Sarkisyanın etirafı reallığın güzgüsü, Azərbaycanın gücüdür – ŞƏRH
44 günlük müharibənin nəticəsi Ermənistan siyasi elitasında parçalanmaya səbəb olub. Artıq iş o yerə gəlib çıxıb ki, Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da açıqlamalarında birbaşa olmasa da, dolayı yolla məğlubiyyətdə Nikol Paşinyan hökumətini günahlandırır.
Kapitulyasiyaya səbəb olmuş acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhran, gərgin mənəvi-psixoloji durum yaradıb, ölkədə daxili qarşıdurma pik həddə çatıb. Nəticədə Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf edirlər.
Bu yaxınlarda “Ermənistanda İlham Əliyevlə danışıqlarda vəziyyətin bizim xeyrimizə dəyişməsinə nail ola biləcək siyasətçi yoxdur” etirafı ilə diqqət çəkmiş A.Sarkisyan budəfəki açıqlamalarında ölkəsinin hazırkı acınacaqlı durumunu əks etdirib.
Onun açıqlamalarına diqqət yetirək:
“Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf edib, müasir texnologiyalar tətbiq edib. Bütün bunların fonunda Ermənistan isə arzusunu, xəyallarını bir reallıq kimi qəbul edib. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur”.
Doğrudan da müharibəyə qədər Ermənistan öz ordusu haqda mifoloji, utopik bir təsəvvürə malik idi. Erməni generalları öz xalqını elə əmin etmişdi ki, az qala yerli camaat öz hərbçilərini ABŞ, Rusiya kimi dövlətlərin hərbi gücləri ilə müqayisə edirdilər. I Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğal edilməsini isə öz hərbçilərinin real gücü kimi qəbul edirdilər.
Bunun müqabilində Azərbaycan 1994-cü ildə atəşkəs bağlandıqdan sonra Ordumuzun kadrlarının gücləndirilməsinə, hərbi texnikanın alınmasına start verdi. Nəticədə Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu müasir standartlara cavab verən həm əsgəri heyətə, həm də silahlara sahib oldu. 44 günlük müharibənin nəticəsi də hansı ordunun daha rəşadətli, daha mübariz, qorxmaz və məğlubedilməz olduğunu göstərir.
Sarkisyan daha sonra etiraf edib ki, Ermənistan demoqrafiya məsələlərində də məğlub olub:
“Dağlıq Qarabağda əhalinin sayı 20 min nəfər azalıb. Halbuki, bu əraziləri məskunlaşdırıb əhalinin sayını artırmaq lazım idi. Azərbaycanlılar həm də informasiya və media müstəvisində də müharibəyə hazırlaşırdılar. Ermənistan bu müharibəni də itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birinə ittiham yağdırırlar”.
Əslində Ermənistan bu əraziləri işğal etdikdən sonra abadlaşdırma işləri görmədi, etnik ermənilərin sosial vəziyyətinin düzəldilməsinə çalışmadı. Konkret olaraq, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayon mərkəzlərinin dağıdılması və heç bir abadlaşdırma işlərinin görülməməsi ermənilərin Dağlıq Qarabağa aid olmayan bu əraziləri əllərində çox saxlaya bilməyəcəklərinə bir işarədir. Halbuki Qubadlı və Zəngilan şəhərləri Ermənistanla sərhədə yaxın olduğu üçün buralara əhali köçürmək mümkün idi. Ancaq həmin şəhərlərdə belə, erməni əhalisi yox, quldur hərbi dəstələr qalırdı.
İnformasiya savaşına gəlincə, Azərbaycan mediası istər Vətən müharibəsindən əvvəl, istərsə də döyüşlər başlanan vaxt qarşı tərəfə qalib gəlməyi bacardı. Erməni mediasında çıxan dezinformasiya xarakterli məlumatların faktlarla səhv olduğu isbata yetirildi və əhalinin milli ruhdan irəli gələn Ordumuz və Ali Baş Komandan ətrafında birliyinin pozulmasına imkan vermədi.
Sarkisyan deyib ki, Ermənistanda müharibədən sonra sosial problemlər pik həddə çatıb:
“Ermənistan böyük böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistan diz üstə çöküb və ayağa durmalıdır. Ancaq necə? Hökumət istefaya getməlidir. Belə təlatümdən sonra istənilən hökumət mandat almalıdır. İndiki hökumət seçiləndə Ermənistan tam fərqli bir dövlət idi, indi isə ermənilər başqa bir dövlətdə yaşayırlar.
Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri… Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar haradan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq – səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. – bütün sahələrdə böhrandır”.
Düşünürük ki, burada əlavə şərhə ehtiyac yoxdur. Sarkisyan zatən özü prezidenti olduğu ölkədə acı reallığı etiraf edib və Nikol Paşinyanın başçılıq etdiyi hökumətin istefaya getməli olduğunu bildirib.
Məğlub Ermənistanın prezidenti söyləyib ki, Ermənistanda referendum keçirilməlidir, Konstitusiya insanlara xidmət halına salınmalıdır:
“Ermənistan hakimiyyəti diaspora ilə Ermənistan arasında Berlin divarı çəkib. Ermənistanda dövlət orqanı təyinatı üzrə deyil, ona rəhbər təyin edilmiş adamın şəxsi əlavəsi kimi fəaliyyət göstərir”.
Göründüyü kimi, Ermənistan prezidentinin bu fikirləri ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli və müzəffər Ordumuzun möhtəşəm qələbəsidir.