Putin və Si Cinpin Tramp gəlməmişdən öncə mövqelərini uzlaşdırmağa çalışdılar…- Amma Si ABŞ prezidentini…

“Bu üç liderin maraqları da heç də tam üst-üstə düşmür. Putin müharibəni öz şərtləri ilə başa çatdırmağa və Rusiyanın nüfuz dairəsini bərpa etməyə, Tramp tez bir zamanda böyük diplomatik uğur əldə etməyə, Si Cinpin isə Çinin qlobal mövqelərini gücləndirməyə çalışır. Odur ki…”
Xəbər verildiyi kimi, 18 noyabr 2026-cı ildə Si Cinpin və Vladimir Putin Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində görüşüblər. Danışıqlar iki saatdan çox davam edib. Görüş həm məhdud, həm də geniş tərkibdə keçirilib. Artıq ABŞ prezidenti də sammit məkanına gəlib. Si Cinpin onu şəxsən təyyarə trapında qarşılayıb. Və  sabah – noyabrın 19-da isə Donald Trampın iştirakı ilə üçtərəfli görüş nəzərdə tutulur.
Moderator.az-ın araşdırmasından bəlli olur ki, bu görüşə yalnız Moskva-Pekin münasibətləri prizmasından baxmaq düzgün olmaz. Əsas maraqlı məqam Çinin Rusiya ilə münasibətlərini ABŞ-la münasibətlərindən necə ayırması, Moskvanın isə Pekindən hansı iqtisadi və siyasi dəstəyi gözləməsidir.
Görüşün ən maraqlı siyasi tərəflərindən biri onun keçirilmə ardıcıllığı və diplomatik protokoludur. Si Cinpin əvvəlcə Vladimir Putinlə ikitərəfli danışıqlar aparır, bundan sonra Donald Trampla görüşə hazırlaşır. Yəni ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşündən əvvəl Moskva ilə Pekin arasında ayrıca siyasi məsləhətləşmə mərhələsi baş tutur.
Kremlin müşaviri Yuri Uşakovun açıqlamasına görə, Putin Si Cinpinə ABŞ nümayəndələri ilə son təmasları, o cümlədən Əbu-Dabidə keçirilmiş danışıqlar barədə məlumat verməli idi. Tərəflərin Ukrayna məsələsini, beynəlxalq münasibətləri və qarşıdakı üçtərəfli görüşün gündəliyini müzakirə etməsi də nəzərdə tutulurdu.
Burada diqqət çəkən məqam odur ki, Putin Trampla görüşə Pekinin mövqeyindən xəbərsiz və ya Çinlə əvvəlcədən məsləhətləşmədən getmir. Əksinə, Moskva Vaşinqtonla münasibətlərində Pekinin mövqeyini də nəzərə almağa çalışır. Çin isə həm Rusiya, həm də ABŞ ilə ayrıca danışıqlar aparmaqla özünü üçtərəfli prosesin əsas diplomatik mərkəzi kimi təqdim edir…
Lakin bu, Putinlə Si Cinpinin bütün məsələlərdə eyni mövqedə olması demək deyil. Çin Ukrayna müharibəsi ilə bağlı öz diplomatik manevr imkanlarını qoruyur, Rusiya isə Pekindən daha konkret siyasi və iqtisadi dəstək gözləyir. ABŞ-la münasibətlərdə də onların maraqları tam üst-üstə düşmür.
Diplomatik protokolda daha maraqlı bir detal var…
Bu görüşün diqqətdən kənarda qalan ən maraqlı məqamlarından biri Si Cinpinin iki lideri fərqli səviyyədə qarşılamasıdır. 18 noyabrda Vladimir Putin Şençjenə gələndə onu hava limanında Si Cinpinin özü deyil, Çin Kommunist Partiyası Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, ölkənin ən nüfuzlu rəhbər şəxslərindən biri olan Tsay Tsı (Cai Qi) qarşılayıb. Bu, kifayət qədər yüksək səviyyəli protokol qarşılanması idi.  Ancaq Donald Tramp Çinə gələndə Si Cinpin özü hava limanına çıxaraq onu qarşılayıb və şəxsi salamlaşma zamanı qucaqlaşıb.
Bu detalı xüsusi vurğulamaq lazımdır: Si Cinpin Putini yüksək səviyyəli nümayəndəsinin qarşılaması ilə kifayətləndiyi halda, Trampı şəxsən qarşılayıb. Bunun simvolik tərəfi böyükdür. Tramp da 2026-cı ilin sentyabrında Si Cinpini Vaşinqtona səfəri zamanı hava limanında şəxsən qarşılamışdı. Beləliklə, Pekindəki qarşılanma müəyyən mənada həmin jestin qarşılıqlı cavabı kimi də görünür.  Bu protokol fərqini təsadüfi detal kimi qiymətləndirmək olmaz. Çin diplomatiyasında qarşılanma səviyyəsi, kimin şəxsən iştirak etməsi və liderlərin hansı şəraitdə görüşməsi siyasi mesaj daşıyır.
Pekinin Trampa göstərdiyi bu xüsusi diqqət ABŞ-ın qlobal siyasi və iqtisadi çəkisinin Çin üçün əhəmiyyətini nümayiş etdirir. Vaşinqtonla münasibətləri sabitləşdirmək, ticarət müharibəsinin qarşısını almaq, texnoloji məhdudiyyətləri müzakirə etmək və Tayvan məsələsində öz mövqeyini qorumaq Pekinin əsas maraqları sırasındadır.
Putinə gəldikdə isə Çin onu strateji tərəfdaş hesab etsə də, Moskva ilə münasibətlərdə artıq formalaşmış əməkdaşlıq mexanizmlərinə və siyasi əlaqələrə malikdir. Tramp isə ABŞ-ın iqtisadi və hərbi gücünə görə Pekinin ayrıca hesablaşmalı olduğu liderdir.
Əslində, Si Cinpinin verdiyi mesaj belə oxuna bilər: Rusiya Çin üçün strateji tərəfdaşdır, ABŞ isə onunla münasibətlərin gələcək beynəlxalq siyasi və iqtisadi nizamın formalaşmasına birbaşa təsir etdiyi rəqib və danışıqlar tərəfidir.
Məhz buna görə də Si Cinpinin Trampı şəxsən qarşılaması, Putini isə Tsay Tsının qarşılaması bu üçtərəfli görüşün ən maraqlı diplomatik simvollarından biridir. Bu, tərəflərin bərabərhüquqlu tərəfdaşlıq barədə bəyanatlarından fərqli olaraq, Pekinin ayrı-ayrı liderlərə münasibətdə hansı diplomatik prioritetləri önə çəkdiyini göstərir.
Yalta təkrarlanacaq, yoxsa bu da növbəti diplomatik tamaşaya çevriləcək?..
Bütün bunların fonunda sabah Şençjendə keçiriləcək üçtərəfli görüşlə bağlı ən böyük sual budur: Donald Tramp, Vladimir Putin və Si Cinpin həqiqətən Ukraynada müharibənin dayandırılması üçün razılığa gələ biləcəklərmi, yoxsa dünyanın nüfuz dairələrinə yenidən bölüşdürülməsi istiqamətində hansısa razılaşmanın əsasını qoymağa çalışacaqlar? Bu görüş istər-istəməz 1945-ci il Yalta konfransını xatırladır. Həmin vaxt üç böyük dövlətin rəhbərləri müharibədən sonrakı dünyanın siyasi xəritəsini müəyyənləşdirirdilər. İndi isə oxşar bir ssenarinin təkrarlanacağı barədə narahatlıqlar var: Ukraynanın taleyinin Ukraynanın öz iştirakı olmadan, Avropanın təhlükəsizlik maraqlarının isə Avropa liderləri masada olmadan müzakirə edilməsi. Lakin bu üç liderin maraqları da heç də tam üst-üstə düşmür. Putin müharibəni öz şərtləri ilə başa çatdırmağa və Rusiyanın nüfuz dairəsini bərpa etməyə, Tramp tez bir zamanda böyük diplomatik uğur əldə etməyə, Si Cinpin isə Çinin qlobal mövqelərini gücləndirməyə çalışır. Odur ki, Şençjendə hansısa ümumi siyasi anlaşmanın əldə olunması ehtimalı olsa da, bunun Ukraynada tezliklə və ədalətli sülhə gətirib çıxaracağına inanmaq üçün hələ ciddi əsas yoxdur. Ən başlıcası, böyük dövlətlərin öz aralarında razılığa gəlməsi hələ müharibənin qurbanı olan xalqın həmin razılaşmanı qəbul etməsi demək deyil. Bəlkə də sabahkı görüşün ən mühüm sınağı məhz bu olacaq: üç lider dünyanı öz aralarında bölüşdürməyə çalışacaqlar, yoxsa həqiqətən müharibəni dayandırmaq üçün Ukraynanın suverenliyini və xalqının iradəsini nəzərə alan bir yol tapa biləcəklər?..
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button