ABŞ-yə səfər etmiş ilk azərbaycanlı – FOTO

1912-ci il aprelin 11-də Nyu-York limanına daxil olan gəmidən enən sərnişinlər arasında Qafqazdan gəlmiş azərbaycanlı bir ziyalı da vardı. ABŞ-yə ayaq basmış ilk azərbaycanlı kimi tarixə düşən bu şəxsi okeanın arxasındakı dünyaya aparan səbəb həmin dövrdə Azərbaycanda da özünə xeyli tərəfdaş tapmış bəhai inancının liderinə bağlı olması idi. Belə ki, bəhai lideri Əbdülbəhanı müşayiət edən heyətdə təmsil olunduğu üçün gəmi ilə yeni qitəyə yollanmışdı. Ana dili ilə yanaşı rus və fars dillərini də bilən bu şəxs Cənubi Qafqazdakı ictimai-ədəbi mühitdə kifayət qədər tanınan, bəhailiyin Qafqaz və Rusiyadakı ən əhəmiyyətli vasitəçisi olan Mirzə Ələkbər Naxçıvani idi.
Mirzə Ələkbər Məmmədxanov (Naxçıvani) 1865-ci ildə Naxçıvanın Ordubad bölgəsində anadan olub. Onun doğulduğu yer XIX əsrin ikinci yarısında Naxçıvan bölgəsinin mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri idi. Qacar dövləti ilə sıx əlaqələri, şəhərin tarixi maarifçilik ənənələri və regionda yayılan yeni dini ideyalar burada fərqli intellektual mühit formalaşdırmışdı. Ələkbərin ailəsi də həmin mühitin təsiri altında idi, anası Məsumə xanım dini axtarışları ilə seçilib. Ailə əvvəlcə babilik, daha sonra isə bəhailiklə əlaqə yaradıb. Bu amil Ələkbərin sonrakı dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
Bununla yanaşı Ələkbər dünyəvi təhsilə xüsusi maraq göstərib. Naxçıvan qəza məktəbini bitirib və 1882-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olub, lakin buradakı təhsili yarımçıq qalıb.

Bakı və yeni ictimai mühit
XIX əsrin sonlarında Bakı sürətlə inkişaf edən neft şəhərinə çevrilmişdi. Neft sənayesinin yaratdığı iqtisadi yüksəliş şəhərə Rusiya imperiyasının müxtəlif bölgələrindən, İrandan və Avropadan sahibkarları, mühəndisləri, tacirləri, ziyalıları və dini icmaları cəlb edirdi. Ələkbər də bu çoxmillətli və çoxmədəniyyətli mühitdə fəaliyyət göstərmişdi. O, bir müddət məşhur neft milyonçusu Musa Nağıyevin kontorunda çalışıb. Eyni zamanda Bakıdakı bəhai icmasının fəal üzvlərindən birinə çevrilib. Onun dil bilikləri və müxtəlif ictimai çevrələrlə əlaqə yaratmaq bacarığı sonrakı fəaliyyətində xüsusi əhəmiyyət daşıyıb. Belə ki, 1909-cu ildə Mirzə Ələkbər Bakından Yasnaya Polyanaya məktub göndərib. Məktubun ünvanlandığı şəxs Rusiya və dünya ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri olan Lev Tolstoy idi. Ələkbər Əbdülbəhanın çıxışlarından birini rus dilinə tərcümə edərək Tolstoya göndərib. Onun məqsədi Tolstoyun bəhailik haqqında məlumat əldə etməsinə şərait yaratmaq olub. Tolstoy məktuba cavab verib və bununla onların arasında yazışma başlayıb. Ələkbər sonrakı aylarda Tolstoya digər bəhai mətnlərini də göndərib. Tolstoy əvvəlcə Bəhailiklə maraqlansa da, ona təqdim edilmiş materiallarla daha yaxından tanış olduqdan sonra bu dini təlimə münasibətini tənqidi istiqamətdə formalaşdırıb. Mirzə Ələkbərin rus ədəbi mühiti ilə əlaqələri İzabella Qrinevskaya ilə münasibətlərində də davam edib. Qrinevskaya Bábın həyatına həsr edilmiş “Bab” dramını yazıb və əsər 1904-cü ildə Sankt-Peterburqda səhnəyə qoyulub. Babi və bəhai tarixi ilə maraqlanan dramaturq bu mövzuda əlavə məlumat və mətnlər əldə etmək üçün Ələkbərlə əlaqə saxlayıb. Onların yazışmaları sonradan şəxsi görüşlərlə də tamamlanıb. 1910-cu ilin sonlarında Qrinevskaya Əbdülbəha ilə görüşmək məqsədilə Misirə və Fələstinə səfər edib. Mirzə Ələkbər də bu səfərdə onu müşayiət edib və tərcüməçilik edib. Bu səfər Ələkbərin həyatında daha mühüm dəyişiklik yaradıb. O, Əbdülbəha ilə şəxsən tanış olub və bundan sonra onların əməkdaşlığı genişlənib.
1911-ci ildə Misirdə Əbdülbəha ilə görüşən Mirzə Ələkbər qısa müddət onun yanında qalıb. Bu görüşdən sonra Əbdülbəha ilə onun arasında yaxın şəxsi və işgüzar münasibətlər formalaşıb. Əbdülbəhanın Mirzə Ələkbərə göndərdiyi iyirmidən artıq məktub onların münasibətlərinin miqyasını göstərməkdədir. Bu məktublar sonralar Əli Naxçıvaninin atasının bioqrafiyasını hazırlayarkən istifadə etdiyi mühüm sənədlər arasında yer alıb.
.jpg)
Avropa və Amerikaya səfəri
1911-ci ildə Əbdülbəha Avropaya səfər edib. Mirzə Ələkbər də onunla birlikdə olub. Bristol, London və Parisdə keçirilmiş görüşlər zamanı Ələkbər tərcüməçi və köməkçi kimi fəaliyyət göstərib. Bu səfər onun Qərb dünyası ilə əlaqələrini genişləndirib və sonrakı beynəlxalq fəaliyyətinin əsasını formalaşdırıb. Lakin onun qarşısında daha böyük səfər dayanıb: 1912-ci il Amerika səfəri.
1912-ci il aprelin 11-də Əbdülbəha və onu müşayiət edən heyət Nyu-Yorka çatıb. Bu heyətdən bir qədər sonra “Mavritaniya” gəmisi ilə Liverpul limanından yola düşən Naxçıvani 1912-ci il iyunun 7-də Nyu-York buxtasındakı Ellis adasına qədəm qoyub və bu tarixi səyahətdə iştirak edib.
Əbdülbəha 11 aprel–5 dekabr 1912-ci il tarixləri arasında Şimali Amerikada səfərdə olub. Onun səkkiz aylıq səfəri 15 ştatda, eləcə də Kanadanın Kvebek və Ontario əyalətlərində yerləşən təxminən 44 yaşayış məntəqəsini əhatə edib.
Əbdülbəha universitetlərdə, dini icmalarda və ictimai toplantılarda çıxış edib. Onun çıxışlarında dünya sülhü, dinlərarası dialoq, qadın və kişi bərabərliyi, irqi ayrı-seçkiliyin aradan qaldırılması və bəşəri birliyin təmin olunması kimi məsələlər mühüm yer tutub. Mirzə Ələkbər bu səfər boyunca Əbdülbəhanın yaxın çevrəsində olub, təşkilati məsələlərdə və tərcüməçilik fəaliyyətində iştirak edib. Səfər zamanı ingilis dilini də daha intensiv şəkildə öyrənib. Bununla da onun çoxdilli fəaliyyət dairəsi daha da genişlənib.
Qafqazdan Orta Asiyaya
1912-ci il Amerika səfərindən sonra Mirzə Ələkbər bir müddət Hayfa və Akkada qalıb. 1914-cü ilin sonlarına qədər fasilələrlə Əbdülbəhanın yaxın çevrəsində fəaliyyət göstərib. 1914-cü ildə Hayfada Fatimə Təbrizi ilə evlənib. Nikah Əbdülbəhanın evində keçirilib. Həmin ilin sonunda Ələkbər həyat yoldaşı ilə birlikdə Bakıya qayıdıb. Birinci Dünya müharibəsinin yaratdığı çətinliklər və regionda baş verən siyasi dəyişikliklər fonunda ailə həyatını davam etdirib. Ailənin ilk övladı Hüseyn körpə yaşında vəfat edib. Daha sonra 1917-ci ildə Cəlal, 1919-cu ildə isə Əliullah dünyaya gəlib. Mirzə Ələkbər kiçik oğlunun gələcək həyatını görə bilməyib. Çünki Mirzə Ələkbərin səhhəti uzun müddət ağır olub. O, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkib. 1920-ci il dekabrın 31-də Bakıda Şüvəlan qəsəbəsində vəfat edib. O zaman onun kiçik oğlu Əliullahın cəmi bir yaşı olub. Ələkbərin ölümündən sonra Fatimə iki azyaşlı uşaqla qalıb. 1921-ci ildə ailə Azərbaycanı tərk edib. Ələkbərin şəxsi sənədlərinin mühüm hissəsi isə Bakıda qalıb. Sonrakı sovet dövründə dini icmalara qarşı təzyiqlər nəticəsində bu arxivin böyük hissəsi itib. Beləliklə, Mirzə Ələkbərin həyatını sonrakı nəsillər üçün bərpa etmək çətinləşib. Lakin onun həyatının izləri tamamilə yox olmayıb. Bir hissəsi Tolstoyun arxivində, bir hissəsi Qrinevskayanın sənədlərində, digər hissəsi isə Əbdülbəhanın yazışmalarında qorunub.
.jpg)
Atasını heç vaxt görməyən oğul
Mirzə Ələkbərin oğlu Əliullah Naxçıvani 17 sentyabr 1919-cu ildə Şüvəlanda anadan olub. Atası vəfat etdikdə onun bir yaşı tamam olmamışdı. 1921-ci ildə anası Fatimə onu və qardaşı Cəlalı götürərək Hayfaya gedib. Əliullah və Cəlal burada bəhai lideri Şövqü Əfəndinin himayəsində böyüyüblər. Əliullah uşaqlıqdan çoxmədəniyyətli mühitdə yaşayıb. Hayfada fransız və ərəb dillərində təhsil alıb, daha sonra American University of Beirutda ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb və 1939-cu ildə universiteti fərqlənmə ilə bitirib.
Universiteti bitirdikdən sonra Əliullah Naxçıvani İrana köçüb. Burada bəhai icmasının ictimai və təşkilati fəaliyyətində iştirak edib və 1950-ci ildə İran Bəhailərinin Milli Ruhani Məclisinə seçilib. Lakin onun həyatının əsas dönüş nöqtələrindən biri 1951-ci ildə baş verib. Həmin il həyat yoldaşı Violetta ilə birlikdə Uqandaya köçüb. O, burada müəllim və mühazirəçi kimi çalışıb, eyni zamanda Şərqi və Mərkəzi Afrikada yeni bəhai icmalarının formalaşmasına yardım göstərib. 1953-cü ildə Kameruna səfər edib və orada yeni icmaların yaranmasına kömək göstərib. Sonrakı illərdə Afrikadakı fəaliyyəti genişlənib və 1956–1961-ci illərdə Mərkəzi və Şərqi Afrika Bəhailərinin Milli Ruhani Məclisində fəaliyyət göstərib. 1961-ci ildə Əliullah Naxçıvani Beynəlxalq Bəhai Şurasına seçilib və Hayfaya köçüb. 1963-cü ildə isə Bəhailiyin ali idarəetmə orqanı olan Ümumdünya Ədalət Evinə seçilən doqquz üzvdən biri olub. O, bu vəzifədə 2003-cü ilə qədər, yəni qırx il fəaliyyət göstərib. Bu dövr ərzində dünyanın müxtəlif ölkələrinə səfər edib, beynəlxalq dini icmanın təşkilati və inzibati fəaliyyətində iştirak edib.
Əliullah Naxçıvaninin atasının həyatına marağı heç vaxt səngiməyib. Atasının sənədlərinin böyük hissəsinin itirildiyini bilsə də, müxtəlif ölkələrdə qorunmuş materialları toplamağa çalışıb. Əbdülbəhanın məktublarını, ailə sənədlərini, fotoşəkilləri və atasının həyatına dair digər materialları araşdırıb. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Əliullah Naxçıvani ölkəyə səfər edib. O, Bakı və Naxçıvana gedib, ailə ilə bağlı insanlarla görüşüb, atasının doğulduğu Ordubadı ziyarət edib və onun həyatının keçdiyi məkanları görüb.
2012-ci ildə Əbdülbəhanın Şimali Amerika səfərinin yüzilliyi qeyd edilərkən Əliullah Naxçıvani ABŞ-yə səfər edib. Bu səfər onun atasının həyatının araşdırılmasında mühüm rol oynayıb. Bir əsr əvvəl Mirzə Ələkbərin Əbdülbəhanın yanında göründüyü fotoşəkillər həmin tədbirlərdə nümayiş etdirilib. Amerikalı bəhailərin bir qismi fotoşəkillərdə Əbdülbəhanın yanında görünən şəxsin kimliyini bilməyib. Əliullah isə həmin şəxsin öz atası olduğunu bilib. Bu hadisə onun uzun müddət üzərində çalışdığı bioqrafik materialları nəşrə hazırlamaq qərarını daha da möhkəmləndirib. Beləliklə, bir əsr əvvəl atasının gəldiyi Amerikada Əliullah Naxçıvani atasının həyatına dair sənədlərin yenidən oxunmasına şahidlik edib. 2018-ci ildə Əliullah Naxçıvaninin atasının fəaliyyəti ilə bağlı kitabı nəşr edilib. Əliullah həmin vaxt 99 yaşında olub.
Kitab Mirzə Ələkbərin həyatını, onun Əbdülbəha ilə münasibətlərini, Bakıdakı fəaliyyətini və müxtəlif ölkələrə səfərlərini sənədlər əsasında təqdim edib. Əsərdə Əbdülbəhanın Mirzə Ələkbərə göndərdiyi məktubların yeni ingilis tərcümələri də yer alıb.



