Zahid Oruc: Ədalətli qayda tikinti şirkətlərinin şərtlərini diktə etməsinə mane ola bilər

“Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiya və digər hidrotexniki qurğular, dəmir yolu və tramvay xətləri hazırki layihənin təsir dairəsinə daxildir”.

Polise.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin komitə sədri Zahid Oruc deyib.

O qeyd edib ki, dövlət ehtiyacları üçün qanunla aparılan alınma siyasəti ilə özəl investorların yaşayış və digər növ tikililər həyata keçirməsi üçün də vahid qaydalara ehtiyac var: “Konstitusiya Məhkəməsi mülkiyyətin özgəninkiləşdirilməsi sahəsində qanunlardakı boşluq və qaydaların qeyri-müəyyənliyinə görə əsassız yüksək kompensasiya tələbləri, həm də mülkiyyətçilərin hüquqlarının pozulması və nəticədə tikintinin uzanmasına səbəb olduğunu bildirib. Məhkəmə qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflərini göndərib.

Əgər dövlət və ya özəl şirkətlər hər hansı ərazidə onlarla ailə ilə razılaşıb, mənzil və kirayə öhdəliyi götürüb, milyonlarla manat vəsaiti layihələndirməyə, köçürülməyə, avadanlığa və kredit faizinə xərcləyirsə, bir və ya iki mülkiyyətçi ilə illərlə anlaşmanın tapılmaması nəticəsində tikinti prosesi başlana bilməməsini həll etmək gərəkdir.

Bakı şəhərinin Baş Planında 2040-cı ilə qədər mənzil və tikinti fondunun əsaslı yenilənməsi nəzərdə tutulur. Lakin ödənilən kompensasiya məbləğləri və əvəzləşdirmə qaydalarındakı boşluqlar süni maneələr yaradır. Ona görə də bir neçə təkliflə çıxış etməyi vacib sayırıq.

Əvvəla, söküntüyə məruz qalan mülkiyyətçiyə kompensasiyanın hesablanmasında vahid qaydaların yaradılması, ictimaiyyət üçün açıq meyarların hazırlanması vacibdir. Nazirlər Kabineti qiymətləndirmə şkalasını, bazar qiymətlərindən istifadə qaydasını, ərazilər üzrə diferensial tarifləri, inflyasiya və tikinti xərcləri dəyişdikdə yenilənmə mexanizmini müəyyən edə bilər.

Narazılıqlar sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü ilə bağlıdır. “Sahənizdən iyirmi faiz çox”, “otaq sayı eyni”, “ümumi sahə qədər” kimi müddəalar ayrı-ayrı çoxsaylı konfliktlərə yol açır, subyektiv yanaşmalar razılaşma müqavilələrini ləngidir. Şəhərsalma və Tikinti Məcəlləsi, mənzil və mülki qanunvericiliklə uzlaşdırılmaqla sahənin hesablanması, yaşayış və qeyri-yaşayış hissələrinin fərqi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti, gecikmə məsuliyyəti barədə minimum təminatlar təsbit edilməlidir. Ədalətli qayda həm əsassız tələbə, həm də şirkətlərin özbaşına şərtləri diktə etməsinə mane olar.

Burada isə əsas məsələ faktiki sahənin necə ölçülməsidir. Zirzəmi, yardımçı otaq, eyvan, hasar, sonradan artırılmış hissə, yüngül konstruksiya, kommersiya obyekti – bunların hər birinin hüquqi və texniki statusu fərqlidir. Dövlət tərəfindən akkreditə olunmuş müstəqil ölçmə və qiymətləndirməsi, foto və elektron aktın müəyyənləşdirilməsi vacibdir. Söküntü elanından sonra kompensasiyanı artırmaq üçün qanunsuz tikilmiş sahə ilə onillərlə mövcud olan, dövlətin tanıdığı faktiki yaşayış şəraiti eyni qiymətləndirilə bilməz.

Daşınmaz əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmamış əmlakın vəziyyətidir. Sənədsiz tikililər bir neçə qrupa ayrıla bilər: qeydiyyatı texniki səbəbdən tamamlanmamış, hüquqi əsası olan istifadə, dövlətin uzun müddət sərt tədbir görmədiyi faktiki məskunlaşma, yeni yaranmış qanunsuz zəbt. Mülkiyyət hüququ, qanuni gözlənti və sosial köçürülmə yardımı bir-birindən ayrılmalıdır”.

Deputat bildirib ki, əgər tikinti yarımçıq qalarsa, bu razılaşmanın gələcək taleyidir: “Böyük layihələrdə iştirak edən dövlət qurumları Prezidentin müvafiq aktı və ya qanunla müəyyən edilərsə, onların nəzarət və məlumatlandırma öhdəliyi aydın yazıla bilər. Tikintinin tamamlanması üçün bank zəmanəti, sığorta və ya digər maliyyə mexanizmləri məcburi tətbiq edilməsi vacibdir.

Tikinti icazəsi alınıbsa, müqavilə təklifləri və qiymətləndirmə yekunlaşıbsa, razılaşma üçün ağlabatan və əvvəlcədən bilinən vaxt, ardınca məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı mərhələsi nəzərdə tutula bilər. Etiraz edən sakinin haqlı çıxması ehtimalını qoruduğumuz qədər, razılaşıb illərlə gözləyən qonşunun haqqını da qorumalıyıq.

Bəzən eyni iqtisadi dəyərin həm tikili, həm də tikilinin altındakı sahə adı ilə iki dəfə ödənilməsi tələb olunur. Bunun qarşısını alan şəffaf qiymətləndirmə qaydası olmalıdır. Almaniyada mülkiyyətin alınmasına görə bazar dəyərini və digər əmlak itkilərinin əvəzi ayrıca nəzərə alır. İngiltərənin məcburi satınalma qaydalarında da əmlakın bazar qiyməti ilə yanaşı, köçürülmə xərcləri, biznesə dəyən zərər və məcburi köçürülmənin yaratdığı itkilər ayrıca qiymətləndirilir.

Hökumət aidiyyəti dövlət qurumlarını, Bakı Şəhər İcra Hakimiyyətini, Ombudsman təsisatını, məhkəmə və qiymətləndirmə mütəxəssislərini, tikinti assosiasiyalarını, Mediasiya Şurasını və sakinlərin nümayəndələrini cəlb etməklə yeni hüquqi tənzimləmə qaydalarını hazırlaya bilər””.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button