Media və Yayım Şurası: Söyüdlü kəndinin boşaldılacağı barədə iddialar əsassızdır

Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə yayılan iddialar əsassızdır.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Şuranın açıqlamasında qeyd olunub ki, Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış “YouTube” kanalında bu cür iddiaların paylaşılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.
Bildirilib ki, uydurma və şayiə xarakterli məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi təqdim edilməsi əhali arasında təşviş yaratmaq, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Şura vurğulayıb ki, sözügedən kanal əvvəllər də Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatlar yayıb.
Məsələ ilə əlaqədar müvafiq platformaya rəsmi müraciət ünvanlanıb. Şura şirkətin müraciəti operativ araşdıraraq dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addımlar atacağına əminliyini ifadə edib.
Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi açıqlamaları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları yaymaqdan çəkinməyə çağırıb.




