Ağ Ev Ermənistana niyə Azərbaycan və Türkiyəni işarə edir: Rəsmi İrəvan çaşqınlıq keçirsə də, “od və su arasında” qalıb

Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyəyə qarşı təzyiq xahiş etsə də, ABŞ gözlənilməz tələb irəli sürdü; Ağ Ev Rusiyadan qopmağa çalışdığı Ermənistana “təzyiq variantını unut, dostlaş…” mesajı verdi və yeganə “xilas qapısı”nı göstərdi…

Ermənistanda siyasi böhran dərinləşməkdə davam edir. Siyasi rəqiblər hakimiyyət uğrunda mübarizəyə hərbi alətləri də əlavə etməyə başlayıblar. Və bu, Ermənistana vətəndaş müharibəsi təhlükəsi vəd edir.

Əlbəttə, Ermənistanda hakimiyyət çevrilişinin törədilməsində maraqlı xarici qüvvələr olmamış deyil. Ancaq bu düşmən ölkədə vətəndaş müharibəsinin baş verməsi region dövlətlərinə, eləcə də bölgədə maraqları olan heç bir beynəlxalq siyasi iradə mərkəzinə sərfəli deyil. Hətta Rusiya belə, “İsgəndər partlamır” deyən baş nazir Nikol Paşinyanın devrilməsinin Ermənistanda vətəndaş müharibəsinə yol aça biləcəyindən narahatdır.

Təbii ki, belə vəziyyətdə Ermənistanda cərəyan edən hakimiyyət uğrunda cəkişməyə kənar müdaxilə qaçılmaz xarakter daşıyır. Belə ki, ABŞ və Qərbin bu prosesə birbaşa müdaxilə etdiyi inkaredilməz reallıqdır. Hər halda, “İsgəndər partlamır” açıqlaması ilə Ağ Evin Kremlin qəzəbinə tuş gəlmiş baş nazir Nikol Paşinyana qarşı çıxan Rusiyapərəst erməni generalitetinə açıq mətnlə “həddinizi bilin” mesajını verdi. Və bununla da, Paşinyan hakimiyyətini “ipin ağzı”ndan ala bildi.

1523636468_ermeni-aksiya.jpg (278 KB)

Belə anlaşılır ki, bundan sonra baş nazir Nikol Paşinyanın kütləvi aksiyalarla və ya hərbi zorakılıq ilə devrilməsi o qədər də asan olmayacaq. Ağ Evin bu mesajı Paşinyan hakimiyyətini qorumaqla yanaşı, Bayden administrasiyasının Cənubi Qafqazda cərəyan edən proseslərə ilk ciddi müdaxiləsi kimi də dəyərləndirilə bilər. Belə düşünmək olar ki, ABŞ və Qərb artıq bu regionda yenidən aktivləşməyə başlayıb.

Bu baxımdan, hesab etmək olar ki, yaxın vaxtlarda Cənubi Qafqazda Ağ Evin təsiri daha ciddi şəkildə hiss ediləcək. Ermənistanda bir çoxlarının əsas ümidləri də məhz ABŞ-ın bu regiona yenidən dönməsinə bağlıdır. Erməni siyasi dairələrində belə bir təsəvvür var ki, guya Bayden administrasiyası ABŞ-ın Cənubi Qafqazdakı hədəflərini istisnasız olaraq, Ermənistan üzərindən reallaşdırmağa çalışacaq. Bu isə öz növbəsində Ermənistanın 44 günlük savaşda itirdiklərinin əhəmiyyətli bir hissəsinin geri qaytarılmasına yol açacaq.

Ancaq Ağ Evin son davranışları bunun tam əksini göstərir. Belə ki, ABŞ və Qərb Cənubi Qafqazda daha etibarlı və dayanıqlı mövqelərə üstünlük verdiyi sezilir. Ermənistan isə bu tələblər qətiyyən cavab vermir.

Düzdür, Ağ Evin Paşinyan hakimiyyətini dəstəklədiyi inkaredilməz reallıqdır. Ancaq bu, Ermənistanın dəstəklənməsi anlamını daşıya bilməz. Çünki, hələ də Rusiyaya bağlı olan Ermənistan ABŞ maraqlarında yer ala bilməz. Bu baxımdan, Paşinyan hakimiyyətinin dəstəklənməsini daha çox Rusiyanın öz siyasi tör-töküntülərini yenidən hakimiyyətə qaytarmaq cəhdlərinə verilən operativ cavab kimi də dəyərləndirmək olar.

EvvjgeeXAAo890b.jpeg (41 KB)

Onu da qeyd edək ki, son vaxtlar Ağ Evin Ermənistan ilə bağlı davranışları da bu ehtimala inandırıcı görüntülər verməkdədir. Belə ki, baş nazir Nikol Paşinyanın ABŞ-ın dövlət katibi Entoni Blinken ilə təmaslardan ümidverici nəticələr əldə edə bilməməsi də diqqətindən yayınmır. Və bu, rəsmi İrəvan üçün “soyuq duş” effekti yaradıb.

Məsələ ondadır ki, erməni baş nazir Ağ Ev təmsilçisinin diqqətini ABŞ-ın da yer aldığı ATƏT-ın Minsk Qrupu həmsədrlərinin iştirakı ilə sülh danışıqları prosesinin bərpasına çəkməyə çalışıb. Ancaq onun gözlədiyinin əksinə olaraq, ABŞ-ın dövlət katibi Ermənistana demokratiya və siyasi islahatlar sahəsində tam dəstək vəd edib. Ardınca isə ABŞ-ın Ermənistanda qanunun aliliyinin təmin edilməsi, korrupsiya ilə mübarizə, eləcə də, hüquq və polis sistemində islahatlar istiqamətində əməkdaşlığa hazır olduğunu vurğulayıb.

ABŞ dövlət katibinin bu mövqeyi Ağ Evin Rusiyanın təsiri altında olan Ermənistanla geopolitik əməkdaşlıqda maraqlı olmadığını göstərir. Ağ Ev üçün Kremlin təlimatlarına müqavimət göstərə biləcək Ermənistan daha məqbuldur. Çünki, Ağ Ev bundan sonra ABŞ-dan siyasi və maliyyə dəstəyi alan Ermənistanın Kremldən idarə olunmasına tolerant yanaşmağa qətiyyən həvəsli deyil.

Maraqlıdır ki, Ağ Ev son vaxtlar rəsmi İrəvana Kreml ilə məsafə saxlamağın, Qərblə daha fərqli məzmun və keyfiyyətdə münasibətlərin qurulması yollarını da öyrətməyə çalışır. Və Ağ Evin Ermənistana ayırdığı son qrantların əsas şərtlərinə və məqsədlərinə diqqət yetirdikdə bu, açıq-aşkar nəzərə çarpır.

absh-ag-ev.jpg (75 KB)

Məsələ ondadır ki, ABŞ Dövlət Departamenti Ermənistan üçün yeni qrant layihəsi hazırlayıb. 900 min dollar məbləğində nəzərdə tutulan bu qrant layihəsində Rusiyanın Ermənistana öz təsir imkanlarını artırmaq həvəsinə düşdüyü indiki mərhələdə islahatların genişləndirilməsinin vacibliyi xüsusi olaraq, vurğulanır.

Göründüyü kimi, Ağ Ev Ermənistana açıq-aşkar “Rusiyadan uzaq dur” təlimatı verməyə cəhd göstərir. Yəni burada əsas məsələ Ermənistana hansısa məbləğdə qrantın verilməsi deyil. Əsas məqam odur ki, rəsmi İrəvana Rusiyanın for-postu və qeyri-rəsmi quberniyası olan Ermənistan istəmədiklərini anlatmağa çalışırlar.

Ancaq Ağ Ev rəsmi İrəvana sadəcə, “Rusiyadan uzaq dur” təlimatı verməklə kifayətlənmir. Əksinə, Kremldən uzaqlaşarkən, yaxınlaşmalı olduğu istiqaməti də açıq şəkildə göstərməyi unutmur. Və bu məqam ABŞ-ın yaxın gələcək üçün Cənubi Qafqaz siyasətinin hədəflərini təxmin etməyə imkan verir.

Məsələ ondadır ki, ABŞ Dövlət Departamenti Ermənistana ayırdığı daha bir qrant layihəsi ilə öz hədəflərini birmənalı şəkildə bəyan edib. Belə ki, 150 min dollarlıq bu layihənin əsas şərtləri sırasında Azərbaycan və Türkiyə ilə bağlı olduqca maraqlı məqamlar yer alır. Həmin şərtlərə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə təxirə salınmadan “dostluq münasibətlərinin qurulması”nın vacib olduğu xüsusi olaraq, vurğulanır.

nocomment_e391b5ba7d4e7f8ed2c29ad2dc8cbfc0_ts85vnhbiug4olx12c39.jpg (64 KB)

Təbii ki, bu, ABŞ-ın yeni Cənubi Qafqaz siyasətinin əsas hədəflərini bir daha dəqiqləşdirmək imkanı verir. Belə ki, Ağ Evdə artıq Ermənistana siyasi və maliyyə dəstəyi verilməsinin rəsmi İrəvanı Kremlin təsir dairəsindən qoparılması üçün yetərli olmadığı qənaətinə gəliblər. Bu hədəfə çatmağın ən effektiv yolunun Ermənistanın maliyyə-iqtisadi cəhətdən güclü qonşuları – Azərbaycan və Türkiyə ilə yaxınlaşdırılmasından keçdiyini artıq birmənalı şəkildə anlayıblar. Çünki indiyə qədər Azərbaycan və Türkiyə ilə düşmənçilik mövqeyində olan Ermənistanın Rusiyaya itaət etməyə məhkum idi.

Ona görə də, yeganə çıxış yolu kimi bu düşmənçiliyi aradan qaldırılaraq, dostluq münasibətlərinin qurulacağı təqdirdə, Ermənistanın Rusiyadan uzaqlaşa biləcəyinə əmin olmağa başlayıblar. Hər halda, dostluq münasibətləri rəsmi İrəvanı hərbi təhlükədən ehtiyatlanaraq, Rusiyaya sığınmaq məcburiyyətindən xilas edə bilər. Üstəlik, normal münasibətlər şəraitində Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələrdən qazanacağı mənfəət də rəsmi İrəvan üçün olduqca cəlbedici görünə bilər. Bu haldasa, Ermənistanın Rusiyanın  orbitində ilişib, qalmasına ehtiyac yaranmaz.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasının formulunu bu dəfə dəqiq müəyyən edə bilib. İlk addım kimi isə Ermənistana alternativ xilas yolu göstərilir. Yəni, rəsmi İrəvan Ağ Evdən Azərbaycan və Türkiyəyə qarşı ABŞ-ın təzyiq göstərməsini xahiş edir. Ancaq bunun qarşılığında Ağ Ev “Təzyiq variantını unut, Azərbaycan və Türkiyə ilə dostlaş…” deyərək, rəsmi İrəvanı taleyüklü seçim qarşısında buraxır.

Bu baxımdan, hesab etmək olar ki, Ağ Ev rəsmi İrəvana Ermənistanın “xilas qapısı” kimi Azərbaycan və Türkiyəni işarə edir. Ermənistan isə hazırda gözləmədiyi bu reallıq qarşısında çaşqınlıq keçirməkdədir. Yəni, rəsmi İrəvan taleyüklü seçim qarşısında olduğundan “od və su arasında” qalıb.

Hamısını Göstər

Related Articles

Back to top button