Azərbaycanda 10 ayda 2 781 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib

2026-cı ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 78 905 nəfər istiqamətləndirilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5 602 nəfərdən 2 781 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən isə ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-cı ilin oktyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 nəfəri (3,7 faiz) inyeksion narkotik istifadəçisi olub.
Polise.az



