Dinc qonşuluğun yolu ticarətdən keçir

Cənubi Qafqazda səngərləri iqtisadi əməkdaşlıq əvəz edir
Sərhəddən keçən ilk yük maşını, bir ölkənin istehsal etdiyi məhsulun digər ölkənin bazarında satılması, sahibkarlar arasında bağlanan müqavilələr bəzən siyasi bəyanatlardan daha təsirli olur. Çünki ticarət dövlətləri və insanları ortaq maraqlar ətrafında birləşdirir. Bir ölkənin sahibkarı qonşu ölkənin bazarında maraqlı olduqda, istehsalçı etibarlı tərəfdaş qazandıqda, istehlakçı keyfiyyətli məhsul əldə etdikdə sülh yalnız siyasi məqsəd deyil, iqtisadi zərurətə çevrilir.
Bu gün Cənubi Qafqazda onilliklər boyu davam edən qarşıdurmanın yerini siyasi-iqtisadi gündəlik tutur. Sərhədlərdən keçən yüklər, tranzit yolları və yanacaq tədarükü bölgənin gələcək mənzərəsini dəyişir.
Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycandan Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib. İlk baxışdan həmin dövrdə Azərbaycanın 43 milyard dollarlıq ümumi xarici ticarət dövriyyəsi fonunda bu göstərici kiçik görünə bilər. Lakin məsələyə yalnız quru rəqəmlərin gözü ilə baxmaq doğru olmazdı. Onilliklər boyu sərhədləri qapalı qalmış və heç bir iqtisadi, yaxud humanitar təması olmayan iki ölkə üçün bu rəqəmin siyasi və psixoloji çəkisi milyardlarla ölçülür.
Bu, sadəcə, mal mübadiləsi deyil, Cənubi Qafqazda otuz ildən artıq davam edən düşmənçilik buzlarının əriməsinin, qapalı qapıların açılmasının və yeni regional reallığın rəqəmlərlə ifadəsidir. Bu gün 23,7 milyon dollarla başlayan iqtisadi körpü gələcəkdə daha böyük ticarət dövriyyəsinin, ortaq logistika layihələrinin və qarşılıqlı asılılığın ilk müjdəçisidir. Tarix göstərir ki, böyük sülhə və əməkdaşlığa aparan yollar belə təvazökar, sadə addımlarla başlayır. Çünki ticarətin başladığı yerdə artıq silahların dili susur, yerini qarşılıqlı fayda və sabitlik məntiqi tutur.
Burada əsas məsələ ticarətin bugünkü həcmi yox, onun daşıdığı siyasi məna və açdığı yeni mərhələdir. Ermənistan bazarına Azərbaycan məhsullarının daxil olması rəsmi Bakının irəli sürdüyü sülh gündəliyinin real nəticələr verdiyini təsdiqləyir.
Vaşinqton razılaşmasından tədrici əməkdaşlığa
Azərbaycan–Ermənistan münasibətlərində bu istiqamətdə əsas dönüş nöqtəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş və sülh sazişinin mətninin paraflanması oldu. Bu tarixi hadisə münasibətlərin normallaşmasına yol açaraq kommunikasiyaların bərpası və əməkdaşlıq üçün zəruri siyasi zəmin yaratdı. Razılaşmaların kağız üzərində qalmaması üçün praktik addımlar atılmalı idi və bu məsələdə də ilk təşəbbüsü Azərbaycan göstərdi. 2025-ci ilin oktyabrında Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldı. Ardınca Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılması regional əməkdaşlığın ilk real nümunəsinə çevrildi. Beləliklə, tərəflərin gündəliyi artıq keçmişin ağrılarını müzakirə etməkdən uzaqlaşaraq gələcəyin ortaq mexanizmlərini qurmağa yönəldi. Prosesin ən mühüm özəlliyi isə əməkdaşlığın insanların gündəlik həyatına birbaşa təsir göstərməsidir. Dünənə qədər bağlı olan yollardan bu gün yüklərin daşınması Ermənistana regional təcriddən çıxmaq imkanı yaratmaqla yanaşı, münaqişənin illərlə dondurduğu iqtisadi potensialı yenidən hərəkətə gətirdi
Burada diqqətçəkən mühüm siyasi məqam da var. Artıq gərginlik təkcə diplomatik prosesləri ləngitmir, həm də sahibkarın gəlirinə və sadə vətəndaşın süfrəsinə birbaşa zərbə vurur. Əməkdaşlıq isə bütün tərəflərə real fayda qazandırır. Nəticədə sülhün qorunması dövlətlərlə yanaşı, sadə insanların da şəxsi marağına çevrilir. Ticarət keçmişin ağrılarını bir gündə unutdurmasa da, gələcək naminə ortaq maraqlar formalaşdırır. İki ölkə arasında ticarət sülhün dayağına çevrilir.
Hərbi texnikanın yerini yük dolu qatarlar tutanda
Bu gün bölgədə baş verənlərə baxanda bir həqiqət açıq-aydın görünür. Bu həqiqətə görə, sülhü ayaqda saxlamaq üçün təkcə masada verilən siyasi qərarlar bəs etmir, ortada həm də hamının qazana biləcəyi ortaq maraqlar olmalıdır. Artan ixrac, yanacaq tədarükü, yüklərin Azərbaycan üzərindən daşınması, sadə insanların və cəmiyyətlərin danışmağa başlaması eyni şəklin bir-birini tamamlayan hissələridir. Rəqəmlər də artıq kağız üzərindəki niyyətlərin real işə çevrildiyini deyir. 23,7 milyon dollarlıq ticarət otuz illik buzların əriməsinin və yeni dövrün ilk addımlarının canlı sübutudur.
İndi Bakı ilə İrəvan arasında qurulan ticarət körpüləri təkcə iki ölkənin məsələsi olmaqdan çıxaraq bütün Cənubi Qafqazın ab-havasını dəyişir. Üstəlik, bu yaxınlaşma yalnız Azərbaycanla Ermənistana yox, Türkiyədən Gürcüstana, oradan da Mərkəzi Asiyaya qədər uzanan böyük bir coğrafiyaya təzə nəfəs gətirir. Beləcə, bölgənin təhlükəsizliyi uzaq paytaxtlardan gələn vasitəçilərin ümidinə qalmır, birbaşa bu torpaqlarda yaşayan insanların və dövlətlərin öz əlinə keçir.
Bəli, Cənubi Qafqaz onilliklər boyu müharibənin, dağıntıların və bağlı qapıların ağır yükünü çəkib. İndi isə tarix bizə bağlı yolların açılması, ticarətin canlanması və gələcək nəsillərə barıt qoxusu yox, firavanlıq və arxayınlığın miras qalması üçün nadir fürsət verib. Çünki siyasət sülhün qapısını açır, iqtisadiyyat isə o qapının bir daha örtülməsinə imkan vermir.
Təbii ki, ticarət illərin ağrısını və siyasi fikir ayrılıqlarını bir göz qırpımında silib aparmır. Qalıcı sülh üçün sərhədlərə hörmət də vacibdir, verilən sözlərin və imzalanan öhdəliklərin tam yerinə yetirilməsi də. Amma məhz belə həssas məqamda ortaq qazanc ən etibarlı sığortadır. Sərhəddən keçən hər yük maşını, relslərin üstü ilə gedən hər qatar, bağlanan hər yeni müqavilə sülhün divarına hörülən daşdır. Çünki o vaqonlarda təkcə mal və məhsul deyil, həm də insanlar arasında yeni ünsiyyət bağları, dövlətlər arasında ortaq maraqlar və sabahın dinc günlərinə olan inam daşınır.
Mahir ZEYNALOV,
iqtisadi şərhçi
Cənubi Qafqazda silahların susması və atəşkəsin təmin olunması, şübhəsiz, çox mühüm siyasi nəticədir. Lakin regionun uzunmüddətli gələcəyi, sabitliyi və davamlı inkişafı baxımından əsas strateji hədəf bu sükutun dönməz, institusional və etibarlı sülhə çevrilməsidir. Bunun reallaşması üçün isə regional ticarət əlaqələri, qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlıq, etimad quruculuğu tədbirləri və davamlı siyasi dialoq bir-birini tamamlayaraq paralel şəkildə inkişaf etdirilməlidir.
Biz anlamalıyıq ki, sülh, sadəcə, müharibənin və hərbi əməliyyatların olmaması deyil, həm də iqtisadi yüksəliş və sosial rifah üçün yaranan yeni imkanlar mühitidir. Əsl sülh insanların öz doğma yurdlarında rahat işləməsi, sərhədlərarası azad ticarət etməsi, layiqli rifah qazanması və həm özünün, həm də övladlarının gələcəyini tam təhlükəsiz hesab etməsidir. Dövlətlər arasında siyasi etimadın, cəmiyyətlər arasında isə canlı ünsiyyət və iqtisadi bağların möhkəmlənməsi üçün ortaq infrastruktur layihələri, nəqliyyat-logistika dəhlizləri və ticarət əlaqələri məhz bu baxımdan həlledici əhəmiyyət daşıyır. Çünki iqtisadi maraqların kəsişdiyi və ortaq qazancın formalaşdığı məkanda yeni gərginlik ocaqlarının yaranması bütün tərəflər üçün sərfəsiz olur.
Dünya və tarixi təcrübə də göstərir ki, sülhə aparan etibarlı yollardan biri məhz ticarətdən keçir. Çünki ticarət tərəfləri və insanları ortaq iqtisadi maraq ətrafında birləşdirir, qarşılıqlı fayda verən əməkdaşlıq tədricən dərin etimad mühiti yaradır, möhkəmlənən etimad isə regionda davamlı, sarsılmaz və hamıya rifah gətirən sülhün sarsılmaz əsasını qoyur.
Pünhan ƏFƏNDİYEV
XQ



