Paşinyan: Sanksiya riski səbəbindən İranın təklifinə müsbət cavab verə bilmirik

“Ermənistan hökuməti İran nefti ilə fəaliyyət göstərəcək neft emalı zavodunun (NEZ) tikintisi layihəsini iranlı tərəfdaşlarla müzakirə etməyə hazırdır”.
Polise.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ilk növbədə layihənin həyata keçirilməsinin Ermənistan üçün sanksiya riskləri yaradıb-yaratmayacağı müəyyənləşdirilməlidir.
Paşinyan deyib ki, 2023–2024-cü illərdə Ermənistan hökumətinin nümayəndələri NEZ üçün avadanlıq almaq məqsədilə Qərb istehsalçılarına müraciət etsələr də, rədd cavabı alıblar:
“Bizə bildirdilər ki, bizə avadanlıq sata bilməzlər. Çünki həmin avadanlıq İran neftinin emalında istifadə olunarsa, istehsalçıların özləri də sanksiyalara məruz qala bilərlər. Bu problemi həll etmək mümkün olarsa, layihəni müzakirə edə bilərik”.
O əlavə edib ki, İrəvan Ermənistanın sanksiyalara məruz qalması riski olmadan layihənin həyata keçirilməsinin mümkünlüyünü müəyyənləşdirmək üçün ABŞ və Avropa İttifaqı ilə məsləhətləşmələr aparmaq niyyətindədir: “Belə bir imkanın mövcud olduğu təqdirdə Ermənistan tərəfi zavodun tikintisində maraqlıdır”.
Xatırladaq ki, İranın neft naziri Həmid Bord bundan əvvəl Tehranda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanla görüşündə Ermənistan ərazisində NEZ-in tikintisinə dair uğurlu danışıqlar aparıldığını bəyan etmişdi.



