Minalanmış ərazilərin xəritəsini sülhməramlılar niyə İrəvandan istəmir?
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də vermək istəmir. Nazir bildirib ki, mina xəritələrinin verilməməsi Ermənistanın hərbi cinayətlərini davam etdirməsi, beynəlxalq humanitar hüququn pozulmasıdır.
Yada salaq ki, Prezident İlham Əliyev də media nümayəndələri üçün 26 fevralda keçirdiyi geniş mətbuat konfransında Ermənistanı mina xəritələrini Azərbaycana verməməkdə ittiham etmişdi. Prezident minalanmanı azad edilmiş ərazilərin bərpasına mane olan əsas çətinliklərdən biri adlandırmışdı: “Ermənistan tərəfi bizə minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu da cinayət hesab oluna bilər. Çünki hərbi əməliyyatlar bitəndən sonra artıq bir neçə hal olub ki, həm hərbçilərimiz, həm də dinc əhali o ərazilərdə həlak olub. Çünki bizə o ərazilərin, mina sahələrinin xəritələri təqdim edilməyib. Biz əlimizdə olan vasitələrlə tam sürətlə minalardan təmizlənməni təbii ki, həyata keçirə bilmirik”. Rusiya XİN rəsmisi Mariya Zaxarova isə bir müddət əvvəl “erməni tərəfinin Azərbaycana mina xəritələrini verməsi məsələsi birbaşa Rusiya sülhməramlılarının, Rusiya Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olan məsələdir”- deyə, bildirib.
Bəs o halda Ermənistanın bütün mənalarda asılı vəziyyətdə olduğu Rusiya da rəsmi Bakının çağırışlarına rəğmən, problemlə bağlı İrəvanı niyə tələsdirmir? Bu, torpaqlara qayıdış prosesinə məqsədli şəkildə yaradılmış əngəldirmi?
Əziz Əlibəyli: “Erməni hökuməti xəritənin onlarda deyil, Qarabağdakı separatçılarda olmasını bildirəcək”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli yaranan suallara belə aydınlıq gətirdi: “Azərbaycan Rusiya üçün bütün vacib jestləri edib, o cümlədən rus silahları ilə döyüşüb, rüsvay olan erməni ordusunu qovduqdan sonra rus sülhməramlılarını dəvət edib. Digər mühüm bir jest kommunikasiyalarla bağlı Rusiyaya yaradılan fürsətlərdir. O cümlədən üç gün müddətinə Ermənistanın qaz təchizatının Azərbaycan vasitəsilə həyata keçirilməsi də bunun bir nümunəsidir. Şübhəsiz ki, bu addımlar münaqişədən qaçmaq, onu bitirmək və qlobal əməkdaşlıq layihəsini reallaşdırmaq məqsədi daşıyır ki, tərəflərdən biri olan Nikol Paşinyan hökuməti bu reallıqları tez dərk etsin. Gəl ki, artıq problemimiz Ermənistanla yox, Qarabağda cəmləşən separatçılarla bağlı yaşanmaqdadır. Belə güman edirəm ki, müharibəyə aparan səbəblərlə yanaşı, Azərbaycan diplomatiyasının, xüsusilə də dövlət başçısının Ermənistanı beynəlxalq hüququ pozmasını isbat etməsi, bütün dünyada onlara günahkar olduqlarını göstərməsi və dünyanın bunu qəbul etməsi bizi haqlı çıxaran səbəb oldu. Bu gün eyni proses münaqişə tərəfi olmağa çalışan separatçılarla bağlı yaşanır. Baxın, XİN nə barədə danışır? ”Mina xəritələrinin verilməməsi Ermənistanın hərbi cinayətlərini davam etdirməsi, beynəlxalq humanitar hüququn pozulmasıdır”. Bu halda Azərbaycan üçün antiterror əməliyyatları etmək sadə məsələdir, ikincisi, güman ki, erməni hökuməti xəritənin onlarda deyil, Qarabağdakı separatçılarda olmasını bildirəcək. Üçüncüsü, baş verənlər Azərbaycan tərəfi üçün yarımçıq qalan prosesi tamamlamağa imkan verəcək. Bu proseslərdən sonra mina xəritəsi məsələsi gündəmdən çıxsa da, minalar can almağa davam edəcək”.
Yeganə Hacıyeva: “Bu xəritəni Ermənistan Rusiya Sülhməramlılarına təqdim edib”
Siyasi şərhçi Yeganə Hacıyeva çox vacib məqamlara toxundu: “Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi hərbi cinayətdir və bu cinayət mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq və ən əsası işğaldan azad etdiyimiz ərazilərə azərbaycanlıların qayıtması vaxtını maksimum uzatmaq məqsədi güdür. Məsələ ondadır ki, 33 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazilərini, son 30 ildə isə işğal altındakı ərazilərimizin böyük bir hissəsini minalayıb. İşğaldan azad etdiyimiz torpaqlarda rekonstruksiya və inkişafla inteqrasiyası minaları təmizləmədən mümkün deyil. Ona görə də bu gün ən vacib vəzifə məhz ərazilərin minalardan təmizlənməsi üçün Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməkdir. 10 noyabr bəyanatının ilkin və vacib şərtlərindən biri də məhz Rusiya sülhməramlılarının bu xəritəni əldə etməsi və Azərbaycana təqdim etməsi ilə bağlı idi. Son zamanlar bizim Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsi tələbimizə beynəlxalq vasitəçi və iştirakçı tərəflərdən guya belə bir xəritənin olmaması kimi fikirlər eşitməkdəyik. Lakin bu, həqiqətə uyğun deyil, ermənilər tərəfdən 44 günlük Vətən müharibəsinə qədərki dövrdə bir nəfərin belə minaya düşməsi haqqında məlumat nə yerli erməni mediasında, nə də beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmayıb. Keçən həftə işğaldan azad edilmiş Ağdama səfər edən və dağıntıların miqyasını gözü ilə görən biri kimi qeyd etməliyəm ki, bu dağıntılar 30 il ərzində hər il yenilənən dağıntı və talan edilməklə belə nəticə əldə etmək olardı. Deməli, Azərbaycan torpaqlarında mövsümi dağıntılar və talan edən ermənilər minalanmış ərazilərə ancaq və ancaq onlarda xəritə olduğu üçün düşməyiblər. Ümumiyyətlə isə minaları mülki əhali deyil, hərbiçilər düzüblər və özləri düşməmək üçün də mütləq xəritə tətbiq ediblər. Ona görə də minalanmış ərazilərin xəritəsi var. Digər tərəfdən, son 4 ay ərzində Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində cəmi bircə dəfə minaya düşmə faktı mövcuddur. Daha sonra belə bir faktın təkrarlanmaması onu ehtimal etməyə əsas verir ki, bu xəritəni Ermənistan Rusiya sülhməramlılarına təqdim edib. Məsələ ondadır ki, ərazinin təmizlənməsi və minaların məhv edilməsi 10 noyabr bəyanatının vacib şərtlərindən biridir və bu istiqamətdə minalanmış ərazilərin xəritəsinin əldə edilməsi vacib məqam idi. Ermənistanın Rusiya sülhməramlılarına bu xəritələri təqdim etməməsi özü inandırıcı gəlmir. İşğaldan azad edilmiş ərazilərdə kiçik bir daşqın və ya torpaq sürüşməsi baş verəcəyi halda bu minalar hətta təmizlənmiş ərazilərdə özünü göstərəcək. Gələn ay, aprelin 4-də Beynəlxalq Minalardan Xəbərdarlıq və Minalardan Təmizlənməyə Kömək Günüdür. Məhz bu gün Azərbaycan BMT, BMT-nin insan haqları üzrə Ali komissarı, səfirliklər, beynəlxalq təşkilatlardakı nümayəndələr, beynəlxalq platformalarda əməkdaşlıq edən QHT-lərlə birgə diqqəti bu problemə çəkməli və həmin gün bütün dünyada davam edəcək qlobal bir kampaniya çərçivəsində Ermənistanın Azərbaycan xalqına qarşı belə təcavüzkar aktını qınamalıdır. Belə kampaniya Ermənistana xəritələri Azərbaycana verməsi üçün bir təsir vasitəsi ola bilər. İşğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın saldığı mina tarlaları 800 min azərbaycanlı məcburi köçkünün həyatını təhdid edir. Öz yurd-yuvalarına qayıtmaq arzusunda olan yaşlı insanlara qarşı mənəvi terrordur, çünki onların bir çoxlarının işğaldan azad edilmiş torpaqlardakı əzizlərinin qəbirlərini ziyarət etməyə sadəcə vaxtları qalmayıb”.