NATO Rusiyanı savaşla hədələyir: Kreml nə hərb, nə sülh durumunu qoruya bilmir
Böyük ehtimalla Rusiya NATO-nun “savaş təklifi”ni qəbul etməyəcək, əməkdaşlıq variantı üzərində dayanmaq məcburiyyətində qalacaq; Ancaq hər iki variantda ABŞ və Qərbin diqtə üslubundan qaynaqlanan məğlubiyyətə məhkum buraxılan Rusiyanı daha ağır mərhələnin gözlədiyi artıq şübhə doğurmur…
Pandemiya dünya düzəninə əməlli-başlı əl gəzdirib. Son bir il məhz pandemiyanı törədən qorxunc virusun hökmranlığı altında keçdi. Və dünya dövlətlərini öz sərhədləri içərisinə qapadan bu mərhələ hələ tam sona çatmayıb.
Ancaq pandemiyanın dünya üzərindəki təsiri artıq nisbətən azalmağa başlayıb. Ona görə də, dünyanın siyasət məkanında yenidən canlanma meylləri müşahidə olunur. Dünya nəhəngləri yenidən fəallaşmağa can atırlar.
Belə anlaşılır ki, “siyasi tufan öncəsi sakitlik” tədricən sona çatır. Sadəcə, yeni fəallaşma mərhələsinin daha sərt qarşıdurmalara yol aça biləcəyi artıq indidən nəzərə çarpır. Və əvvəlki münasibətlər sisteminin bundan sonra işə yaramayacağı artıq qətiyyən şübhə doğurmur.
Onu da qeyd edək ki, bunu Rusiyanın son vaxtlarda üzləşdiyi yeni situasiya da təsdiqləyir. Əgər, əvvəllər Kreml ilə müzakirələrə cəhd edilirdisə, indi buna o qədər də həvəs göstərilmir.
Vaxtilə bəzi beynəlxalq problemlərin həllində Rusiyanın mövqeyi nəzərə alınırdı. İndi kimsə Kremlin rəyini soruşmağı vacib saymır. Hətta birbaşa Rusiyaya aid məsələlər belə, Kreml ilə müzakirə edilmir.
Hazırda Rusiya ilə tələb və təhdid metodu ilə danışmağa üstünlük verirlər. Kremlə tələblər diqtə olunur. Rusiya da buna vərdişli olmadığından müqavimət göstərməyə çalışır. Nəticədə təzyiqlərə və təhdidlərə məruz qalır.
Onu da qeyd edək ki, son açıqlamalar Kremldə bu durumdan çaşqınlıq keçirildiyi sezilir. Hətta beynəlxalq şituasiyanın belə sərt dəyişikliyə uğraya biləcəyinə ehtimal verilmədiyi nəzərə çarpır. Və belə görünür ki, Kreml yeni dünya düzəninə hazırlıqsız yaxalanıb.
Maraqlıdır ki, Rusiyanın üzləşdiyi təzyiq və təhdidlərə müqavimət resursları da qənaətbəxş deyil. Çünki, Rusiya getdikcə dünyadan daha çox təcrid vəziyyətinə düşməkdədir. Və bir çox faktorlar, xüsusilə də, maliyyə-iqtisadi cəhətdən Qərb dövlətlərindən asılı vəziyyətdədir.
Ona görə də, indi Rusiya ilə asanlıqla təhdid və təzyiq dilində danışa bilirlər. Kremlin uzun illər israrla davam etdirdiyi xarici siyasət kursu Rusiyanın belə vəziyyətlə üzləşmısində xüsusi rol oynayıb. Və bütün müttəfiqlərini, tərəfdaşlarını itirən Kreml indi aciz duruma düşüb.
Maraqlıdır ki, Rusiyanın beynəlxalq rəqibləri də Kremlin bu zəif yerini çox gözəl bilirlər. Ona görə də, Kreml ilə sayğısız davranmaqdan, hətta Rusiyanı açıq mətnlə hədələməkdən belə, çəkinmirlər. Və bu xoşagəlməz üslub NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlamasında olduqca qabarıq şəkildə nəzərə çarpır.
Məsələ ondadır ki, NATO-nun baş katibi Y.Stoltenberq bu hərbi-siyasi alyansın Rusiya ilə qarşıdurmaya hazır olduğunu birmənalı şəkildə vurğulayıb. Onun fikrincə, hər şey Kremlin mövqeyindən asılıdır. Rusiya hansı mövqedə olacaqsa, məhz onun qarşılığını alacaq.
NATO baş katibinin açıqlamasında Kremlə yönəlik açıq təhdid də yer alır. Belə ki, Y.Stoltenberq Rusiyaya yönəlik dəqiq mesajların verilməsinin vacibliyinə inandığını vurğulayıb: “Kremldə anlamalıdırlar ki, əgər, Rusiya qarşıdurma və toqquşma istəyirsə, NATO buna artıq hazırdır. Amma əgər, əməkdaşlıq etmək istəyərsə, bundan məmnunluq duyarıq”.
Əslində, NATO baş katibi gözlənildiyindən daha açıq danışıb. Y.Stoltenberqin bu açıqlaması da göstərir ki, zaman artıq ciddi şəkildə dəyişib. Yeni dünya düzəni və onun fərqli şərtləri qüvvəyə minib. Bu, münasibətlər sisteminin qaçılmazlığını ön plana çıxartmış olur.
NATO baş katibi Yens Stoltenberqin bu mesajı əslində, Rusiya üçün olduqca ciddi xəbərdarlıq məzmunu daşıyır. Çünki, bu açıqlama ilə yeni dönəm üçün seçim Kremlin öhdəsinə buraxılmış olur. Çünki, ABŞ-ın patronajlığı altında olan NATO Rusiyanın istənilən seçimi qarşılığında alternativ variantlara sahibdir. Və bu, olduqca sayğısız təhdid üslubunda qabardılır.
Belə anlaşılır ki, ABŞ və Qərb NATO baş katibinin dili ilə Kremlə bundan sonra Rusiyanın “kaprizləri” ilə hesablaşmayacağını çatdırmağa çalışır. Kremlə mesaj verilir ki, Rusiya savaşmaq və ya danışmaq istəyirsə, bu iki variantdan birini özü seçməlidir. Hansı variantı seçsə, onun qarşılığını mütləq alacaq.
Onu da qeyd edək ki, bu mesaj əslində, Kremlin manevr imkanlarını da zəiflədir. Çünki birmənalı savaş variantının seçilməsi demək olar ki, mümkün deyil. Hər halda, indiki situasiyada Rusiya ABŞ və Qərbə qarşı hərbi kampaniya aparmaq imkanlarına sahib deyil. Nüvə silahı faktorunu nəzərə almasaq, Rusiya ordusu NATO standartlarına uyğun hərbi qüvvələrə müqavimət göstərə biləcək döyüş qabiliyyətindən uzaqdır.
Hər halda, Rusiya ordusunun sovet hərbi hazırlığından çox irəli gedə bildiyini düşünmək sadəlövhlük olardı. Heç Rusiyanın hərbi dairələrində belə, ölkənin müasir savaş standartlarına hazır olduğundan əmin deyillər. Üstəlik, Rusiyanın maliyyə-iqtisadi durumu da yeni hərbi qarşıdurmaya tab gətirə biləcək səviyyədən uzaqdır. Belə vəziyyət isə istər-istəməz Rusiyanı ciddi tərəddüd qarşısında buraxır. Və seçim imkanlarını məhdudlaşdırır.
Məsələ ondadır ki, hərbi qarşıdurma hazırda Rusiyaya qətiyyən sərfəli deyil. Kreml üçün NATO-nun timsalında ABŞ və Qərblə hərbi gərginliyə meyl göstərmək Rusiya üçün intihar xarakteri də daşıya bilər. Və Kreml istənilən halda, bundan yayınmaq məcburiyyətindədir.
Təbii ki, NATO-da Rusiyanın bütün sahələr üzrə təhlili sayəsində bunu tam dəqiqliyi ilə bilirlər. Ona görə də, Kremli açıq şəkildə savaşla hədələyib, təhdid edirlər. Bununla da Rusiyanı çıxılmaz seçim qarşısında qoyub, küncə sıxışdırmağa çalışırlar.
Böyük ehtimalla Rusiya NATO-nun “savaş təklifi”ni qəbul etməyəcək. Əməkdaşlıq variantı üzərində dayanmaq məcburiyyətində qalacaq. Və əslində, ABŞ və Qərbin gözlədiyi də məhz budur.
Hər halda, savaş mesajı qarşısında geri çəkilərək, əməkdaşlıq variantının seçilməsi Kremlin əlini zəiflədəcək, Rusiyanı ABŞ və Qərbin qarşısında daha da aciz duruma düşürəcək. Nəticədə savaş təhlükəsi ucbatından ABŞ və Qərbin diqtəsi ilə barışmaq məcburiyyətində qalacaq.
Belə düşünmək olar ki, NATO-nun savaş mesajı məhz Kremlin ABŞ və Qərbin bütün tələblərinə qeyd-şərtsiz boyun əyməsinə hesablanıb. Bu baxımdan, Kreml istənilən halda, əlverişsiz situasiya hesablanıb.
Rusiyanın beynəlxalq maraqlarının toxunulmaz saxlanması üçün demək olar ki, hər hansı müqavimət resursu qalmamış kimi görünür. Həm savaş, həm də diqtə üslubundakı əməkdaşlıq eyni nəticəni vəd edir, hər ikisi mövqelərin tamamilə itirilməsi anlamına gəlir.
Bütün bunları nəzərə aldıqda, Rusiyanın nə hərb, nə sülh durumuna düşdüyünü düşünmək olar. Və uzun müddət qorunması mümkün olmayan hər iki variantda məğlubiyyətə məhkum buraxılan Rusiyanı daha ağır mərhələnin gözlədiyi artıq şübhə doğurmur.