Putin Tramp və Si ilə dünyanı bölməyə gəldi – onunla eyni süfrəni belə, bölüşmədilər –Çinin ikili münasibətindən 4 məqam…

Putin Tramp və Si Cinpinlə “yeni Yalta” qurmağa gəldi, amma Çində protokol münasibəti Moskva üçün heç də ürəkaçan olmadı…
Xəbər verildiyi kimi, Çinin Şençjen şəhərində noyabrın 18-də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti başlayıb. Tədbirdə Rusiya prezidenti Vladimir Putin də iştirak edir. Sammitin ikinci günü, yəni bu gün- 19 noyabrda Putinin ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli görüşünün keçirilməsi gözlənilir.
Maraqlıdır ki, belə bir görüşün təşəbbüskarı məhz Putin olub. Rusiya hakimiyyətinə yaxın media qarşıdakı təması indidən “yeni Yalta” adlandıraraq onu 1945-ci ildə Stalin, Çörçill və Ruzveltin dünya nizamının gələcəyini müzakirə etdiyi tarixi görüşlə müqayisə edirdi. Lakin sammitin ilk günündə baş verənlər Çinin Rusiya və ABŞ prezidentlərinə münasibətində ciddi fərqlərin olduğunu göstərib.
Moderator.az xəbər verir ki, “Meduza” nəşri bu fərqi ortaya qoyan aşağıdakı 4 diqqətçəkən məqamı təqdim edib:
1. Si Cinpin Putini deyil, Trampı şəxsən qarşıladı…
Rusiya prezidenti Vladimir Putin Şençjen hava limanına gəldikdə onu Si Cinpin qarşılamayıb. Rusiya liderini hava limanında Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, ölkənin yüksək vəzifəli rəsmiləri sırasında beşinci yerdə olan Tsay Tsi qarşılayıb.
ABŞ prezidenti Donald Trampın gəlişi zamanı isə mənzərə tamamilə fərqli olub. Si Cinpin şəxsən hava limanına gələrək amerikalı həmkarını təyyarənin trapı önündə qarşılayıb…
2. Putin gələndə “Şelkunçik” – balet musiqisi səsləndi, Tramp üçün isə ABŞ himni ifa olundu…
Putinin sammit məkanına gəlişi zamanı Rusiya dövlət himni səsləndirilməyib. Onun zala daxil olması Pyotr Çaykovskinin “Şelkunçik” baletindən musiqi parçasının müşayiəti ilə baş tutub.
Trampın gəlişi zamanı isə orkestr ABŞ-ın dövlət himnini ifa edib…
3. Ümumi foto zamanı Putini liderlərdən ayrı yerləşdirdilər…
Sammit iştirakçılarının birgə fotosu çəkilərkən də diqqətçəkən mənzərə yaranıb. Si Cinpin və Donald Tramp yanaşı dayanıb. Onların bir tərəfində Cənubi Koreyanın baş naziri Li Ce Myon, digər tərəfində isə Çin liderinin həyat yoldaşı Pen Liyuan yer alıb.
Video-görüntülərdən görünür ki, Tramp və Si Cinpin Putinlə əl sıxdıqdan sonra jestlərlə ona ayrıca dayanmalı olduğunu bildiriblər…
Beləliklə, Rusiya prezidenti ümumi fotoda ABŞ və Çin liderlərinin yanında deyil, onlardan kənarda yerləşdirilib…
4. Putin Trampla nahar süfrəsində də söhbət edə bilmədi…
Sammit iştirakçılarının şərəfinə təşkil olunan təntənəli ziyafətdə də Putinlə Trampın ünsiyyət qurması mümkün olmayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, iki lider fərqli masalarda əyləşdiyindən Putin ABŞ prezidenti ilə söhbət edə bilməyib… Uşakov növbəti gün onların danışmaq üçün vaxt tapa biləcəklərinə ümid etdiyini bildirib…
Beləliklə, Moskvada böyük geo-siyasi hadisə kimi təqdim olunan və hətta tarixi Yalta konfransı ilə müqayisə edilən sammitin ilk günü Rusiya üçün heç də gözlənilən mənzərəni yaratmayıb…
Çin liderinin Donald Trampı şəxsən qarşılaması, ABŞ himninin ifa olunması və onunla yanaşı dayanması, Putinə isə fərqli protokol münasibətinin göstərilməsi Şençjendə diqqətdən yayınmayan diplomatik mesajlara çevrilib…
Sultan Laçın
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button