“Türkiyə masada əyləşməsə də meydandadır” – ekspertlərdən maraqlı açıqlamalar
Ekspertlər deyir ki, bütü məsələlər plana uyğun şəkildə davam edir, qardaş ölkə qərarların qəbulunda iştirak edir
Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda Rusiyanın vasitəçi rolu ortadadır. Masada fiziki mənada da üçüncü dövlət kimi məhz Rusiya əyləşib. Danışıqlar masasında Türkiyənin olmaması Azərbaycan ictimaiyyətində narahatlıq da yaradır. O baxımdan ki, Türkiyə savaşın tam mərkəzindəydi. Qardaş ölkənin masada olmaması onun Azərbaycana hərbi-siyasi-texniki-mənəvi-informativ dəstəyinin olmasını əngəlləmədi. Hazırda isə Türkiyə Silahlı Qüvvələrinə aid hərbi təyyarələrin Azərbaycana eniş-qalxışının intensiv dövrüdür. Lakin bunu nə Ankara çox qabardır, nə rəsmi Bakı. Azərbaycan xalqı isə bu təyyarələrin gəliş-gedişindən məmnundur. Siyasi təhlilçilər hesab edir ki, dövlət xalqın məmnun qaldığı prosesin dərinləşməsini, Türkiyənin danışıqlar masasında iştirakını təmin etmək xəttini yürütməkdə davam eləməlidir, hərbi ittifaq daha da dərinləşməlidir.

Bu barədə danışan politoloq Əhəd Məmmədli bildirdi ki, Türkiyə birbaşa danışıqlar masasında əyləşməsə də qardaş ölkə siyasi-hərbi cəhətdən Azərbaycandadır. Bu, artıq hər kəsə məlumdur və hər kəs bunu təbii qəbul etməlidir: “Təkcə təyyarələr məsələsi deyil, eyni zamanda rayonlarda da kontingent yerləşir. Bizim üçün əsas budur. Danışıqlar masasında birbaşa-fiziki mənada Türkiyə oturmasa da prosesə ciddi təsir edir. Türkiyə silahlı qüvvələrinin Qarabağda yer alması bizim üçün daha vacibdir və daha böyük təsir gücünə malik amil budur. Azərbaycanla Türkiyə arasında hərbi ittifaq var. Azərbaycanın istəyi ilə Türkiyə hərbi qüvvələri burada prosesə müdaxilə edə bilər. İki gün öncə prezident Ərdoğan bir daha bəyan elədi ki, Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək. Azərbaycan dövləti Türkiyə ilə əməkdaşlığı hər gün daha da dərinləşdirmək yolunda olmalıdır. Başqa dövlətlərin bundan qıcıqlanmasına əsas yoxdur”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 12-də səfirlərlə görüşündə ölkəsinin 44 günlük müharibədə ciddi rol oynadığını açıq şəkildə bəyan edib. Bu, bütün dünyaya, o cümlədən Rusiyaya mesaj idi ki, sizin 30 ilə həll edə bilmədiyiniz problem yalnız Türkiyə məsələyə qoşulandan və Azərbaycan dövlətinin iradəsi ortaya gələndən sonra çözülə bildi: “Cənab Ərdoğanın bu açıqlamasını həm də o tərəfdən dəyərləndirə bilərik ki, Türkiyə meydandadır, Qarabağ prosesinin tamhüquqlu iştirakçısı, bəlkə də əsas iştirakçısıdır. Türkiyədən hərbi təyyarələr gəlir, bunu hər kəs görür, heç kəs, o cümlədən Rusiya etiraz etmir. Etiraz etməyə əsas da ola bilməz. Deməli, hər şey plana uyğun şəkildə davam edir, Türkiyə qərarların qəbulunda iştirak edir. Masa ətrafında oturmaq vacib deyil, masada oturmadan da prosesləri idarə etmək mümkündür”.



