“Mayor Platov” daha 12 il Kremldə oturacaq
Rusiyada Prezident Vladimir Putinin 2036-cı ilə qədər hakimiyyətə yolunu açan Konstitusiya dəyişikliyi artıq baş tutub. Rusiya Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, səsverməyə gələnlərin 70 faizindən çoxu dəyişikliklərin lehinə səs verib.
Konstitusiyaya toplam 206 dəyişiklik səsverməyə çıxarılsa da, əsas önə çıxan 67 yaşlı Putinin səlahiyyət müddətinin başa çatacağı 2024-cü ildən sonra namizəd olmağa qərar verəcəyi təqdirdə daha 12 il müddətinə hakimiyyətdə qalmaq imkanı verən təklifdir.
Putinin qarşısında duran 3 seçim
“COVİD-19” pandemiyası və iqtisadi böhran səbəbindən sıxıntılı günlər yaşayan rusiyalıların prosesə marağını artırmaq üçün səsverməyə çıxarılan dəyişikliklərin tərkibinə “cazibədar” maddələr də əlavə edilib.
Əslində, konstitusiya dəyişikliklərinin qəbul edilməsi Putinin 2024-cü ildən sonra da mütləq hakimiyyət zirvəsində oturmağa davam edəcəyi mənasını vermir. Bu kontekstdə Rusiya liderinin qarşısında 3 seçim var: yenidən namizəd olmaq, namizədliyini verməmək, lakin gücləndirilən və yenilənən idarəçilik strukturu vahidinin – Dövlət Şurasının rəhbərliyinə keçərək pərdə arxasında iqtidarını sürdürmək və ya heç kimin gözləmədiyi halda, hakimiyyətdən çəkilmək.
İşin maraqlı tərəfi odur ki, Putin beynəlxalq aləmdə, habelə Rusiya daxilində hər nə qədər populyar olsa da, onun haqqında məlumatlar son dərəcə məhduddur. Üstəlik “çar”ın keçmişi ilə bağlı informasiyaların hamısı bir mənbəyə söykənir.
1999-cu ilin sonuncu günü qəfildən istefa verən Rusiya dövlət başçısı Boris Yeltsinin səlahiyyətlərini icra edən Putin 2000-ci il 26 mart seçkiləri öncəsi cəmi 3 jurnalisti Kremlə dəvət edərək ilk dəfə özü barədə danışmışdı. Bu gün “Putinin keçmişi” deyə bilinənlərin böyük hissəsi “Prezident danışır” adı ilə nəşr edilən kitaba dayanır və bu informasiyaları başqa bir mənbədən təsdiq və ya təkzib etmək imkanı yoxdur. Yerdə qalan məhdud informasiya qaynağı isə başda Maşa Gessen olmaqla bəzi rusiyalı və əcnəbi jurnalistlərin onun haqqında yazdığı kitablardır.
Putinin portretini yuxarıda qeyd edilən informasiyalar əsasında cızanda ortaya bu reallıq çıxır: 1952-ci ildə Sankt-Peterburqda doğulub. Loru dildə desək, birdən çox ailənin mətbəxi, hamamı və tualeti müştərək istifadə etdiyi evdə yaşayıb. Parlaq bir şagird olmayıb, evdə atasının təzyiqləri altında böyüyüb. Bir dəfə “yaramazlıq” etməsi səbəbindən atası onu kəmərlə döyüb. Atası Sankt-Peterburq küçələrində dolaşmağa meylli Volodyanı idmana yönəltmək qərarına gəlir.
Boks, sambo kimi idman növlərində özünü tapmayan Putin sonda cüdoda qərar tutub. Onun cılızlığından qaynaqlanan özünə inam probleminin aradan qalxmasına idman yardım edib. 16 yaşında KQB-nin “qapısını döyüb” və “agent” olmaq istədiyini bildirib. Ancaq ona universiteti bitirib hüquqşünas olması tövsiyə edilib. Uğurlu tələbə olmasa da, Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Putin 1957-ci ildə KQB-də işə götürülüb.
O, KQB-nin müxtəlif məktəblərində kurslar keçir. Moskvada kəşfiyyat kurslarında oxuduğu dövrdə isə ləqəbi, daha doğrusu, kod adı “Mayor Platov” olub. Müəllimi polkovnik Mixail Frolovun onunla bağlı qiymətləndirməsində müsbət və mənfi tərəflər göstərilir: “İti bir zəkaya sahib idi, lakin pedantlıq, ətrafı ilə ünsiyyətdən çəkinmək və təhlükəni dərk etməmək keyfiyyətləri özünü göstərirdi…”
Putin KQB-də işlədiyini uzun müddət dostlarına belə deməyib, bir səfəri zamanı yaxınlarından birinin israrından sonra “mən insan münasibətləri sahəsində mütəxəssisəm” cavabını verib.
1980-cı ildə Lyudmila Şerbneva ilə ailə qurur, iki qızı dünyaya gəlir.
Şərqi Almaniyadan paltaryuyan gətirən KQB zabiti
Vladimir Putinin arzularından biri 1985-ci ildə çin olur. KQB zabiti xarici ölkədə xidmətə göndərilir. Amma əsl mənada kapitalist Qərb ölkələrindən birinə deyil, Şərqi Almaniyaya, həm də paytaxt Berlinə yox, Drezdenə göndərilir. 5 il burada işləyir. Artıq bu dövrdə SSRİ özünün qürub çağlarını yaşayır, kommunizm dağılmağa başlayır. Putin Drezdendən geri dönəndə SSRİ-də müşahidə edilən xroniki mal qıtılığı səbəbindən özü ilə paltaryuyan gətirir. Bu dövrdə sadəcə, Şərq Bloku böhran keçirmirdi, SSRİ də dağılmaq üzrə idi. Məhz bu situasiyada artıq 37 yaşlı KQB polkovnik-leytenantı gələcəyinə dair narahatlıq hiss edir. Onun bu narahatlığı keçmiş müəllimi, Leninqradın xarizmatik meri Anatoli Sobçakla qarşılaşana qədər davam edir. Məhz bu görüşdən sonra Rusiyanın gələcək lideri KQB-dən ayrılmaq qərarı verir. Qısa müddət sonra V.Putin artıq Leninqrad meriyasının xarici əlaqələr və xarici yatırımlar şöbəsinə rəhbərlik edir. Amma 1996-cı il seçkilərində Anatoli Sobçak məğlub olur və bundan sonra Putin yenidən seçim etmək, qərar vermək məcburiyyəti ilə üzləşir.
Cüdo və vəkillik arasında var-gəl edən Putinə Kremldən zəng
Bu dövrdə 44 yaşını haqlayan Putin artıq yolun sonunun çatdığı duyğusuna qapılaraq vəkillik etməklə cüdo məşqçisi olmaq arasında var-gəl edir. İş axtarmağa başladığı həmin günlərdə Kremlin məşhur simalarından biri və prezident Yeltsinə yaxınlığı ilə seçilən Pavel Borodinin gözlənilməz təklifi onun həyatını dəyişir. Putin 1996-cı ilin yazında Borodinin müavini olaraq Moskvada işə başlayır. Burada hüquqi məsələlər və Rusiyanın xaricdəki daşınmaz əmlakı üçün məsuliyyət daşıyır.
Əslində, Putinin keçdiyi həyat yolu deməyə əsas verir ki, sanki hansısa “görünməz bir əl” ona ən kritik dövrlərində yardım edib. Bəzilərinə görə, həmin vaxtkı bu sürətli yüksəliş əslində Putinin məxfi xidmətlərlə əlaqəsini kəsməməsinin nəticəsi ola bilər.
1998-ci ilin ortalarında onun iş otağına gələn telefon zəngindən sonra dövrün Baş naziri Sergey Kirienkonu qarşılamaq üçün hava limanına tələsir. Baş nazir təyyarədən enən kimi “Salam, Volodya, təbrik edirəm, Federal Təhlükəsizlik Xidmətinin direktoru oldun” deyir. KQB-ni əvəz edən xidmətin başına gətirilməsi ilk dəqiqələrdə onun xoşuna gəlmir.
30 iyul 1998-ci ildə nüfuzlu “Kommersant” qəzeti onunla müsahibəni dərc edir. Bu, Putinin Rusiya ictimaiyyətinə ilk təqdimatı idi. Bundan düz bir il sonra, 1999-cu il avqustun 5-də Prezident Yeltsin onu Kremlə çağırır və “Vladimir Vladimiroviç, bir qərara gəldim, sizi Baş nazir təyin etmək istəyirəm. Buna hazırsınızmı?” deyir. Putin isə prezidentə “harada vəzifə versəniz, orada çalışaram” cavabını verir.
Putinin xatirələrinə görə, əslində Yeltsinin beynində bir plan var idi. Yeltsinin “yaxşı, ən ali vəzifəyə hazırmısınız” sualına isə Putin “bilmirəm, Boris Nikolayeviç, buna hazır olduğumu düşünmürəm” reaksiyasını verir.
Çeçenistan müharibəsindən baş komandanlığa
1999-cu il avqustun 7-də çeçen komandiri Şamil Basayevlə ərəb Xəttab 1400 döyüşçü ilə Dağıstana sürpriz hücum təşkil edir. Bu hücum əməliyyatı Rusiyanı son dərəcədə sarsıdır və rəhbərliyi qəzəbləndirir.
Bu hücum əslində rusların Çeçenistan müharibəsinin bitdiyi 1996-cı ildən bu yana gözlədiyi akt idi və bu addımdan “fürsət” kimi istifadə olundu. Əvvəlcə Dağıstanda Rusiya ordusu ilə Çeçenistan mücahidləri arasında qanlı toqquşmalar başladı, sentyabrın 30-da isə ordu Çeçenistana daxil oldu. Məhz bu məqamda Rusiya hakimiyyətində ilginc bir hadisə baş verir. Moskvada ictimaiyyət qarşısına çıxan baş komandan Yeltsin deyil, Baş nazir Vladimir Putin olur.
Digər maraqlı məqam odur ki, ordu Çeçenistana daxil olmazdan əvvəl çox əhəmiyyətli hadisə yaşanır. 4-16 sentyabr arasında Moskvada yaşayış binalarında bombalar partlayır, nəticədə 293 nəfər dinc sakin həlak olur. Çeçenlər qəbul etməsə də, Kreml bu terror hadisələrinin çeçenlər tərəfindən həyata keçirildiyini elan edir. Bu iki hadisə nəticəsində başlanan müharibədə həmin dövrə qədər çox az tanınan Putinin ulduzu parlamağa başlayır.
Nəhayət, dekabrın 31-də dünya Yeni İli qarşılamağa hazırlaşdığı bir ərəfədə Boris Yeltsin özünün prezident səlahiyyətinin başa çatmasına 3 ay qalmış anidən istefa verir və artıq prezidentin səlahiyyətlərini Baş nazir Putin icra edir.
2000-ci il yanvarın 1-də ruslar Çeçenistana gedən yeni liderin hərbi təyyarədə çəkilən görüntüləri ilə oyanır. Beləcə, Rusiyanın hakimiyyət zirvəsində “Yoldaş Platov”un illəri başlayır.
Putinə buraxılan mirasdan, Putinin buraxacağı mirasa qədər
Əslində, Putinin prezidentlik yolu açılsa da, Yeltsin ona qorxunc bir miras buraxmışdı – dağılmanın, parçalanmanın astanasına gələn, vətəndaşlarına maaş ödəyə bilməyən, ordusuna nəzarət etməsi çətin olan, şəhərlərinə mafiyanın nəzarət etdiyi, milli sərvətləri tar-mar olunan, əxlaq çöküşü yaşayan və beynəlxalq aləmdə artıq ciddiyə alınmayan bir Rusiya.
Ətrafına Sankt-Peterburqdakı dostlarını topladıqdan sonra ilk işi əvvəlki dövrdə güclənən və siyasətə müdaxilə etməyə başlayan oliqarxları cəzalandırmaq olan Putin, sonrakı mərhələdə NTV kanalı daxil olmaqla, medianı dövlət şikətləri vasitəsilə ələ keçirir. Rusiyanı ayağa qaldırmaq yolunda “əngəl” gördüyü müxalifəti zərərsizləşdirir, “xalqa nə qədər demokratiya lazım olduğuna idarəçilər qərar verir” deyərək, “nəzarət olunan demokratiya”ya keçid edir. Beləcə, mərkəzi hakimiyyəti ağlasığmaz formada gücləndirir.
Bundan sonra yüksələn neft qiymətləri sayəsində xalqın iqtisadi durumunu bir qədər yaxşılaşdırır. Enerji daşıyıcıları amilini xarici siyasətdə təzyiq vasitəsinə çevirir. Ən əhəmiyyətlisi, Rusiyanı beynəlxalq səhnəyə yeni bir güc mərkəzi kimi çıxarır. Beləcə, rusların zədələnən qürurunu müəyyən dərəcədə bərpa edir.
2008-ci ildə NATO-ya üzvlük xəyalı ilə yaşayan Gürcüstana hücum çəkən Putin, Ukraynanın Qərbin nəzarətinə keçməsi səbəbilə 2014-cü ildə Krımı ilhaq edir, 2015-ci ildə Suriyada müharibəyə müdaxilə edir…
Rusiyanı uçurumun kənarından çəkərək beynəlxalq düzəni dəyişdirən, “demokratiya hesabatı” sorğulanan, iqtisadiyyatdakı addımları tənqid edilən “rus çarı”nın həyat hekayəsi bundan ibarətdir.
Amma həm Rusiyadakı təhlilçiləri, həm də beynəlxalq aləmi başqa bir sual da düşündürür: Putin nə zaman getməsindən asılı olmayaraq, özündən sonra miras olaraq, necə bir Rusiya buraxacaq?