Azərbaycanın qızıl yataqlarını ermənilərlə birgə istismar edən şirkətlər bütün dünya boyu təqib ediləcək…
Şəmsəddin Əliyev: “Bununla bağlı görüləcək işlərin hüquqi perspektivi var”
“Bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır: “Bizdə şirkətlərin adları var. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqlar. Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Çünki başqa ölkədə təbii sərvətləri qanunsuz istismar edib, ondan gəlir qazanıb varlanan şirkətlərə, insanlara müasir dünyada yer yoxdur. Ona görə onların qarşısında məsələ qoyulub, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə biz beynəlxalq məhkəmələrə müraciət etməyə bilərik”.
Göründüyü kimi, Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar edən xarici şirkətlər buna görə cavab verməli olacaqlar. Onların sözügedən qanunsuz fəaliyyəti cəzasız qalmayacaq.
“Xarici şirkətlər Ermənistanın təhriki ilə bu işə qoşulsalar da, bu, onları məsuliyyətdən xilas etmir”
Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, bununla bağlı görüləcək işlərin hüquqi perspektivi var: “Çünki ortada çox ciddi və tutarlı faktlar mövcuddur. Azərbaycan ərazisində mövcud olan bütün yerüstü və yeraltı sərvətlər ölkəmizə məxsusdur. Azərbaycanın icazəsi olmadan hansısa xarici şirkətin həmin sərvətlərin istismar olunmasında iştirak etməsi qanunsuzdur və beynəlxalq hüquqa ziddir. Sözügedən sərvətlərin mənimsənilməsində xarici şirkətlərin iştirakı yolverilməzdir. Bu həm Azərbaycanın mülki qanunvericiliyinə ziddir, həm də beynəlxalq hüquqa. Xarici şirkətlər Ermənistanın təhriki ilə bu işə qoşulsalar da, bu, onları məsuliyyətdən xilas etmir. Çünki bununla bağlı Ermənistanla bağlanan müqavilələrin hüquqi əsası yoxdur. Ona görə də Azərbaycan onları beynəlxalq məhkəməyə verəcək və dəymiş zərərin ödənilməsini tələb edəcək. Hesab edirəm ki, bu çox ciddi məsələdir və heç kəsin bu yöndə görüləcək işlərlə bağlı zərrə qədər də olsun şübhəsi olmamalıdır”.
Hüquqşünas hesab edir ki, vaxt itirmədən bu istiqamətdə işləri sürətləndirmək lazımdır.