200 ilin nisgili:Bütöv Azərbaycan olacaqmı?- “Böyük bir coğrafiyada türk dövləti yaradılmalıdır”
200 ildən çoxdur ki, tarixi ədalətsizlik nəticəsində iki yerə bölünmüş Azərbaycan xalqı birləşmək arzusu ilə yaşayır. Bu gün dünyada yaşayan 50 milyondan çox azərbaycanlının cəmi 10 milyonu Azərbaycan Respublikasında yaşayır. İran İslam Respublikasında, öz ata-baba torpaqlarında 35 miylondan çox soydaşımız yaşayır. Ötən əsrin 90-cı illərində ictimai rəydə belə bir fikir var idi ki, digər parçalanmış xalqlar kimi Azərbaycan türkləri də tezliklə birləşəcək.
Lakin bu, baş vermədi. Hətta bəziləri hazırda Bütöv Azərbaycan ideyasını utopiya hesab edir. İran dövlətində haqqı tapdalanan, ana dilində təhsil hüququ əlindən alınan, hər addımda həqarətə məruz qalan Azərbaycan türkləri nə zamansa milli qurutuluşa nail ola biləcəkmi? Son 40 ildə aparılan ədalətsiz inzibati ərazi bölgüsünə əsasən Güney Azərbaycan torpaqları vahid deyil. Soydaşlarımız Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil ostanları ərazisində yaşayırlar. Bundan başqa tarixi yurd yerimiz olan Həmədan Azərbaycan sayılmır. Paytaxt Tehranda, İsfahanda, Məşhəddə xeyli sayda azərbaycanlı yaşayır. Onların aqibəti necə olacaq?
“Milli hərəkat daha geniş ərazini əhatə etməlidir”
Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli cebhe.info-ya açıqlamasında deyib ki, Güney azərbaycanlıların azadlıq mübarizəsi mütləq nəticə verəcək:
“Güney Azərbaycan milli hərəkatının yaxın gələcəkdə müsbət istiqamətdə nəticələnəcəyinə zərrə qədər də olsun, şübhə etmirəm. Sadəcə, mümkün olduğu qədər milli hərəkatın böyük bir coğrafiyanı özündə əks etdirməsi çox zəruridir. Çünki bu gələcəkdə həm Güney Azərbaycan dövlətinin ərazisinin müəyyənləşməsində, həm də ona qonşu olacaq digər Türk xalqları ilə münasibətlərin qurulmasında mühümdür.
Bu baxımdan Güney Azərbaycan türklərinin milli hərəkatı yalnız Azərbaycan coğrafiyası ilə məhdudlaşmamalıdır. Bu hərəkatın coğrafiyasını Türkmənsəhraya, Xorasana, Qaşqay elinə, Əhvaza qədər genişləndirmək lazımdır. Hər halda özünü Güney Azərbaycan coğrafiyasından kənarda görən Türk elləri ilə də iş birliyi içərisində olmalıyıq ki, Bütöv Azərbaycan dövləti qurulan zaman, onlar istəsələr bu dövlətin tərkibində muxtar olaraq yaşamına davam edərlər, ya da ən yaxın müttəfiq şəklində”.
“Bütöv Azərbaycan böyük coğrafiyanı əhatə edəcək”
Tarixçi alimin fikrincə, Bütöv Azərbaycan dövlətinin coğrafiyasını birincisi, Güney Azərbaycan milli hərəkatının mücadilə sahəsi, ikincisi də Türk xalqlarının hansı şəkildə Bütöv Azərbaycan dövləti ilə yollarını davam etdirməsi müəyyənləşdirəcək:
“Əlbəttə, biz BAO olaraq bütöv bir Türk dövlətindən yanayıq. Bu, bizim çızdığımız BAO xəritəsindən də aydın görünür. Yəni mümkün olduqca böyük bir coğrafiyada Türk dövlətini ortaya qoymaq əsas hədəfimizdir.
Çünki kiçik dövlətlər hər daim böyük dövlətlərin təhdidi altında olur. Böyük bir Azərbaycan Türk dövləti, ya da Birləşmiş Türk Elləri Cümhuriyyəti qurmalıyıq ki, artıq bütün təhdidlərə son qoyulsun. Şübhəsiz, belə olduğu təqdirdə də, Tehran, Məşhəd, İsfahan, Qaşqay türkləri, hətta türk olmayan bəzi etnoslar da bu dövlət də yer almaq istəyəcəklər. Əlbəttə, dövlətin idarəetmə forması və quruluşu çərçivəsində bütün Türk Ellərini bir arada tutmaq boynumuzun borcudur”.
“Qeyri-türklər də bu dövlətdə yer alacaq”
F.Ələkbərli hesab edir ki, Azərbaycan birləşərsə, qeyri-türklər də bu dövlətin tərkibində yer ala bilər: “Yeni bir Türk dövlətinin yaranacağı təqdirdə, o zaman bəlli səbəblərdən farslarla türklərin bir yerdə yaşamasını artıq istəməyənlər də yetərincə vardır. Başqa sözlə, sırf türk ellərindən ibarət dövlətin olmasını istəyənlər bu məsələdə söz sahibi olarlarsa, yeni dövlətin coğrafiyası da, bu çərçivədə bəlirlənəcək”.