İrandan ikibaşlı siyasət: “Bu proses molla rejiminin sonunu gətirəcək”
İran Azərbaycana qarşı qərəzli siyasətini davam etdirir. İran hakimiyyəti Ermənistana qarşı Azərbaycanın tərəfində guya terrorçuların döyüşməsi ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
“Göstərdilər ki, güzəşt əldə etmədən sakit durmayacaqlar”
Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli açıqlamasında deyib ki, İran həmişə olduğu kimi yenə ikiüzlü siyasət aparır: “İran 44 günlük savaşda qalib gəlmiş və öz torpaqlarını işğaldan azad etmiş Azərbaycanı təbrik edib. Bəs o zaman bu həşir nədir? İran bir yandan ittiham edir, bir yandan da Qarabağın bərpa və quruculuq işlərində iştirak etmək istəyir. Hesab edirəm ki, onları Qarabağın bərpası işindən uzaq tutmaq lazımdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da daxili və xarici mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə iranlı xanım jurnalist “Qarabağın azad edilməsində terrorçuların iştirakı” barədə təxribatçı sualına da, ancaq bu şəkildə izah etmək olar. Hər halda 44 günlük savaş zamanı da İran rejiminin rəsmiləri bu məsələni dəfələrlə qabardıb, guya Azərbaycanın Qarabağda savaşmaq üçün Suriyadan terrorçu gətirdiyini iddia edib. Şübhəsiz, rəsmi Tehranın bu cür təxribatçı mövqeyi qəbuledilməz idi. Ən əsası odur ki, İranın bu cür mövqeyini də yalnız Azərbaycan deyil, Türkiyə başda olmaqla bir çox dövlətlər də doğru saymayıb.
Ona görə də 44 günlük Azərbaycan Ermənistan müharibəsindən sonra İran rəsmiləri Azərbaycanı qələbə münasibəti ilə təbrik etmək məcburiyyətində qaldılar. Hətta, mövcud vəziyyətlə özünü barışmış kimi göstərməklə yanaşı, İran Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini də ortaya qoymuşdu. Azərbaycan tərəfi bu məsələdə İranın yer ala bilməyəcəyini də Cavad Zərifə çox incəliklə izah etmişdi. Çünki İran bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə yanaşı, digər tərəfdən Ermənistana açıq və ya qapalı şəkildə hər cür dəstək verib və bu dəstəyini davam etdirir də. Belə bir vəziyyətdə Azərbaycanın haqqı var ki, Qarabağın bərpası və quruculuğu məsələsində İrana güvənməsin.
Ancaq İran rejimi də nə olursa olsun, bu prosesdə yer almaq niyyətindədir. Bunun üçün də yalnız Ermənistana gizli hərbi dəstəyini artırmaqla kifayətlənmir, eyni zamanda Azərbaycana qarşı diplomatik təxribatlara davam edir.
Bu baxımdan rəsmi Tehran hansısa müxbirinin də vasitəsilə “terrorçu” söhbətini gündəmə gətirməklə, Azərbaycandan müəyyən güzəştlər əldə etmədən bir kənara durmayacaqlarını ortaya qoydu”.
“Tehranı narahat edən bölgədə nüfuzunu itirməsidir”
Faiq Ələkbərli hesab edir ki, əslində İran islam rejimini narahat edən Qarabağda quruculuq işlərindən kənarda qalmaqdan çox bölgədə nüfuzunu və təəssübkeşlərini də itirməsidir: “Üstəlik, bunun fonunda Güney Azərbaycan milli hərəkatının güclənməsi də qaçılmazdır. Milli Hərəkat güclənsə İranın təməl sütunları ciddi şəkildə zədələnəcək. Milli məsələnin qabarması molla rejiminin sonunu gətirəcək”.