Ramiz Mehdiyevə hökm oxundu: Dövlət təltiflərindən məhrum ediləcək

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin məhkəməsi başa çatıb.
Polise.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada hökm elan edilib.
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib.
Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Həmçinin hökmdə qeyd olunub ki, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Bundan başqa, Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.
Polise.az



