Putin Kremldə Paşinyandan Zəngəzur-“TRİPP” yolunun “FSB”-nin nəzarətinə verilməsini tələb edəcək…- “PAST”

Rusiyanın Ermənistanla münasibətlərdə yeni tələblər irəli sürməyə hazırlaşdığı bildirilir. Moskvanın Baş nazir Nikol Paşinyanla aparılacaq danışıqlarda həm Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasəti, həm də TRİPP marşrutunun gələcəyi ilə bağlı məsələləri gündəmə gətirəcəyi iddia olunur.
Moderator.az xəbər verir ki, Ermənistanın NEWS.am nəşrinin “Past” qəzetinə istinadla yaydığı məlumata görə, Rusiya tərəfi Paşinyanla danışıqlarda iki əsas məsələni müzakirə etməyi planlaşdırır.
İlk tələb Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaq niyyətini ifadə edən qanunla bağlıdır. Moskvanın İrəvandan həmin qanunu geri götürməyi tələb edə biləcəyi bildirilir.
İkinci və region üçün daha diqqətçəkən məsələ isə Trampın sifarişi ilə “TRİPP” adlandırılmış Zəngəzur marşrutu ilə əlaqədardır. Məlumata əsasən, Rusiya bu marşrut boyunca öz sərhədçilərinin, yəni “FSB”nin sərhəd qoşunlarının yerləşdirilməsini və yolun təhlükəsizliyinin onların nəzarətinə verilməsini istəyir.
Bu iddialar reallaşacağı təqdirdə, Ermənistanın xarici siyasət istiqaməti və regionda nəqliyyat-kommunikasiya xətlərinin idarə olunması ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər.
Xüsusilə TRİPP marşrutunda Rusiya sərhədçilərinin yerləşdirilməsi ehtimalı diqqət çəkir. Çünki bu məsələ Cənubi Qafqazda nəqliyyat yolları üzərində nəzarət və regional güclərin maraqları baxımından mühüm əhəmiyyət daşıyır.
Hələlik sözügedən tələblərlə bağlı Rusiya və Ermənistan tərəfindən rəsmi təsdiq verilməyib.
S.Laçın

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button