Ailə cəmiyyətin lokomotividir. Ailəni qorumaq üçün cütlüklər “Sədaqət andı” içməlidirlər – III yazı

Əvvəli

Mən, yuxarıda qeyd etdiyim kimi Konstitusion müddəalardan çıxış edərək belə qənaətə gəlirəm ki, “…ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğuna” görə ailədaxili münaqişələri doğuran səbəb və şəraitin öyrənilməsinə və bu səbəblərin akademik tədqiqatına son dərəcədə zərurət var. İlk növbədə ölkədə “Aliment fondu” yaradılmalıdır. Alimentdən yayınan, onu ödəyə bilməyən (istəməyən yox ) şəxsləri həbs etməklə ailənin maddi vəziyyəti düzəlmir. Əksinə, həbs olunan tərəf bir az da ailəsinə qarşı aqressivləşir və residivləşir. Şəxs alimenti (valideynə, arvadına və uşağına ) ödəməkdən yayınırsa onu həbsxana həyatı ilə islah etmək çətindir. Hindistan polisinin tətbiq etdiyi metodlardan istifadə etmək də ağıla sığmır. Cavabdeh tərəfi isə bacardığı işlə təmin etmək lazımdır. O vaxta qədər  Aliment fondundan alimentin miqdarı tərəfə ödəməklə, gələcəkdə bu məbləği işləyən tərəfin hesabından tutmaq olar.

Başqa təklifim ondan ibarətdir ki, AMEA-nın nəzdində ümumiyyətlə cinayətkarlığı və ailə münaqişələrini doğuran səbəb və şəraitin öyrənilməsi üçün Elmi Tədqiqat İnstitutu yaradılmalı, səbəblər elmi cəhətdən tədqiq olunduqdan sonra onun aradan qaldırılması istiqamətində NK-yə müvafiq təkliflər verilməlidir ki, vəziyyət pik həddinə çatmasın. Belə olarsa, ailənin əsasını qorumaqla Azərbaycan dövlətinin  təməlini qoruya bilərik.

Bu baxımdan  Milli Elmlər  Akademiyasında  ailə münaqişələrini doğuran səbəb və şərait Elmi tədqiqatın predmetinə çevrilməli və həmin istiqamətdə birgə iş aparılmalıdır.

Digər təklifim, nikah ittifaqı zamanı gələcək ər-arvadın-cütlüklərin “Ailəyə sədaqət” ruhunda and içməsindən ibarətdir. Andı pozmaq, ailənin müqəddəsliyinə, cəmiyyətin əsas özəyinə xəyanət kimi dəyərləndirilməlidir. Məs: Dövlət rəmzlərinə hörmətsizlik etmək, vətənə sədaqət andını pozmaq və s. konstitusion vəzifələr necə qorunursa, ər və yaxud, arvadın valideyn vəzifələrinə sədaqətsizlik nümayiş etdirməsi qanunla təqib olunsun.Təbii burada bəzi istisnalar ola bilər. (ərin və yaxud, arvadın ictimai mənəviyyata zidd hərəkətləri-ailə xəyanətləri) Qanunun “Dur!”-demək gücü yoxdursa, boşanmaların sayı artımla davam edəcək. Ailə qanunvericiliyində ailənin qorunub saxlanılması üçün yaxşı heç nə yoxdur. Diqqət edin: Birgə nikah dövründə nə alınıbsa onu mübahisələndirmək olar.

Təcrübədən məlum olur ki, 10-20 il birgə həyatdan sonra boşanma zamanı sən demə, ərin adına heç nə yoxmuş. Qadın məhkəmə qərarı ilə boşanıb himayəsindəki uşaqlarla ya ata evinə qayıtmalı, ya da kirayəyə ev axtarmalıdır. Hamı bir həqiqəti dərk etməlidir ki, Qız, həmişəlik olaraq ata  ocağını “Vağzalı” ilə tərk edir. İkinci-əsas ocağa DÜVAĞla daxil olarkən yanında uşaq aparmamışdı. Onda bəs, boşanandan sonra azyaşlı körpələri ilə ata evinə necə və hansı üzlə (bakirəli yanaqlar, yoxsa solmuş çöhrəsilə?) qayıtsın?! Məsələnin görünməyən tərəfi də var. Gəlin bir yerdə təmiz, gül qoxulu, İffətli və yad əlin toxunmadığı can ilə evdən çıxan gəlinin boşanandan sonra halını düşünək. Bütün hallarda nikahın pozulması ərin təşəbbüsü ilə baş verərsə hakim sosial ədaləti bərpa etmək və hamıya görk olsun deyə qadının keçmişini və gələcəyini diqqətlə nəzərə almalı, qəbul olunan məhkəmə aktı daha çox arvadın(qızın?) həyatını nəzərə almalıdır. Qadının evlə təmini və aliment məsələsi həll olunmalıdır. Boşanma ərə qarşı sərt qərarla elan olunanda bəzilərini bu fikirlərindən yayındırmaq olar.

Rəvayət edirlər ki, Sokratın arvadı çox deyingən və eybəcər bir xanım imiş. Amma Sokratın zərb məsələlərindən görünür ki, Onun məşhur filosof olmağında xanımının əvəzsiz rolu olmuşdur.

Sonda nə demək istərdim; Ailə institutu hər bir cəmiyyətin lokomotividir. Əgər ailədə qarşılıqlı hörmət və məhəbbət yaşayırsa, ailənin müqəddəsliyi dərk olunarsa-həmin ailə daimidir, özülü möhkəmdir, xoşbəxtdir. Ailədə səbr, dözüm nümayiş etdirilməli, çox sözü eşitməməli və daha çox danışılmamalıdır. Necə deyərlər; biri kar, biri isə lal olmalıdır.

Təbiətin canlanması və vəcdə gəlməsi günəşin çıxmasından və yağmurdan nə dərəcədə asılıdırsa, ailənin də qarşılıqlı hörmət və məhəbbətə ehtiyacı var. Təbii, mütləq sevgi və məhəbbət yoxdur. Mütləq sevgi Allahadır, Allaha! Müdriklərin dediyi kimi şairlər və yazıçılar sevgini əsərlərində uydurublar. Quranda deyildiyi kimi, şairlər xəyallar aləmində dərbədərdirlər, onlar etmədikləri  şeyləri  deyirlər, yazarlar, zənnə qapılarlar. Zənn isə həqiqət sayıla bilməz.

Həyat özü-özlüyündə gözəl bir nağıldır. Onu faciəyə çevirən, bir növ dramatikləşdirən isə biz insanlarıq. Çalışaq, həyatımızı dramatikləşdirməyək. Başa düşməliyik ki, tənhalığın müalicəsi və məlhəmi yoxdur. Fərdin inkişafı və şəxsiyyətin formalaşdırılmasının bünövrəsi də ailədən başlayır. O İlahi bir nemətdir. Onu qorumağa məhkumuq.

Məsəl var deyirlər: Qadın, ona həssas və təbəssüm göstərəcək kişini sifətindən tanıyır-Dənizçi açıq dənizin “xarakterinə” bələd olduğu kimi…

Bilməli və anlamalıyıq ki, qadınlar onların xətrinə dəyənləri sevmir və görmək də istəmirlər… Qınamayaq! Axı,onlar anadırlar- Peyğəmbərləri, dahiləri, müdrik insanları, vətən uğrunda həlak olanları və bizi də bətnlərində ərsəyə gətirib həyata bəxş edən ana!

Ona görə ailə hər şeydən güclü, hər şeydən müqəddəs və hər dəyərdən deyilməyən həddə üstündür. Hətta Vətəndən də! Vətəni iffətimizə və namusumuza görə qoruyur, yolunda canımızı fəda edirik ki, ailəni, vətəni qəsbkarlardan  qoruyaq!

Onore de Balzakın da gözəl bir deyimini xatırladıram: “Kim qadını idarə edə bilirsə, dövlətlə də bacara bilər. “Təbəssüm göstərsək “idarəçilik”çətin olmaz.

Şəmsəddin Əliyev
Polise.az media xəbər saytının Şef redaktoru

Hamısını Göstər

Related Articles

Back to top button