Mediada islahatların ATA mərhələsi – şantajçıların hamısı qandallanmalıdır
“Məşhur” Ata Abdullayev həbs edilib. O, şantaj, təhdid etdiyi adamların şikayəti əsasında konkret “iş başında” yaxalanıb. Heç şübhəsiz ki, qısa zamanda əməliyyat çəkilişləri ilə də cəmiyyət tanış olacaq.
Kim idi bu Ata Abdullayev? Haradan, necə gəlmişdi, nə cür peyda olmuşdu? Bloger idimi? Dünya praktikasında belə videoblogerliyə rast gəlinmir. İctimai fəal idimi? Xeyr, heç bir ictimai faydalı işi yox idi.
Əksinə, ictimaiyyətdə ikrah doğuran işlər görürdü.
Jurnalist idimi? Qətiyyən, belə jurnalist olmur, ola bilməz və olmamalıdır. Amma təəssüflə qeyd etməliyik ki, qanundakı boşluq səbəbindənmi, vahid media kart sistemi olmamasındanmı, yoxsa müəyyən şantajçı tiplərin medianı “yaylaq” hesab etməsi üzündənmi, əynindəki gödəkcəsinin üzərinə “Press” yazıb dolaşırdı, çəkdiyi materialları “Ata.tv” adlı bir sosial şəbəkə hesabında tirajlayırdı. Baş vurduğu obyektlərə, hücum çəkdiyi şəxslərə özünü “jurnalist” kimi təqdim edirdi.
Gerçəkdən biabırçılıq idi onun fəaliyyəti. Neçə illərdir redaktorlar, sıravi jurnalistlər bu adamın media adına utanc olduğunu deyir, onun neytrallaşdırılmasının vacib olduğunu bildirir, çağırışlar edirdilər. O iddia da vardı ki, Atanı himayə edənlər də var…
Ölkədə medianın, siyasi-ictimai sektorun sağlamlaşdırılması, münasibətlərin liberallaşdırılması istiqamətində ciddi addımlar atıldığı bir vaxtda Atakimilərin meydanda cövlan etməsi qəribə gəlirdi.
O səbəbdən bir müddət ortalıqda dolaşa bildi ki, dövlət ona baş qoşmurdu. Lakin ona baş qoşmadıqca da adam əndazəni aşırdı. Bəzən siyasi-ictimai sektora da soxularaq elə işlər qarışdırırdı ki, bunu bir çoxları iqtidarın adına yazırdılar. Məsələn, Xocalı soyqırımının 29-cu il dönümündə onun AXCP sədri Əli Kərimli ilə bağlı həyata keçirdiyi “şou”.
Əli Kərimlini Azərbaycanda ən çox tənqid edən yazarlardan biriyəm. Apardığı siyasət heç də bugünkü reallıqlara uyğun deyil, bəzən dövlət maraqlarını belə nəzərə almadan davranışlar sərgiləyir, öz şəxsi maraqları naminə. Təbii, iqtidarın da ona münasibəti heç də xoş deyil. Ancaq bizim müşahidə etdiyimiz məqam ondan ibarətdir ki, dövlət siyasi qütblər arasında münasibətlərin sivil müstəvidə qurulması, davam etməsi üçün ciddi səylər göstərir. Əksər partiyalarla bu cür münasibətlər artıq formalaşıb. Prezident Administrasiyasında bu məsələlərə dair ayrıca şöbə də yaradılıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin son ilyarımda partiyalarla mütəmadi görüşləri keçirilir, sivil davranışlara əsaslanan siyasi münasibətlər qurulur.
AXCP bu əməkdaşlıqda hələlik həvəsli görünməsə də, müəyyən cığal davranışlar sərgilənsə də, dövlətin mövqeyi ortadadır: beynəlxalq praktikaya söykənən, müasir dünyanın tələbləri çərçivəsində siyasi rəqabət, dövlət maraqları tələb edəndə əməkdaşlıq. Biz 44 günlük vətən müharibəsi dövründə bunun bir daha əyani şahidi olduq.
İqtidarın yanaşması bu cür olduğu halda, Ata Abdullayevin özünü hakimiyyət “savaşçısı” kimi təqdim edərək, anormal, qeyri-sivil, təhqirçi mövqe nümayiş etdirməsi cəmiyyətdə ikrah doğurmaqla yanaşı, həm də onun bu hərəkətlərini bir çoxları hakimiyyətin adına yazırdı. Hansı ki, iqtidar bunda qətiyyən maraqlı deyildi. O ehtimal da var idi ki, Ata Abdullayevi bu cür təxribatçı, iqtidarın həyata keçirdiyi islahatlara kölgə salan davranışlar etməyə hansısa sabotajçı, vurulmuş bir sabiq məmur sövq edirdi. Güman ki, bu məsələ də araşdırılacaq. İstənilən halda, Ata Abdullayevin bəlli fəaliyyəti çox eybəcər nəticələr verirdi.
Ən əsası, ölkəmizdə bütün sferalarda həyata keçirilən islahatlar, təmizləmələrin fonunda medianın da sağlamlaşma dövrünü yaşadığı bir vaxtda Ata Abdullayevin “meydan sulaması” həm mətbuat mənsublarını, həm də cəmiyyəti mütəəssir edirdi. Hətta gənc jurnalistlər, reportyorlar sosial şəbəkələrdə status yazırdılar ki, bəzən reportaj hazırlamağa, özlərini jurnalist kimi təqdim etməyə utanırlar. Nədən ki, jurnalist, çəkiliş adı gələndə vətəndaşlar Ata Abdullayevin jurnalist etikasına uyğun gəlməyən hərəkətlərini xatırladırmış.
Hansı ki, bu adamın jurnalistikaya heç bir dəxli yox idi. Amma əlahəzrət cəmiyyətdə heç də hamı sərhədləri dəqiq ayırmır və bəlkə heç buna borclu da deyil. Bəziləri hətta düşünürmüş ki, hökumət buna dəymirsə, jurnalist adı ilə ortada dolaşırsa, nədən biz şübhə edək?!..
Ən pisi isə odur ki, A.Abdullayevin fəaliyyəti və uzun müddət neytrallaşdırılmaması səbəbindən ona oxşamaq istəyənlər də peyda olmuşdu. Xaraktercə dələduzluğa, şantaja meylli digər adamlar da Atadan “örnək” götürərək, sosial şəbəkələrdə – “Facebook”da, “Youtube”da səhifələr, kanallar açaraq “reket”liyə başlayıblar. Xərçəng kimi yayılıb onlar. Sosial şəbəkələr dolub belələri ilə.
Jurnalistika, sağlam jurnalistlər cəmiyyətin lokomotividir. Müasir dövrdə medianın önəmi daha da artıb. Sosial şəbəkələrdə ayaq açıb, baş alıb gedən feyk xəbərlərin, təxribatların qarşısında dayanmaq, cəmiyyəti dürüst informasiya ilə təmin etmək, sağlamlaşdırmaq, maarifləndirmək, dezinformasiyaların qarşısını almaq üçün güclü, sağlamlaşmış media çox lazımdır – hətta hava, su kimi.
Habelə yeni siyasi-ictimai münasibətlər modelinin, etimada, inama, sivil davranışlara söykənən əməkdaşlıqların inkişafında da medianın rolu böyükdür.
Əgər biz sağlam cəmiyyət, sivil siyasi-ictimai münasibətləri dərinləşdirmək, güclü vətəndaş cəmiyyəti görmək istəyiriksə, media adına ləkə olan, cəmiyyətdə jurnalistikaya qarşı ikrah yaradan, təxribatçılıqla, şantajla, araqarışdıranlıqla məşğul olan, media sektoruna soxulub da “beşinci kolon”un maraqlarına uyğun hərəkətlər edən adamlar bir an öncə ən sərt şəkildə cəzalandırılmalıdır. Təmizlənməlidir belələri bu sektordan.
Bu, həm dövlət, həm hakimiyyət, həm hökumət, həm media, həm də vətəndaşlar, bütövlükdə cəmiyyət üçün mühümdür, vacibdir, zəruridir, lazımdır, günümüzün tələbidir.
Çox sevindirici haldır ki, artıq bu proses başlayıb. Ata Abdullayevin saxlanılmasını hər bir jurnalist alqışlayır, təqdir edir və digər şantajçıların, media adına ləkə gətirənlərin, bu addan sui-istifadə edənlərin də cəzalandırılmasını dövlətdən xahiş edirik.
Belələrinə məhkəmə qaydasında media sektorunda çalışmaq birmənalı şəkildə qadağan edilməlidir. Həmçinin, vahid kart sistemi də tezliklə həllini taparsa, prosesə böyük töhfə vermiş olar.