Göycə-Zəngəzur Respublikası ideyasını zəruri edən səbəblər – Ətraflı
Bu gün 1988-1989-cu illərə qədər indiki Ermənistan Respublikasının ərazilərində yaşamış aborogen xalq olan azərbaycanlıları təmsil edən Qərbi Azərbaycana Qayıdış Birliyi (QAQB) Ali Məşvərət Şurası Göycə-Zəngəzur Respublikasının yaradılması haqqında bəyanat yaydı. Bu bəyanatın hələlik hüquqi qüvvəsi olmasa da, çox böyük mənəvi-psixoloji əhəmiyyəti var.
Birincisi, ona görə ki, bu cür bəyanatlar erməni cəmiyyətində ən azı psixoloji gərginlik yaradır.
İkincisi, bu cür bəyanatların yayılması həm də beynəlxalq aləmdə, ən azı region dövlətlərində müəyyən müzakirələrə yol açır. Bütün dünya bilir ki, istər Rusiya, istər Gürcüstan, istər Ermənistan, istərsə də İran zaman-zaman azərbaycanıların tarixən sahib olduqları torpaqlarda özlərinə dövlət qurublar. Bunun da ən böyük sübutu bu gün Dağıstan adlandırılan ərazilərdə 100 minlərlə, Gürcüstanın Borçalı deyilən ərazisində 100 minlərlə, İranın Qərbi və Şimali Azərbaycan ostanlarında 10 milyonlarla azərbaycanlının yaşamasıdır. Ermənistan ərazisi isə başdan-başa azərbaycanlıların qədim-qayım yurd yerləri olub. 1988-1989-cu illərdə 200 mindən çox azərbaycanlı zor gücünə və Moskvanın himayədarlığı ilə bu torpaqlardan sürgün edilib. Amma buna qədər 1907, 1918 və 1948-ci illərdə yüz minlərlə azərbaycanlı dədə-baba ocaqlarından didərgin salınıb.
Bütün bunlara rəğmən Ermənistan başda olmaqla bütün qonşularımız, bu günə kimi Azərbaycana qarşı torpaq iddiasındadırlar. Ən çox dost saydığımız gürcülər belə Keşikçidağ məbəd kompleksinə görə bizi zinhara gətirib. “Həftə səkkiz, mən doqquz” yürüş keçirir, məzmunsuz, məntiqsiz bəyanatlar səsləndirirlər. Baxmayaraq ki, bu məbədin gürcülərə heç bir aidiyyatı yoxdur. Bu qədim alban kilsə-kompleksidir. Memarlıq ənənələrinə görə Kəlbəcərdəki Xudavəng alban məbəd-kompleksinə çox bənzəyir. Amma neyləyəsən ki, ermənilər yalnız 19-cu əsrdə gəlib bu kilsəyə çıxıblar. Və deyirlər ki, bu, erməni kilsəsidir. Eynən Keşikçidağ məbəd-kompleksində olduğu kimi. Bu məbədin tarixi 4-cü, 5-ci əsrlərə gedib çıxır. Gürcülər isə yalnız 11-ci əsrdə gəlib bu məbədə çıxa biliblər. Deməyim odur ki, artıq müdafiədə oturduğumuz, kimlərəsə nəyisə elmi-tarixi əsaslarlarla sübut etməyə çalışdığımız bəsdir. Çünki ən yaxşı müdafiə hücumdur.
Ona görə də Göycə-Zəngəzur Respublikasının yaradılması ən azı ideya kimi gözəldir. Onu reallaşdırmaq isə ayrıca bir xoşbəxtlikdir. Yadımza salaq ki, son 30 ildə ermənilər gündə bir bəyanat verirdilər. Gah Gəncəyə iddia edirdilər, gah Bərdəyə, gah da ki, Tovuz-Qazax bölgəsinə sahib çıxacaqlarını söyləyirdilər. Və bu sərsəm fikirlərinin real əsasları olmasa da, daxili auditoriyada üçün bir motivasiya idi. Üstəlik, 20 faiz torpaqları işğal altında olan Azərbaycan üçün bu əlavə bir basqı idi.
Bu günsə növbə bizimdir. Və unutmayaq ki, qaliblər heç zaman mühakimə olunmur. Ona görə də qalib ruhumuza yeni ideyalar, yeni çağırış qatmalı bədnam qonşularımızı daha çox divara sıxışdırmalıyıq. Bu mənada Göycə-Zəngəzur Respublikası ideyası ən gözəl fürsətlərdən biridir.
Surxay Atakişiyev