Paşinyan va-bank gedir, Köçəryan isə… – İrəvanda siyasi ehtiraslar qızışır

Ermənistanın müxalif qüvvələri baş nazir Nikol Paşinyanla haqq-hesab çürütməyin qanuni yolunu tapa bilmir. Paşinyan və komandası neçə vaxtdır “İstefa” tələbini ümumiyyətlə, ciddiyə almır və ölkə gündəmini özü diktə eləməyə çalışır.

Çünki xalqın əksəriyyətinin “İstefa”ya laqeyd olduğuna artıq özü üçün əminlik hasil edib. Başqa sözlə, əhalinin böyük bir kəsimi radikal müxalifətin səmimiliyinə inanmır və sonuncunun fəallaşmasını ilk növbədə hakimiyyət hərisliyinə bağlayır.

Yada salaq ki, Nikol Paşinyan neçə vaxtdır siyasi opponentlərə erkən parlament seçkiləri keçirib yeni baş naziri müəyyənləşdirməyi təklif edir. Özünə və elektorata əmin olmayan müxalifət isə buna qarşıdır və belə görünür, “sorosçu” baş naziri qeyri-konstitusion yolla devirməkdə israrlıdır. Ölkədə Paşinyanı öldürməyə çağıran vərəqələrin yayılması buna növbəti sübutdur. Lakin o da var ki, hüquq-mühafizə orqanları, ordunun qalıqları hələ ki, baş nazirə sədaqətini qoruyub saxlayır ki, bu da “saray çevrilişi”ni əngəlləyən mühüm faktorlardandır.

“Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasi arenadakı son hərəkətlərini yalnız belə adlandırmaq olar: va-bank getmək”.

Bunu erməni siyasi texnoloq Karen Köçəryan yerli mediaya açıqlamasında ölkədəki ictimai-siyasi durumu şərh edərkən bildirib.

“Fikrimcə, Paşinyanın öz tərəfindən erkən seçkiləri təşkil etməyə və keçirməyə hazır olmasını səsləndirməsi tamamilə məcburi bir addımdır. Üstəlik, düşünmürəm ki, bu gün ölkədə daxili siyasi gündəmi məhz o diktə edir. Diktə edən qüvvələrin rolunda digər, daha çox da pərdəarxasında olan aktyorlardır”, – deyə Köçəryan ehtimal edib.

Yada salaq ki, bu fonda, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan intriqalı bir bəyanatla çıxış edərək, erkən seçkilərə qatılacağını bildirib. Siyasi texnoloqa görə, bu bəyanatda iki əsas mesaj verilib:

“Birincisi siyasi mühitə ünvanlanıb, ikincisi isə ilk növbədə Köçəryanın öz tərəfdarları üçündür. Yanvarın 27-də o, özünə bağlı mətbuata verdiyi müsahibədə ölkədəki növbədənkənar parlament seçkilərində komandası ilə iştirak etməyə hazır olduğunu və üstəlik, bu seçkilərdə qələbəsinə inandığını bildirib. Köçəryanın erkən seçkilərin keçiriləcəyi təqdirdə ona hazır olmasını bıyan eləməsi bütün siyasi mühitə, ən əvvəl də Serj Sarkisyana ünvanlanıb”.

Erməni ekspert fikrini belə tamamlayıb: “Köçəryan bu seçkiləri qazanmağa hazır olduğunu söyləyir. Və onun öz şanslarından danışarkən sözlərini diqqətlə seçməsi ən azından niyyətlərinin və bu istiqamətdə görülən işlərin ciddiliyindən xəbər verir. Bundan əlavə, onun mesajı hamıdan çox öz tərəfdarlarına yönəlib, nəinki yerdə qalan elektorata. Məqsəd onları səfərbər etməkdir”.

Əlavə edək ki, hazırda özünü Rusiya prezidenti Putinin dostu kimi təqdim edən Robert Köçəryanın, bütövlükdə Qarabağ klanının nüfuzu ölkədə çox aşağıdır. Çünki bu klanın 20 illik hakimiyyəti dövründə erməni əhalinin güzəranı pisləşməklə bərabər, korrupsiya, rüşvətxorluq, talançılıq pik həddə çatıb. Dağlıq Qarabağ probleminin maksimalist tələblər əsasında süni şəkildə uzadılması da öz yerində. Bu uzadılmanın ağır nəticələri isə 3 aydır ortadadır və Xocalı hərbi canisi və onun bandası buna görə yaxasını kənara çəkə bilməz…

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button