Güney Azərbaycanda insanlar rejimə qarşı etiraz aksiyası keçirdi…- FOTOLAR

Rəsmən İran İslam Respublikasının tabelyində olan Güney Azərbaycanın Zəncan şəhərində mənzil problemi ilə bağlı etiraz aksiyası keçirilib
Dövlətin mənzil layihələrindən ev almaq üçün ödəniş edən vətəndaşlar mənzillərin vaxtında təhvil verilməməsinə və tikinti xərclərinin artırılmasına etiraz ediblər.
Moderator.az xəbər verir ki, İran və xarici mənbələrin yaydığı məlumata görə, aksiya noyabrın 18-də (27 aban 1405) Zəncan əyalətinin Yol və Şəhərsalma Baş İdarəsinin qarşısında baş tutub.Hadisə barədə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) ilə yanaşı, İran Milli Müqavimət Şurasının (NCRI) ingilisdilli saytı və “Sima-ye Azadi” telekanalı da məlumat yayıb.

Zəncanda yarımçıq binalar…
Etirazçılar dövlətin Milli Mənzil Hərəkatı (Nehzət-e Melli-ye Maskən) layihəsi çərçivəsində mənzil almaq üçün ödəniş etdiklərini, lakin vəd edilən evlərin vaxtında təhvil verilmədiyini bildiriblər.
Qeyd edək ki, aksiyaya qadınlar da qoşulub.
Aksiya iştirakçılarının narazılığına tikinti xərclərinin artırılması və mənzil layihələrinin gələcək taleyinin qeyri-müəyyən qalması da səbəb olub. Vətəndaşlar aidiyyəti qurumlardan layihələrin vəziyyətinə aydınlıq gətirilməsini və mənzillərin təhvil verilməsi prosesinin sürətləndirilməsini tələb ediblər.
“NCRI”-nin noyabrın 18-də yaydığı xəbərdə Zəncanda mənzil gözləyən vətəndaşların gecikmələr, artan tikinti xərcləri və dövlət mənzil layihələrindəki qeyri-müəyyənlik səbəbindən etiraz etdikləri qeyd olunub.

Qeyd edək ki, Zəncanda Milli Mənzil Hərəkatı layihələri ilə bağlı narazılıqlar əvvəllər də gündəmə gəlib. İranın “Tasnim” xəbər agentliyi 2025-ci il dekabrın 1-də (10 azər 1404) Zənganda həmin layihələrin iştirakçılarının tikintinin ləngiməsi və əlavə ödəniş tələbləri ilə bağlı etiraz aksiyası keçirdiyini yazmışdı.
Hazırkı aksiya ilə bağlı İranın aidiyyəti dövlət qurumlarının rəsmi açıqlaması barədə məlumat əldə edilməyib.
S.Laçın



