Turizm sənayesi nümayəndələri üçün insan alverinə qarşı mübarizə üzrə təlim keçirilib

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm sənayesində insan alveri risklərinin müəyyənləşdirilməsi və belə hallara düzgün reaksiya verilməsi mövzusunda təlim keçirilib.
Təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Emin Əsədov, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, eləcə də Koalisiyanın İdarə Heyətinin üzvləri Mahirə Əmirhüseynova və Ağamirzə Bağırov çıxış ediblər.

Tədbirin əsas məqsədi hotel və turizm şirkətlərinin əməkdaşlarının insan alverinin mümkün əlamətlərini tanımaq, riskli vəziyyətləri vaxtında müəyyən etmək və belə hallarda düzgün və təhlükəsiz davranmaq üzrə bilik və bacarıqlarını artırmaq olub.
Təlim çərçivəsində insan alverinin mahiyyəti, istismar formaları və bu sahədə mövcud hüquqi çərçivə barədə məlumat verilib. İnsan alveri qurbanlarının müəyyənləşdirilməsinə kömək edən göstəricilər, şəxslərin davranışında və vəziyyətində diqqət yetirilməli məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Proqram zamanı hotel və turizm müəssisələrinin gündəlik fəaliyyətində rast gəlinə biləcək nümunələr əsasında risklərin aşkarlanması məsələləri müzakirə olunub. Qonaqların qeydiyyatı, otaq xidməti, restoran, transfer və digər turizm xidmətlərinin təşkili zamanı müşahidə edilə biləcək şübhəli hallar, o cümlədən şəxsin sərbəst hərəkətinə maneələrin yaradılması, sənədlərinin başqa şəxs tərəfindən saxlanılması və istismar ehtimalını göstərən əlamətlər izah edilib.
İştirakçılara şübhəli vəziyyətlə qarşılaşdıqları zaman müstəqil araşdırma aparmamaq, ehtimal olunan qurbanı təhlükəyə atmamaq, qarşıdurmadan çəkinmək və məlumatı müvafiq qaydada aidiyyəti qurumlara çatdırmaq tövsiyə olunub. Eyni zamanda, uşaqlarla bağlı risk əlamətlərinin müəyyənləşdirilməsi və belə hallarda xüsusilə ehtiyatlı davranmağın vacibliyi vurğulanıb.
İnteraktiv formada keçirilən təlim zamanı turizm sənayesi nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, turizm sənayesi əməkdaşlarının insan alveri riskləri barədə məlumatlılığının artırılması, bu halların vaxtında müəyyənləşdirilməsi və qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirləri İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının 8.7.7-ci yarımbəndində nəzərdə tutulan tədbirlərin tərkib hissəsidir.
Polise.az



