Bakı və Pekinin birgə imzası

Qitələri birləşdirən yollara dövlətlərin strateji iradəsi “yaşıl işıq” yandırır
2025-ci il aprelin 23-də qəbul edilən “Hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Ortaq Bəyannamə” Azərbaycan-Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək, ikitərəfli əməkdaşlığa daha geniş geosiyasi məzmun qazandırdı.
Qlobal miqyasda qütbləşmə meyillərinin dərinləşdiyi, ənənəvi təhlükəsizlik institutlarının böhran keçirdiyi hazırkı mərhələdə Pekin ilə Bakının strateji müttəfiqlik formatına keçməsi Avrasiya məkanında yeni güc balansının formalaşmasını şərtləndirir. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əldə olunan tarixi razılaşma iki dövlətin qlobal siyasətə baxışlarının tam üst-üstə düşdüyünü nümayiş etdirdi. Rəsmi Bakı və Pekin beynəlxalq münasibətlərdə kənar diktələrə və hegemonluq iddialarına qarşı çıxaraq suveren bərabərlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan daha ədalətli dünya nizamının formalaşmasını dəstəkləyirlər.
İkitərəfli siyasi əlaqələrin möhkəm təməlini qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün qeyd-şərtsiz müdafiəsi təşkil edir. Azərbaycan Vahid Çin siyasətini qətiyyətlə dəstəkləyir, Tayvanın Çin Xalq Respublikasının ayrılmaz parçası olduğunu bəyan edir və Tayvanın müstəqilliyinə yönələn hər hansı cəhdi rədd edir. Eyni prinsipiallıqla Çin tərəfi Azərbaycanın suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını açıq şəkildə dəstəkləyir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sen-
tyabr ayında həyata keçirilən lokal antiterror əməliyyatında ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın qazandığı tarixi zəfər Pekin tərəfindən beynəlxalq hüququn təmin edilməsi kimi qəbul olundu. Hər iki paytaxt separatizmin istənilən təzahürünə qarşı qətiyyətli mübarizə xətti yürüdür.
Qlobal idarəetmə sistemində müşahidə olunan ikili standartlar və siyasi təzyiq cəhdləri Bakı ilə Pekinin bir sıra beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etməsini şərtləndirir. İnsan haqları və demokratiya kimi prinsiplərdən bəhanə kimi istifadə etməklə suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməsi, eləcə də sanksiya prosesləri vasitəsilə onlara təzyiq göstərilməsi hər iki ölkə tərəfindən qəbuledilməz hesab olunur. Bakı və Pekin beynəlxalq münasibətlərdə güc tətbiqinə, hegemonluq iddialarına və süni qarşıdurmaların yaradılmasına qarşı çıxaraq regional və qlobal təhlükəsizliyin qorunmasını prioritet sayırlar. Hər iki tərəfin mövqeyinə görə, müstəqil dövlətlər öz milli inkişaf modellərini və siyasi seçimlərini kənar müdaxilə olmadan müəyyənləşdirmək hüququna malikdirlər.
***
Geostrateji baxımdan Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın təşviq etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) uzlaşması Avrasiyanın nəqliyyat xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Bu əməkdaşlıq yalnız tranzit əlaqələrinin genişləndirilməsi ilə məhdudlaşmır, həm də qitənin iqtisadi və geosiyasi təhlükəsizliyinə töhfə verir. Çindən Avropaya uzanan ticarət yollarının fasiləsizliyinin təmin edilməsi, xüsusilə dəniz marşrutlarında risklərin artdığı şəraitdə alternativ və etibarlı quru nəqliyyat dəhlizlərinin inkişafını strateji zərurətə çevirir. Azərbaycanın Xəzər hövzəsində formalaşdırdığı müasir liman, dəmir yolu və logistika infrastrukturu Orta Dəhlizin ötürücülük imkanlarını genişləndirərək Çinin Avropa bazarlarına çıxışını asanlaşdırır.
BMT çərçivəsində aparılan ardıcıl əməkdaşlıq Azərbaycan-Çin münasibətlərinin qlobal miqyasını və diplomatik koordinasiyasını nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin mövqeyi Azərbaycanın maraqlarına zidd qərəzli təşəbbüslərin qarşısının alınmasında mühüm rol oynayıb. Eyni zamanda Bakı BMT Baş Assambleyasında və digər beynəlxalq platformalarda Çinin həssas məsələlərə dair mövqeyini dəstəkləyir. Müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq qurumlarda nümayiş etdirilən qarşılıqlı həmrəylik iki ölkə arasında diplomatik etimadın və siyasi koordinasiyanın mühüm göstəricisidir.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq Azərbaycan-Çin münasibətlərinin inkişafında mühüm yer tutur. 2024-cü il iyulun 3-də Astanada ŞƏT-in Zirvə toplantısı çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Ortaq Bəyannamə iki ölkə arasında münasibətləri yeni geosiyasi mərhələyə yüksəldərək, 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlığa keçid üçün zəmin yaratdı. Azərbaycanın təşkilatla əməkdaşlıq formatının genişləndirilməsi istiqamətində atdığı addımlar Avrasiya məkanında regional bağlantıların və təhlükəsizlik əməkdaşlığının inkişafı baxımından əhəmiyyət daşıyır. ŞƏT çərçivəsində terrorizm, separatizm və ekstremizmə qarşı birgə mübarizə isə Bakı və Pekinin ortaq təhlükəsizlik maraqlarının mühüm istiqamətlərindən birini təşkil edir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsü Azərbaycan tərəfindən yüksək qiymətləndirilir və fəal şəkildə dəstəklənir. Bölünməz təhlükəsizlik konsepsiyası dövlətlərin başqasının təhlükəsizliyi hesabına təhlükəsizlik əldə edə bilməyəcəyini bəyan edir ki, həmin prinsip Azərbaycanın xarici siyasət fəlsəfəsi ilə tam uzlaşır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlər-
arası Dialoq Forumu Çinin irəli sürdüyü sivilizasiyalararası dialoq baxışını tamamlayır. Qərbdə körüklənən islamofobiya və ksenofobiya meyillərinə qarşı Pekin və Bakının tolerantlıq, mədəni müxtəliflik prinsiplərini müdafiə etməsi qlobal sülhün qorunmasına töhfə verir.
Azərbaycan və Çin arasında siyasi dialoqun institusionallaşması dövlət başçıları səviyyəsində formalaşan qarşılıqlı etimad və etibarlı münasibətlərə əsaslanır. Prezident İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında mövcud olan siyasi dialoq ikitərəfli əlaqələrin bütün istiqamətlərində əməkdaşlığın genişlənməsinə təkan verir. Xarici işlər nazirlikləri səviyyəsində keçirilən müntəzəm strateji məsləhətləşmələr, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələr bu dialoqun institusional əsaslarını möhkəmləndirir. Hakim partiyalar arasında siyasi təcrübə mübadiləsi və müntəzəm təmaslar isə qlobal çağırışlara dair fikir mübadiləsinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə imkan yaradır.
Qarşıdakı onilliklərin geosiyasi mənzərəsi Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın regional çərçivələri aşaraq qlobal miqyasda əhəmiyyət qazandığını göstərir. Avrasiyanın Şərqi ilə Qərbini birləşdirən nəqliyyat, iqtisadiyyat və təhlükəsizlik bağlantılarının möhkəmlənməsində Bakı ilə Pekinin ortaq maraqları və siyasi iradəsi mühüm rol oynayır. Çinin Cənubi Qafqazda Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verməsi rəsmi Bakının balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun mühüm nəticələrindən biridir. Tərəflər arasında imzalanan sənədlər isə gələcək əməkdaşlığın institusional, hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, çoxtərəfli təhlükəsizlik proseslərinin inkişafına və qitələrarası nəqliyyat-kommunikasiya xətlərinin etibarlılığının artırılmasına yeni imkanlar açır.
Yusif Şərifzadə
XQ



