Koçaryanın Moskva səfəri bu məsələyə aydınlıq gətirəcək
Koçaryanın Moskvaya səfəri onun yenidən Ermənistanda hakimiyyətə gəlmək arzusundan xəbər verir. Məsələ ondadır ki, Koçaryana hazırda Kremlin dəstəyi çox lazımdır. Xüsusilə də, səfər zamanı Moskvanın rəyi onun hakimiyyət uğrunda mübarizəyə başlayıb-başlamayacağı sualına aydınlıq gətirəcək.
Bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanın eks-prezidenti Robert Koçaryanın Moskvaya səfər etməsinin pərdəarxası məqamlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Kreml üçün Robert Koçaryanın müəyyən dəyəri var:
“Ən azı ona görə ki, Ermənistanın daxili siyasətinə Koçaryanın təsir imkanları var. Eyni zamanda, Rusiyadakı erməni diasporu ilə sabiq prezidentin ciddi münasibətləri qalmaqdadır. Bu mənada rəsmi Moskva Köçəryan ilə münasibətlərini kəsmək istəmir. Digər tərəfdən, Koçaryanla Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi dostluq da mövcuddur. Bu nüans da diqqətdən yayınmamalıdır.
Son günlər Ermənistan daxili siyasəti həm gərgin, həm də hərəkətlidir. Xüsusilə müxalif partiya liderlərinin aktivliyi hakimiyyətə kim gələcək suallarının yenidən səslənməsinə səbəb olub. Belə bir vəziyyətdə Koçaryan da özünü yoxlamaq istəyir. Onun hakimiyyəti dövründə istər siyasi şərait, istər dövrün reallıqları tam fərqli idi. Bu mənada görünür Koçaryan nələrsə edə biləcəyini düşünür”.



