Bir-birinə raket tuşlayan slavyan qardaşlar – bu dəfə Kiyevin dəstəyi böyükdür, Moskvanın inadı
Dünyada heç kəsə sirr deyil, Avropanın şərqində – Ukraynada hər an başlana biləcək müharibə təhlükəsi var.
Bu, artıq sırf Ukrayna vətəndaşlarının qatıldığı daxili savaş deyil. Luqansk və Donetskdə yaşayan rusların Moskvaya güvənərək, onun silahıyla hələ 2014-cü ildə başlatdığı separatizm hərəkatı böyüyərək iki dövlətin – Rusiya və Ukraynanın arasında qanlı hərbi konfliktə çevrilib.
Əslində, Rusiyanın barmağı, təzyiqi, iradəsi olmasa, Luqansk və Donetskdə, eləcə də Krımda heç bir münaqişə yaranmaz, iki qardaş xalq hərb meydanında üz-üzə gəlməzdilər.
Rusiya bu münaqişəni sırf Ukraynanın Qərbə meyllənməsi, özünə rəhbərləri Moskvanın iradəsindən kənar olaraq seçməsinə görə, onu bu yoldan çəkindirmək, yanlış hərəkətlər etdiyi üçün cəzalandırmaq məqsədilə yaradıb.
Hələ 2004 ilin ikinci yarısında Ukraynada başlanan inqilabi hərəkətlənmələr və xalqın israrlı müqaviməti nəticəsində keçmiş baş nazir Viktor Yuşşenko prezident Leonid Kuçmaya qalib gələrək, 2005-ci ilin yanvarında dövlət başçısı olanda Rusiya rəhbərliyi bu dəyişikliyi qılıncla qarşılamış, bütün vasitələrlə “narıncı inqilabı” gözdən salmağa çalışmış, lakin prosesi önləyə bilməmişdi.
Elə o zaman rus mediasında ortaya belə bir fikir atılırdı ki, əgər işlər bu cür davam eləsə, Ukraynanın şərqi fərqli yol tutacaq. Bu, Donetsk və Luqanskın separatçılıq hərəkatı yoluyla Ukraynadan zor gücünə qoparılacağının anonsuydu. Bunu ciddiyə alanlar da vardı, Rusiyanın belə bir avantüraya qol qoymayacağına əmin olanlar da. Ancaq Yuşşenkonun dövründə Kreml bu planını gerçəkləşdirmədi. Moskvada hiss etmişdilər ki, Yuşşenko zəif liderdir və növbəti seçkilərdə ona asanlıqla qalib gəlmək mümkün olacaq.
Doğrudan da 2010-cu ildə baş tutan prezident seçkilərininin birinci turunda Rusiyanın adamı Viktor Yanukoviç seçki birincisi oldu, Yuşşenko 5,4 faiz səs aldı, seçki ikincisi belə olmadı, 7 namizədin arasında 6-cı yeri tutdu. İkinci turda Yanukoviç qələbə qazandı, iqtidara gəldi, Kreml rahat nəfəs aldı. Artıq Ukraynanın Qərbə yaxınlaşması, NATO-ya üzv olması mümkün olmayacaqdı.
Ancaq Yanukoviçin Ukraynanı Rusiyanın vassalığında saxlaması, Avropaya yolunu bağlaması 4 il çəkdi, 2014-cü ildə o, növbəti anti-Avropa mövqeyinin güdazına getdi, prezidentə qarşı kütləvi etiraz aksiyaları başlandı. Yanukoviç xalqı xoşluqla sakitləşdirə bilməyəcəyinə əmin olduqdan sonra, öz millətinə silah qaldırdı, etiraz nümayişlərində çoxsaylı ölənlər oldu, ancaq xalq sakitləşmədi və sonda Yanukoviç ölkədən qaçmağa məcbur qaldı.
Məhz o zaman Moskva Ukrayna xalqının üzü Avropaya doğru geri dönüşü olmayan yola çıxdığını görərək, B planını işə saldı, Yanukoviçin qisasını onun ata yurdunun – Donetskin, ardınca da Luqanskın “slavyan qardaşlığına xəyanət etmiş Ukrayna”dan qoparılmasını, yerində iki “müstəqil dövlət” yaradılmasını təmin etməklə aldı. Budur, 7 ildir ki, həmin oyuncaq “dövlətlər” Rusiyanın himayəsi altında yaşayır. Ancaq mübahisə bitməyib, münaqişə həll olunmayıb, problem açıq və qanlı müharibə həddinə qədər yoğunlayıb.
Bu dəfə artıq konflikt iki dövlət arasında da deyil, indi münaqişəyə ABŞ və Avropa da qarışıb, o tərəfdən Rusiya da bu dəfə müharibəni pərdə arxasından, marionetlərlə deyil, öz silahlı qüvvələri ilə, dövlətin bütün resurslarını açıq şəkildə istifadə etməklə aparmaq əzmi göstərir.
Gerçəkliklərin dilə gətirilməsinə qalsa, Qərb heç 2014-cü ildə də Ukraynanı Rusiyanın qarşısında tək, köməksiz qoymayıb. Bəzən belə ifadələr səsləndirilir ki, Qərb Ukraynaya fitva verdi, Rusiya ilə üzbəüz qoydu, sonra arxasından qaçdı. Elə olmayıb. ABŞ, Kanada və qüdrətli Avropa dövlətləri 6-7 il öncə Ukraynaya böyük yardımlar ediblər.
Məsələn, Avropa İttifaqı Ukraynaya silah satışına dair qoyulmuş embarqonu ləğv edib, NATO dövlətləri rəsmi Kiyevə lazımi qədər hərbi avadanlıq, silah-sursat, sair təchizat vahidləri satıblar.
Kanada Ukraynaya 20 milyon dollarlıq humanitar yardım (ballistik maskalar, qəlpəyə qarşı zirehli jiletlər, dəbilqələr, yataq kisələri və çox sayda hərbi qış geyimləri) göstərib.
Münaqişənin ilk günündən ABŞ-ın əli Ukraynanın kürəyində olub, ona siyasi dəstək verməklə qalmayıb, Ukrayna ordusuna 13 milyon dollarlıq tibb ləvazimatları, 2,5 milyon dollarlıq geyim və ərzaq məmulatları göndərib.
Avstraliya 2,3 milyon dollarlıq qış geyimi yollayıb.
Böyük Britaniya 1,8 milyon dollarlıq hərbi səciyyəli məmulatlar verib.
Slovakiya və Norveç də kənarda qalmayıb, hərəsi 630 min dollarlıq geyim və ərzaq yardımı edib.
Fransa və Niderland Ukraynaya müvafiq olaraq 600 və 500 min dollarlıq tibb və digər hərbi ləvazimatlar verib.
Keçmiş sovet respublikalarından Latviya, Litva və Gürcüstan da əllərindən gəldiyi qədər Ukraynaya yardım ediblər.
Bunlar rəsmi açıqlanan yardımlardır. Yəqin ki, Rusiya ilə münasibətinin korlanmasını istəməyən bir çox başqa ölkələr də əl altından və başqa ad altında Ukraynaya kömək ediblər ki, “şorbada duzları olsun”.
Fəqət hərbi texnika və əsgəri güc baxımından daha mütəşəkkil və daha hazırlıqlı olan rus hərbi kontingenti Ukraynanın vilayətlərini əlində saxlaya, onları anneksiya edə bilib.
İndi Ukraynanın istər siyasi, istərsə də, maddi və hərbi dəstəyi daha böyükdür. Rusiya təklənmiş durumdadır, ancaq bu superdövlət hərbi baxımdan güclüdür və özünə qarşı yaradılmış hərbi koalisiyalarla baş edə biləcəyini düşünür.
Bununla belə, son 216 ilin təcrübəsi göstərir ki, Avropada yaradılmış hərbi koalisiyalar mütləq öz niyyətlərinə çatır, heç kəslə hesablaşmayan aqressoru ram edirlər.
Məsələn, bütün Avropanı qana çalxayan Napoleon Bonapart 1815-ci ildə məhz İngiltərə, Almaniya (Prussiya) və Rusiyanın yaratdığı hərbi koalisiya tərəfindən məğlub edilib.
82 il öncə Avropaya qan uddurmağa başlayan Hitler Almaniyası sonradan İngiltərə, ABŞ və SSRİ-nin (Rusiya) formalaşdırdığı hərbi koalisiyana uduzub.
Əfqanıstanda “Taliban”ı, İraqda Səddam Hüseyni, Yuqoslaviyada Miloşeviçi əzən də məhz ABŞ başda olmaqla Avropa dövlətlərinin yaratdığı hərbi koalisiyalar idi.
İndi həmin koalisiyalardan biri də Rusiyaya qarşı yaradılmaqdadır. Koalisiyanın siyasi və maddi dayaqları artıq hazırdır, növbədə hərbi qüvvələrin Rusiya ətrafında təmərküzləşməsidir və proses yüksələn xəttə üzrə inkişaf edir.
Ukraynanın Rusiya ilə münaqişəyə girməsindən 16 il ötüb, bu vaxt ərzində Ukraynada dörd prezident dəyişib (Yuşşenko, Yanukoviç, Proşenko, Zelenski), Rusiyada isə rəhbər dəyişikliyi olmayıb (Mevedev RF prezidenti olanda da dövləti Putin idarə edib). Belə anlaşılır ki, indən belə Ukraynada hakimiyyətə kim gəlsə, məhz indiki mövqedə duracaq. Amma Rusiyada hakimiyyətə bir başqası gəlsə, münaqişənin danışıqlar yoluyla tənzimlənməsi ehtimalı arta bilər.
Yenə də ümid etmək qalır ki, son anlarda sağlam ağıl qalib gələcək, tərəflər böyük müharibəyə başlamağa risk etməyəcəklər. Təcrübə göstərir ki, indinin lokal müharibələri də həddən artlq qanlı və çoxtələfatlı olur. Müharibədən yarım ilə qədər vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də hərbçilərinin cəsədlərini döyüş meydanlarından yığıb qurtara, itkinlərinin harada olduğuna dair xalqa məlumat verə bilmir.