə cəmiyyətində parçalanmanı dərinləşdirir, həm də narahatedici haldır ki, fəallaşan dini təriqətlər öz fəaliyyətlərini ərazidə və sosial şəbəkələrdə Azərbaycanın daxili işlərinə müdaxilə istiqamətində qururlar”.

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

Siyasi şərhçi bildirib ki, bu, o deməkdir ki, dini təriqətlərin fəallaşması həm Türkiyə cəmiyyətinin parçalanmasına, həm də Türkiyənin digər türk dövlətləri, o cümlədən sadiq qardaş və dost olan Azərbaycanla münasibətlərinin zədələnməsinə gətirib çıxarır:

“Ən ciddi reallıq isə Türkiyədə dini təriqətlərin siyasiləşməsinin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi zümrələri tərəfindən dəstəklənməsidir. Kənardan bu proses dini təriqətlərin müstəqil şəkildə fəallaşması kimi görünsə də, əslində, onların dövlətin və hakimiyyətin himayəsi altında aktivləşməsi mənzərəsi yaranır.

Beləliklə, Türkiyədə dini təriqətlər bir tərəfdən siyasiləşir, digər tərəfdən isə hakimiyyətin himayəsi altında siyasi müstəvidə fəallıqlarını artıraraq Türkiyə cəmiyyətinə dağıdıcı təsir göstərirlər.

Bu proses, eyni zamanda, Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətlərin xeyli dərəcədə pisləşməsinə gətirib çıxarır.

Türkiyədəki Azərbaycan səfirliyinin qarşısında müəyyən təriqətlərin keçirdikləri etiraz aksiyası, əslində, Azərbaycanın daxili işlərinə müdaxilənin olduqca kobud forması idi. Türkiyədə kütləvi etiraz aksiyalarının ciddi çərçivələr daxilində tənzimlənməsinə baxmayaraq, təriqətlərin Azərbaycana qarşı fəaliyyətlərinin qarşısının alınması istiqamətində hakimiyyət tərəfindən müvafiq addımların atılmaması bağışlanmaz haldır.

Sözsüz ki, bu vəziyyət kənardan da müşahidə olunur. Türkiyədəki məlum təriqətlərin hakimiyyətdəki müəyyən dairələrin dəstəyi ilə Azərbaycan kimi müttəfiq dövlətə qarşı fəallaşması ümumtürk birliyi ideyasına da zərər vurur.

Beləliklə, biz bir tərəfdən Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə çalışır, digər tərəfdən isə Türkiyə-Azərbaycan qardaşlığını bütövlükdə böyük bir regionun inkişaf perspektivlərinin mühüm dayağı hesab edirik. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatında ayrı-seçkilik meyillərini gücləndirən bu cür təriqət hərəkatlarının məhz Türkiyədə baş qaldırması ciddi narahatlıq doğurur.

Fikrimcə, Türkiyənin hakimiyyət dairələri, o cümlədən hakim Ədalət və İnkişaf Partiyası dini təriqətlərin həm siyasiləşməsinə, həm siyasi müstəvidə fəallaşmasına, həm də Azərbaycana qarşı yönəlməsinə ciddi təhlükə kimi yanaşmalı və onların fəaliyyətini nəzarətə götürməlidir”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button