Narkomafiyanın YENİ silahı: motorlu paraşüt – Kriminoloqdan xəbərdarlıq

Azərbaycanın dövlət sərhədində narkotik qaçaqmalçılığının yeni üsulu aşkarlanıb. İran istiqamətindən narkotik daşıyan motorlu paraşüt tipli uçan aparatın ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb, hadisə ilə əlaqədar İran vətəndaşı saxlanılıb.
Bu hadisə narkotik qaçaqmalçılarının ənənəvi marşrutlarla yanaşı, yeni texnologiyalardan da istifadə etməyə başladığını göstərir. Xüsusilə uçan aparatların sərhədi keçirmək üçün vasitəyə çevrilməsi təhlükəsizlik tədbirlərinin effektivliyi ilə bağlı suallar yaradır.
Bu hadisə Azərbaycanın sərhəd mühafizəsi sistemində hansı əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu göstərir?

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “İctimai narahatlıq üçün əsas olsa da, mən tam məsuliyyətlə deyirəm ki, bu sahəyə nəzarət olunur. Daxili İşlər Nazirliyinin Kollegiyası və Respublika Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsi bu istiqamətdə prinsipiallıq və peşəkarlıq nümayiş etdirə bilir. Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirilən mübarizə tədbirləri nəticəsində belə halların qarşısı alınır.
Amma onu da deyim ki, sərhəddə ayıq-sayıq olmaq vacibdir. Qarşı tərəf, yəni qonşu ölkə ilə bağlı məsələlərə də diqqətlə yanaşmalıyıq. Dinimiz, imanımız, kitabımız bir olan qonşu ölkə Azərbaycan ərazilərinin 30 il işğal altında olduğu, dövlətimizin həmin ərazilərə nəzarət edə bilmədiyi dövrdə də bu vəziyyətdən həmişə faydalanıb. Hətta Azərbaycan tərəfinin İran əməkdaşlarının bu cinayətlərdə iştirakı ilə bağlı kifayət qədər məlumat və sorğularına qonşu ölkə heç vaxt vaxtında və dolğun cavab verməyib. Ümumiyyətlə, son illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsində xüsusi texniki aparatlardan, qurğulardan və yeni texnologiyalardan istifadə olunacağı gözlənilən idi. Amma Azərbaycan tərəfində həyata keçirilən təhlükəsizlik tədbirləri öz səmərəsini verir”.
Kriminoloq hesab edir ki, İran tərəfi də gələcəkdə süni intellektdən və texnologiyaların daha müasir imkanlarından istifadə etməyə çalışacaq: “Hətta süni intellektin inkişafı üçün müəyyən imkanlar yarandıqca, qarşı tərəfin bundan da yararlanacağını istisna etmirəm. İrana dəstək verən qüvvələr var. Beynəlxalq bazara nəzarət edən iri və güclü ölkələr mövcuddur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi mütəşəkkil cinayətkarlığın, hətta ölkə hüdudlarından kənara çıxdıqda transmilli mütəşəkkil cinayətkarlığın xüsusi növlərindən biridir. Bu sahədə çox böyük gəlirlər əldə olunur. Burada maraqlı olan ölkələr də mövcuddur. Ona görə Azərbaycan tərəfinin bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri peşəkarlığı və prinsipiallığı ilə yadda qalır.
Tam səmimi söyləyim ki, bu sahədə çalışan polis əməkdaşları İran vətəndaşları ilə bağlı məlumatlar əldə etsələr də, həmin şəxslərin ifşa olunması, ölkəyə gətirilməsi və cəzalandırılması, eləcə də narkotik qaçaqmalçılığı üçün istifadə edilən dəhlizlərin bağlanması istiqamətində görülən tədbirlər heç də həmişə nəticə vermir. Çünki İran tərəfi Azərbaycan tərəfinin ünvanladığı sorğuları heç vaxt əhatəli şəkildə cavablandırmır. Məsələn, il ərzində göndərilən 50 sorğudan cəmi beşinə cavab verilir.
Diqqət edin, Azərbaycanda saxlanılan vətəndaşların, demək olar ki, əksəriyyəti narkotik vasitələri tanımadıqları İran vətəndaşlarından əldə etdiklərini və aldıqlarını söyləyirlər. Nə qədər bəsit səslənən bir mesaj. Eyni zamanda, nə qədər ciddi ifadədir. Belə olan halda mübarizənin üsul və vasitələri də dəyişdirilməlidir və artıq dəyişdirilir. Cəmiyyətin bilmədiyi çox məqamlar var. Qarşı tərəfin bir müddət sonra pilotsuz uçuş aparatlarından, indi isə motorlu paraşütlərdən istifadə etdiyini görürük. Təbii ki, bu sahədə mübarizə də gücləndirilir”.
Şəmsəddin Əliyev xatırladıb ki, 2024-cü ildə 4 ton, 2025-ci ildə 6 tona yaxın, 2023-cü ildə isə 3 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb: “Yəni, mübarizə kifayət qədər sərt və prinsipialdır. Yəqin ki, 2026-cı ilin yekununda da təxminən 8 tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması proqnozu özünü doğruldacaq. Çünki qanunsuz dövriyyənin miqyası genişləndikcə aşkar olunan faktların sayında da artım müşahidə edilir. Burada qeyri-adi heç nə yoxdur. Ona görə də faktların çoxalmasına görə əndişələnməməliyik. Çünki narkotik dövriyyəsi mövcuddur və onunla mübarizə çərçivəsində aşkar edilən faktların sayı da artır”.
Afaq Mirayiq,
Musavat.com



