Vaşinqtonda “çirkli bomba” təhlükəsi: İranın hücum planı, yoxsa Tehrana qarşı yeni təzyiq kampaniyası?

ABŞ kəşfiyyatının İranın Vaşinqtonda “çirkli bomba” və ya kimyəvi silahdan istifadə etməklə Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə hücum planları hazırladığı barədə məlumat əldə etməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bəs Tehran həqiqətən ABŞ paytaxtında belə bir hücum həyata keçirə bilərmi? Kəşfiyyat məlumatları nə dərəcədə etibarlıdır və İran bu iddialara necə münasibət bildirib?
Moderator.az aparıcı beynəlxalq mənbələrin son məlumatlarına əsasən məsələyə aydınlıq gətirməyə çalışıb.
“CNN”-in noyabrın 16-da yaydığı eksklüziv məlumatda 7 amerikalı rəsmi şəxsə istinadən bildirilir ki, ABŞ kəşfiyyatı İranın Vaşinqtonda mümkün hücum variantları üzərində işlədiyini müəyyən edib. İddialara görə, bu planlar radioaktiv materialların adi partlayıcı qurğu vasitəsilə yayılmasını nəzərdə tutan “çirkli bomba” və ya kimyəvi silahdan istifadə ehtimalını əhatə edir.
“CNN”-in mənbələri bildirirlər ki, kəşfiyyat məlumatlarında mümkün hədəflər və hücum məkanları da göstərilib. Bununla belə, amerikalı rəsmilər İranın belə bir əməliyyatı həyata keçirmək üçün lazımi imkanlara və niyyətə malik olub-olmaması barədə yekdil fikirdə deyillər. Mənbələr planlaşdırmanı qaçılmaz hücumun əlaməti deyil, Tehranın mümkün fəaliyyət variantlarını saxlamaq cəhdi kimi qiymətləndirirlər.
Ağ Evin sözçüsü Loren Bis “CNN”-ə bildirib ki, ABŞ bütün potensial təhlükələri izləyir, lakin hazırda ölkə ərazisinə qarşı etibarlı və konkret təhlükə mövcud deyil.
İranın ABŞ ərazisində materialları ola bilərmi?..
“CNN”-in məlumatına görə, ABŞ kəşfiyyatı İran tərəfinin partlayıcı qurğuların hazırlanması üçün lazım olan materialların artıq Amerika ərazisində gizlədildiyini iddia edən danışıqlarını da ələ keçirib. Lakin bu məlumatın etibarlılığı ilə bağlı ABŞ rəsmiləri arasında fikir ayrılığı mövcuddur. Materialların həqiqətən İran tərəfindən yerləşdirildiyini təsdiqləyən müstəqil sübut ictimaiyyətə təqdim edilməyib.
Mənbələrdən biri “CNN”-ə bildirib ki, İranın belə bir hücumu həyata keçirmək üçün ABŞ-da artıq mövcud olan şəxslərdən istifadə etməyə çalışması ehtimalı da nəzərdən keçirilir. ABŞ rəsmiləri isə mümkün təhlükəyə qarşı əlavə tədbirlərin müzakirə edildiyini bildirirlər.
İsrailin iddiaları və ABŞ-dakı şübhələr…
Məsələ ilə bağlı daha əvvəl, noyabrın 3-də “The New York Times” da diqqətçəkən araşdırma yayımlayıb. Nəşrin ABŞ və regional rəsmilərə istinadən verdiyi məlumata görə, İsrail İranın rəqiblərinə qarşı kimyəvi silahdan istifadə imkanlarını nəzərdən keçirdiyi barədə Vaşinqtona və Körfəz ölkələrinə kəşfiyyat məlumatları təqdim edib. İsrail rəsmiləri İranın kimyəvi silahları raketlərlə çatdırmaq və ya düşmən ölkələrin ərazisinə keçirmək imkanları üzərində işlədiyini iddia ediblər…
Lakin bu məlumatlar ABŞ-da birmənalı qarşılanmayıb. “The New York Times” yazır ki, bəzi amerikalı rəsmilər İsrailin xəbərdarlıqlarını ciddi qəbul etsələr də, digərləri Benyamin Netanyahu hökumətinin bu məlumatlardan Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirməyə inandırmaq üçün istifadə edə biləcəyini düşünürlər. Körfəz ölkələrindən bəzi rəsmilərin də İsrailin təqdim etdiyi məlumatlara şübhə ilə yanaşdığı bildirilir…
Beləliklə, İsrailin kimyəvi silahlarla bağlı xəbərdarlığı və “CNN”-in Vaşinqtona mümkün hücum barədə son məlumatı bir-biri ilə əlaqəli təhlükəsizlik narahatlıqları olsa da, fərqli kəşfiyyat iddialarıdır.
İran nə deyir?..
İranın BMT-dəki nümayəndəliyi “CNN”-in sorğusuna cavab olaraq kimyəvi silahdan istifadənin istənilən şəraitdə qeyri-legitim olduğunu bildirib və Tehrana qarşı irəli sürülən ittihamları “yalan və uydurma” adlandırıb. Maraqlıdır ki, İran tərəfi açıqlamasında kimyəvi silah ittihamlarını rədd etsə də, “çirkli bomba” ilə bağlı konkret kəşfiyyat iddialarına ayrıca cavab verməyib.
İranın kimyəvi silah məsələsində tarixi də diqqətəlayiqdir. İran-İraq müharibəsi zamanı ölkə özü İraqın kimyəvi hücumlarına məruz qalıb. Tehran 1997-ci ildən Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasının iştirakçısıdır. Bu sənəd kimyəvi silahların hazırlanmasını, istehsalını, əldə edilməsini, saxlanmasını və istifadəsini qadağan edir…
“Çirkli bomba” nüvə silahı deyil…
Burada mühüm bir məqamı da nəzərə almaq lazımdır. “Çirkli bomba” nüvə bombası deyil. O, adi partlayıcı vasitə ilə radioaktiv materialın ətrafa yayılmasını nəzərdə tutur. Belə partlayışın əsas təhlükəsi dağıntı ilə yanaşı, radioaktiv çirklənmə, əhalinin təxliyəsi və ciddi psixoloji təsirdir. Kimyəvi silah isə tamamilə başqa kateqoriyaya aiddir və zəhərli kimyəvi maddələrin insanlara zərər verməsi məqsədi daşıyır. Bu iki silah növünü eyniləşdirmək düzgün deyil…

Bu məlumatlar İsrailin və ABŞ-ın bəzi dairələrinin İrana qarşı yeni hərbi müdaxiləyə zəmin hazırlamaq, yəni şantaj cəhdi ola bilərmi?..

ABŞ-ın İrana qarşı hərbi və siyasi təzyiqləri fonunda belə bir ehtimalı da nəzərdən qaçırmaq olmaz. Vaşinqtonun İranın mümkün kimyəvi və radioloji hücum planları barədə kəşfiyyat məlumatlarını ictimailəşdirməsi Tehrana qarşı beynəlxalq təzyiqi artırmaq və mümkün hərbi əməliyyatlar üçün ictimai rəy formalaşdırmaq məqsədi daşıya bilər. Bu prosesdə İsrailin də maraqlı tərəf kimi çıxış etməsi ehtimalı var. Baş nazir Benyamin Netanyahu hökuməti uzun müddətdir İranı regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən biri kimi təqdim edir və Vaşinqtonun Tehrana qarşı daha sərt mövqe tutmasına çalışır. Təsadüfi deyil ki, “The New York Times”ın məlumatına görə, bəzi amerikalı rəsmilər İsrailin təqdim etdiyi kəşfiyyat məlumatlarının Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyatları genişləndirməyə inandırmaq məqsədi daşıya biləcəyindən ehtiyat edirlər…

Bu baxımdan, ABŞ və İsrailin İranla bağlı təhlükə məlumatlarından siyasi və informasiya təzyiqi vasitəsi kimi istifadə etməsi, hətta bu məlumatların hərbi müdaxiləyə bəhanə kimi təqdim olunması ehtimalı müzakirə oluna bilər. Bununla belə, Vaşinqton və Təl-Əvivin belə bir ssenarini əvvəlcədən razılaşdıraraq təşkil etdiyini, yaxud kəşfiyyat məlumatlarının qəsdən uydurulduğunu təsdiqləyən konkret sübut yoxdur. Digər tərəfdən, real təhlükənin mövcudluğu da istisna edilmir. Ona görə də hazırkı mərhələdə bu məlumatları nə yalnız təbliğat və şantaj cəhdi, nə də İranın hücum qərarı verməsinin sübutu kimi qiymətləndirmək doğru olardı….

Bəs İran belə bir addım ata bilərmi?…
Hazırda açıq mənbələrdə İranın Vaşinqtona qarşı belə hücum həyata keçirmək barədə yekun qərar verdiyini təsdiqləyən sübut yoxdur. “CNN”-in məlumatı yeddi amerikalı rəsminin təqdim etdiyi kəşfiyyat qiymətləndirməsinə əsaslanır, lakin həmin məlumatların özü ictimaiyyətə açıqlanmayıb. Digər tərəfdən, belə bir hücumun baş verəcəyi təqdirdə ABŞ-ın hərbi və siyasi cavabının son dərəcə sərt olacağı gözlənilir. “CNN”-in danışdığı amerikalı rəsmilər də Tehranın bu riskləri anladığını vurğulayırlar.
Nəticə etibarilə, Vaşinqtonun narahatlığı real təhlükəsizlik siqnallarına əsaslanır, lakin kəşfiyyat xəbərdarlığını artıq hazırlanmış terror aktının sübutu kimi təqdim etmək olmaz. İranın belə imkanlara malik olması, bu imkanlardan istifadə etmək qərarı verməsi və hücumu faktiki həyata keçirə bilməsi üç ayrı məsələdir…
Hələlik ən mühüm məqam ABŞ və İran arasında davam edən qarşıdurmanın hərbi əməliyyatlardan kənara çıxaraq Amerika ərazisində təhlükəsizlik risklərini də gündəmə gətirməsidir…
S.Laçın
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button