Mənim həyat hekayətlərim (VIII hissə)

Əvvəli 

Etiraf edim ki, polis orqanlarında çalışdığım müddət ərzində “həddini aşmaq” halları olurdu. Bunlar qaçılmazdı və “məcburi” olaraq baş verdiyindən  polisin spesfik xidmətinə yad sayıla bilməzdi. Ekstremal situasiyalarda asayişin qorunması və təhlükəsizliyin təmin olunması üçün görülən tədbirlər kifayət etmədikdə və səmərə verməyəndə güc tətbiq etmək polis üçün mütləq, cəmiyyət üçün isə təhlükəsizlik “həbi” qədər vacib olur. Bütün dünyada belədir…

Atam ikinci dünya müharibəsində mərmi qəlpəsindən aldığı yaralar nəticəsində   kontuziya olmuşdu. Ömrünün son günlərinə qədər səhhətindəki ciddi problemlər başındakı mərmi qəlpələrilə bağlıydı. “Ürəkkeçmə”si olurdu. Bu, elə bir hal idi ki, qəfil bədən titrəməsi atamı ətrafla təmasdan təcrid edir, heç nə dərk etməzdi. Bu zaman yalnız yanında olanlar dadına çata bilərdilər. Dadına çatan bir kimsə olmayanda isə həyatına real təhlükə yaranardı. Ona görə də gözləniləcək təhlükədən uzaqlaşmaq üçün qardaşlardan biri mütləq onunla bir yerdə çalışardılar. Mən dəfələrlə atamla bir yerdə olarkən bunun şahidi olmuşdum. Harayım ətrafı bürüyər, kömək üçün Xub Əli “Ağam”ı(biz onu belə çağırardıq) haraylardım. O, tez gəlib  atamın baş tərəfində, ayaq üstə durub Quran oxuyardı. Bir neçə  dəqiqədən sonra atam özünə gələr və bizə baxıb dərindən “vayy…” deyib ah çəkərdi. İmkansızlıqdan, həm də həkim qıtlığından onu harasa aparmağa qərar verə bilmirdik… Həzər o gündən ki, övlad lazım olanda valideynin karına bir işlə gələ bilmir. Biz övladlar, həmin durumda idik. Atamızın müalicəsi üçün bütün imkanlarımız qapanmışdı…

 Atam həyatı, davranışı, əxlaqı və müdrikliyi ilə bizə çox şey öyrətdi. Amma mən və qardaşlarım atamdan artıq “böyüyə” bilmədik.

Atam və anam dünyasını dəyişəndən sonra dərdli gecələrimiz uzandı. Mənim, kiçik qardaşım Fəxrəddinin yetim və subay həyatı başlamışdı. Hərdən ötəri bulud tək dolub kövrələrdik. Yetimlik heç kəsə qismət olmasın… Zənnimcə tələbə həyatı qaçqın(köçkün) həyatından bir o qədər fərqlənmir. Harda gəldi qalar, harda süfrəyə dəvət etsəydilər bərəkətə ikram və şükür edərdik…

Allaha  qulluq üçün xəlq edilmiş Adəm(ə,s) övladının həyatı iki əsas hissəyə ayrılır. Birincidə bu dünya üçün çalışır, ona daha yaxın və şirin olan həyat üçün gecə-gündüz çabalayır. İkincidə  isə axirət üçün çalışmaq, sonrakı həyata qovuşmağı dərk etməkdir. Ağıllı adam həyatın bu iki dönəmində hansına daha çox üstünlük verəcəyini anlasa, bir inancın sahibinə çevrilər. O, həyatdakı əməllərinə görə o dünyada əvəzinin alacağına inanar. Belə insanlar nəfslərinə də sahib çıxa, ömrünün sonuna qədər özünü axirətə düzənləməyə sövq edə bilir.

Digər halda isə bunun  fərqinə varmadan, o dünyanı inkar edənlərdir. Vay belələrinin halına.

Valideyinlərimi itirəndən sonra mənim üçün sanki qiyamət qopmuş, İsrafil (ə.s.) öz surunu-məhdud uzunluğda olan şeypurunu üfürmüşdü. Ağlamağın və üzülməyin yeri deyildi.

“Sənin sevdiklərin,  itaət etdiklərin, səni boya-başa çatdıranlar artıq yoxdur. Bunu anlamaq çətin deyil!” -bir səs mənə təskinlik verirdi. Sonda yenə yuxarıda Allaha sığınıb çalışmaq lazım olduğunu düşündüm…

“Ölünü qəbr evinə qədər təqib edən var”…

Üç şey vardır ki, ölünü qəbrə evinə qədər təqib edir: Ailə üzvləri, malı, bir də əməli. Bunların ikisi-ailə üzvləri və malı qayıdır, əməli isə hesab sorulana qədər onunla qalır. Rəvayət edirlər ki, qəbir əzabından çox qorxan şərq dünyasının zəngin tacirlərindən biri oğlanlarına: Məni torpağa-qəbr evinə ərməğan edərkən  mənimlə məzarda bir gecə kim qalarsa, ona sərvətimin yarısını verərsiniz” – vəsiyyət edir. Vaxt-vədə yetişdikdə övladları atasını məzara hazırlayarkən “bir gecəlik yoldaşlığa” heç kimi tapmayanda hambalı razı salırar. Hambal “bir suttkadan sonra hamballığın daşını birdəfəlik atacağını və rahat həyat sürəcəyini düşünüb”, təkliflə razılaşır. Gecənin bir aləmində məzarda sorğu-sual başlayır. Sorğu-sual sahibləri qərara gəlirlər ki, ölü onsuz da burdadır, gedəsi yeri yox. İlk olaraq hambaldan başlayaq, sonra ölüdən hesab sorarıq. Hambalın belinə bağladığı ipin haradan, kimdən, nə üçün, neçiyə və kimdən alıb-suallarına cavab istəyirlər. Hambal bir ipə görə, bu qədər sorğu-suala məruz qaldığına və məsələnin ciddiliyinə şahid olduqda haray qoparmağa başlayır: “Məni azad edin, çıxardın burdan“ və s. Qəbr açılır, hambal “azadlığa” çıxan kimi təklif edilən sərvətdən imtina edir. “Bir sutka ərzində belimdəki bir ipin hesabını verə bilmədim. Bu qədər malın hesabını necə verəcəyəm”-deyib, heç nə ummadan uzaqlaşır…

 Valideyinlərimin itkisindən sonra qəzavü-qədərin bizdən yan keçməməsi, qardaş və bacılarımın, nakam gedən qardaş və bacı uşaqlarının “itkisi”  və Sərhəd Xidmətinin Leytenantı Səbuhinin də xidməti vəzifəsinin icrası zamanı şəhid olması Allahın yazdığı qədərin təzahürüdür-düşünərdim. Bu mənada övliyalardan oxuduğum bir müdrik kəlamda deyildiyi kimi: “Qədər ağ kağız üzərində yazılan bir yazı. Gəl indi ayır, bu bəyazdan, o bəyazı ”. Biləndə ki, bütün bunlar Kimdən gəlir, səbr etməkdən başqa çarə qalmır. Allah bizi bir daha istədiklərimizin itkisi ilə imtahana, sınağa çəkməsin. Amin!

Rəvayət edirlər ki, qardaş Türkiyənin sabiq prezidenti Turqut Ozal əziyyət çəkdiyi xərçəng xəstəliyindən qurtulmaq üçün klinikada əməliyyat olunur. Əməliyyatdan sonra şəxsi həkimi sutka ərzində pasiyentindən kənara bir addım da atmır. Həkim əməliyyatın özəlliyini və ağırlığını bildiyindən belə qərara almışdı. Bütün gecəni Turqut bəyin ağrıdan əziyyət çəkmədiyini, sızıldamadığını gördükdə təəccüb edir və pasientinə: Turqut bəy, heç ağrımadınız, ufuldamadınız?

-Yox, ağrıdım, taqətdən düşdüm, halım da yamandır. Amma biləndə ki, bu bəla haradan və Kimdəndir, sızıldamağın mənası və faydası varmı?!

Həkim heyrət edərək əllərini Rəbbin dərgahına uzadır: Uca Allah ağrılarına məlhəm qoysun, mənim həmişəyaşar Cumhur Başqanım! Tanrı Sizə yar olsun. Amin!…deyərək ayrılır…

Bu dünya axırətin dən səpilən tarlasıdır. Dünyasını dəyişənlər yenidən bitəcəklər.  Cadar-cadar olmuş torpaq yağmurdan sonra necə vəcdə gəlirsə,  insan da öləndən sonra diriləcəyi mütləqdir. Ağıl sahibləri üçün bunlar Allahının qüdrət və hikmət nişanələrindəndir.

Dünyanın Allah qatında heç bir dəyəri yoxmuş. Çünki dünya insanı Allahdan uzaqlaşdırır. Hər an Allahı anlamaq və ona şükr etmək insanı Allaha yaxınlaşdıran inkar olunmaz dəyərlərdir. Atam da, Anam da hər an şükranlıqla, ibadətlə yaşamış, həmişə oruc tutmuşlar.

Hadisi Şərifdə buyurulur ki, daxmasına əl gəzdirən bir neçə şəxsin yanından Allah Rəsulu keçərkən soruşur: “Nə işlə məşğulsuz?” “Uçulub dağılan daxmamıza əl gəzdiririk, ey Allahın Rəsulu!”-cavab verirlər. Bundan sonra Rəsulullah yenə buyurur: “Əcəlin bu işdən daha sürətli olduğunu (düşünürəm.) düşünün.”

İnsan oğlu  “malım, malım” -deyib, geyinib köhnəldiyi və yaxud yeyib qurtardığı malın gəlib-getməsində Allahı çox zaman görmür, ona şükr etmir. Zənn edir ki, bunu o qazanır. Sərvət və şöhrətə uyan bir insanın dininə vurduğu ziyan ac qurdların qoyun sürüsünə vurduğu zərərdən daha çoxdur- deyə  Peyğəmbərimiz vurğulayıb.

İbrət üçün bir kiçik hekayəni də qeyd etmək yerinə düşərdi. Allah Rəsulu xurma lifindən hörülmüş həsir üstündə yatmışdı. Oyananda mübarək vücudunun yan tərəfində həsirin izləri qalmışdı. Ətrafı: Ey Allahın Rəsulu, bəlkə Sizə bir döşək düzəldək? O, isə: “Mənim dünya ilə bir əlaqəm yox. Mən bir yolçu kimiyəm, bir ağac altında dincələn yolcu. Sonra da, oranı yolçu tək tərk  edib yoluma davam edərəm.”

İmam  Əl-Buxari (Səhih ləqəbini o, hədislər üzrə külliyatını  özünün “səhihi”nə – kitabında toplamasından sonra almışdır.) yazırdı: Axşam olub saleh əməlləri  sonra edərəm-deyə sabahı gözləmə. Sabaha çıxanda da sonra edərəm – deyib, axşamı gözləmə. Sağlam olarkən xəstəlik dövrünü, yaşamaq üçün ömrün varkən də, ölümü düşünmək və ona hazır olmaq (hazırlıq görmək) lazımdır.

Dünya nemətlərlərinə qarşı insan  nə qədər zahidpərəst (gözütox) davransa, xalqın malına, sərvətinə göz dikməsə Allah da, xalq da onu sevər.

Rəvayət edilir və şahid olanlar var ki, Allah Rəsulu bəzən bütün günü aclıqdan əziyyət çəkər, qarnını doydurmağa bir şey, adi bir xurma belə tapmazdı.

Bu mənada həmişə maddi imkanı bizdən az olanlara baxaq, imkanı bizdən yaxşı olanları nümunə götürməyək. Bu, Allahın bizə verdiyi nemətlərə xor baxmaq, nankorluq etməmək üçün məqsədə uyğun yoldur.

Atam aza qane olan ailə başçısı idi.  Bir şeyin yoxluğuna deyil, ailənin ehtiyaclarını minimum ödəmək üçün çalışardı. Bizdən yaxşı dolananlara əhəmiyyət verməzdi.

Geyinəndə də daşıdığı paltarın keyfiyyətinə yox, təmiz və səliqəli geyinməsinə diqqət edərdi. Kənddən çox uzaq bir yerdə bacarığına uyğun iş düşəndə, onu başa vurmamış evə qayıtmazdı. Bu, bizi darıxdırsa da, atamı gözləməli olardıq. Bəzən zəhmətinə verilən qiymət onu sevindirərdi və bu zəhmət haqqından özünə, uşaqlarına nə isə almağa xəsislik etməzdi. Amma zəhmətini nisyə də verərdi və uzun zaman əvəzini ala bilməyəndə “qınamıram, yoxdur. Yoxun üzü qara olsun”- deyərdi. Bununla da istəyindən vaz keçərdi…

Xeyli vaxt idi ki, Cəlilabadda (o vaxt  Astarxanbazar adlanardı) idi. Qayıdanda taxta bortlu QAZ 51 markalı yük maşını ilə həyətə daxil oldu. Atamın xoş ovqatda olması  açıq-aydın hiss olunurdu. Əhvalı yaxşıydı. Anam ömür-gün yoldaşını görcək adəti üzrə əlini Allahın dərgahına açıb ona həmd və şükranlıqla dualar etdi. Maşında həmin dövrdə çox qiymətli olan Cəlilabadın sarı buğdası-taxılı olan 10 kisəni bir-bir həyətə boşaldanda doğrusu mən də sevincimdən atılıb-düşdüm. Çörək qıtlığını yaşadığımdan “Qışı bəsimizdir”- deyə öz-özümə düşündüm. Atam halal zəhmətlə qazandığından özünə göy rəngli ikiqat sinəli kostyum və böyük qardaşım Zülfüqara bir ədəd qızıl qol saatı almışdı. Çox da dolu görkəmi olmayan atama ikiqat sinəli kostyum necə də yaraşırdı. Həmişə təmizlikdə atama oxşamaq istəmişəm.  Böyük qardaşım Zülfüqar da səliqə-səhmanında bizə nümunə idi…

Uzaqda görünən dağlarda qışın gəlişi artıq hiss olunurdu. Anam un tədarükü görmək üçün 20 kiloqramlıq kisəni başına qoyub mənimlə dəyirmana yollandıq. Dəyirman su ilə fırlanardı. Həmin vaxtlarda  elektrik enerjisi ilə işləyən dəyirman kəndimizə yaxın məsafədə yoxuydu. Kəndimizlə dəyirman arasında 18 km, məsafə olardı. Bu yolu da anamla piyada getməliydik. Arada dayanıb anamın başında daşıdığı kisəni yerə qoymağa kömək edər, bir az dincəlib yenidən yolumuza davam edərdik. Anama başqa cür kömək edə bilməməyimdən əzab çəkirdim. Fiziki gücüm kisəni tək daşımağa kifayət etməsə də, hiss edirdim ki, anam onunla yanaşı addımlamağımı  mənəvi bir dəstək kimi qəbul edirdi.

 Dəyirmana 200-300 metr qalmış anam: Gəl, mənim qoçağım, gəl, çatmışıq. Dəyirmana sarı sürətlə axan və xüsusi ustalıqla düzəlmiş arx diqqətimi çəkdi. Bu arxın gücü ilə dəyirmanın pərləri fırlanaraq taxılı üyüdə bilən dəyirman daşını hərəkətə gətirərdi. Buna Herakl gücü lazım idi.

Salam verib içəri daxil olduq. Dəyirmançı bizə yaxınlaşıb hardan gəldiyimizi  soruşdu: Hansı kənddən gəlmisiz?

– Qodmandan. Anam cavab verdi.  

– Bacım, kimlərdənsiz?

– Usta Mənsurun övrəti, əhli -əyalıyam.

İlk dəfə idi ki, anamdan bu ifadəni eşidirdim. “övrəti, əhli əyali”.

Dəyirmançı tez yükü anamdan alıb pilləkənlə yuxarı apardı.

Adam çox olsa da; -bacım narahat olmayın. Sizi inşəallah gecəyə saxlamaram. Bu dəyirmanın ərsəyə gəlməsində usta Mənsur kişinin əməyi az deyil. Dəyirman çarxının əsas ustası O, olub.!

Mən, dəyirmançının arxasınca bir neçə pillədən ibarət meydana qalxdım və dəyirman daşına xeyli tamaşa etdim. Dəyirman çax-çaxında idi…İri çənə oxşar daşdan hörülmüş bu “qabın” alt hissəsində  dairəvi dəlikdən tökülən taxıl üyüdülərək, bir az aşağı qoyulan qaba hazır un kimi yığılırdı. Doğrusu, taxılın una çevrilməsi mərhələsi zamanı xoş, spesifik bir qoxu başqa şeydən xəbər verirdi. Bu, bərəkət, həyat qoxusu idi. Heç vaxt həmin qoxu və anamla dəyirmana gəlib- gedən günlərim unudulmayacaq. Allah hər ikisinin köşkünü cənnətdə bərqərar etsin…

Anam da, atam da, yatmamışdan öncə dəstəmaz  alardılar. Yataqda anam “Allahdan başqa illah yoxdur, Məhəmməd Onun  Rəsuludur-deyər”, ona şəhadət verər sonra: “Allahım ölümün ayrılmaz hissəsi, qardaşı olan  yuxuya gedirəm. Sənin adınla yatır (ölür), Sənin adınla inşəallah dirilib oyanaram”. Yuxudan oyananda isə, yenidən həyata qayıtdığına görə Allaha şükr edərdi. Anam diqqət sevən qadın idi. O, Atamdan diqqəti evin təminatını təchiz etməkdə görürdü. Bu, onun üçün çox şey idi. Çünki yeməyin olub-olmamasını, bir qarın çörəyin nə vaxt veriləcəyini ondan sorardıq. Həzər o günlərdən və bir də həzər!

 Evdə heç nə olmayanda anam nələr çəkərdi, böyük bir külfətin naharını, bəzən şamını hardan və necə gətirib hazırlayardı? Belə vaxtlarda anam əzab çəkərdi. Evdə paxla olardısa, paxlanı qazana töküb ocağa qoyar, sonra şit yağ olardısa soğanı dağ edib qazana əlavə edərdi. Beləcə, hər birimizə çatacaq bir kasa paxlalı su bəs edərdi. Bütün çətin həyat şəraitinə baxmayaraq anam naümüd olmamış, naşükürlükdən çəkinmişdi. Dualarını davamlı etmiş, “valideynin övladları üçün duaları geri qaytarılmaz” müqəddəs kəlama uyğun hərəkət edərdi…

                                                          XXX

Qışın sərt çağlarının biri- şənbə günü. Biz, 4 nəfər həmkəndlilərlə Masallı rayonun 2 saylı orta məktəbinin XI sinifində bir yerdə oxuyub çalışardıq. Həftədə bir, bəzən  də iki dəfə kəndə qayıdardıq. Məsafə uzaq olduğundan və nəqliyyatın kəndə hərəkəti nəzərdə tutulmadığından dərsdən  sonra uzaq məsafəni piyada qayıtmaq, sabah sübh namazından sonra yenidən məktəbə getmək çox çətiniydi. Şənbə günüydü. Son zəngdən sonra tələsik yataqxanaya gəldik, “yükümüzü” götürüb kəndə yola düşdük. Güclü qar yağırdı. Havaya qaranlıq sahib çıxır, qışın soyuq axşamı yaxınlaşırdı. Biz qaranlıq düşməmiş rayondan çıxmalı və heç olmasa kəndin yaxınlığına çatmalıydıq. Saat 17:00 haqlayırdı.

 Bir kənddən dörd nəfər-hamımızdan  bir az hündür və fiziki cəhətcən sağlam Həsənbala,  Fətulla, Hənifə və bir də, mən. Rayonla kəndimiz arasında  hər birimizə qorxu yaradan  bir dərə varıydı. Onu tez aşmalıydıq ki, canavarların həmləsinə məruz qalmayaq. İlk məqsədimiz,“Ninəlöv” dərəsini keçib gücümüz çatdıqca iti addımlarla kənd səmtinə hərəkətə başlamaqdı. “Ninəlöv” dərəsinə çatanda qarin hündürlüyü artıq yerişimizi yubadırdı. İki saat ərzində qət etdiyimiz yol bizi kəndə yaxınlaşdırsa da, tədricən hərəkətimiz çətinləşir, taqətimiz tükənirdi. Dərəni-qorxulu yeri aşmışdıq. Düzənlik olsa da, əvvəlki kimi addımlarımız iti deyildi. Bizim üçün müşahidə nişanı kəndimizə gedən işıq dirəkləriydi.  Həmin dirəklərə uyğun  hərəkət edirdik. Dirəklərin külək səmtinə olan tərəfi də qarla örtülmüş, hər tərəf ağ libasa bürünmüşdü, azmaq ehtimalımız bizi darıxdırırdı. Ümidimiz yalnız bu yerlərə yaxşı bələd olmağımız idi. Amma, qaş qaraldıqca hərəkətin səmtini itirmək ehtimalı da reallaşırdı. Həsənbala irəlidə, onun cığırı ilə mən, sonra Fətulla və sonda Hənifə gəlirdi. Ağır addımlarla yeriyirdik. Külək lopa-lopa tökülən qarı üzümüzə çırpır, qabağı görmək çətinləşirdi. Üzümüz və paltarlarımızın ön  hissəsi də bəmbəyazdı…

  Başımızı aşağı dikib irəliləyirdik. Hava şəraiti düz baxmağa imkan vermədiyindən işıq dirəklərini artıq itirmişdik. Hava qaralırdı. Amma ətrafın qarla örtülməsi  qaranlığın-şərin düşməsini ləngidirdi. Birdən Həsənbala dilləndi: Biz kəndin  “İstilində-süni gölündəyik”. Çəltik ləklərini sulamaq üçün yaradılmış suni gölü nəzərdə tuturdu. Artıq kəndə yaxınlaşdığımıza görə rahat irəliləyirdik. Süni göl kənddən çox aralıda deyildi. Gölün kəndin hansı səmtində olduğunu bildiyimiz üçün yolumuzu sağa tərəfə dəyişdik. Tədricən sulu bataqlıqdan  çıxdığımıza, bir qədər sonra isə  (kolxozun) sovxozun müdriyyətinin yerləşdiyi binanın arxa tərəfindən addımlamağımıza əmin olduqda sevindik. Amma şaxta sanki ağzımızı da dondurmuş, danışmağa  imkan vermirdi. Bir az da irəliləyib yol ayrıcına çatdıq. Həsənbala soll tərəfə, biz üç nəfər eyni səmtə-ocağımıza sarı addımladıq. Hənifə çəkmələrini itirmişdi. Qar çoxluğu və ayaqları şaxtadan keyidiyindən çəkmələrini harada itirdiyini xatırlaya bilmirdi. Ayaqları keyidiyindən çəkməsiz getdiyini hiss etməmişdir…

Atamın qurduğu taxta pilləkənlərdə ayaqlarımı çırpa-çırpa eyvana qalxdım. Anam eyvana çıxıb məni görən kimi “Şükür,  ya  Rəbbim, Şükür”! deyərək üstümdəki qarı təmizləməyə başladı. Danışa bilmirdim, soyuqdan dilim tutulmuş, əllərim və ayaqlarım keyimişdi. Qaloşlarımı anam bir təhər çıxardıb evə keçdim. Atam namazda, əlləri Allahın dərgahına açılmışdı.  Razü-niyaz edirdi. Mən, çırta-çırtla yanan odun peçinin həndəvərində oturdum. Atam mənə sarı əyilib, bağrına basdı “Səni bizə verən Allaha min şükür. Kərəminə, Rəhminə min şükür, ya Rəbbim!” – deyə  məni oxşadı. İlk dəfəydi ki, atam mənimlə belə nəvazişlə, həddindən artıq şirin və iltifatla davranırdı.

Atam namaz üstə etdiyi dualar məni və həmkəndlilərimi gözlənilən təhlükədən sovuşdura bilib. “Bəqərə” surəsində ehtiva edildiyi kimi, “Bəndələrin istəklərini mənə açsalar, bilsinlər ki, Mən onlara yaxından yaxınam. Dua edib məni çağıranın duasına cavab verərəm”…

18 yaşıma qədər olan illərim səfalı təbiətlə təmasda keçib. Qeyd etdiyim kimi kəndimizin ətrafı vəsfə sığmaz güşələr ilə zəngin olub. Dupduru axan kənd çayı, meşələr, yamyaşıl dərələr bizi valeh edərdi. Bulaq ətrafında keçən yay günlərimiz, meşələrdə meyvə yığdığımız günlər çox maraqlı olardı. Yay aylarında qış üçün odun tədarük etməyimiz isə çətin başa gələrdi.

 Kəndin şimal tərəfində adamı valeh edən yaşıl rəngli çəltik ləklərini bu gün də xatırlayıram. Adətən çəltiyin ilk becərilmə ayı yalnız xanımlar tərəfindən əl ilə su dolu ləklərə batırılırdı. Şitillər basdırılıb qurtardıqdan sonrakı mənzərə peşəkar bir rəssamın rəsm əsərinə bənzəyirdi.  İlk 20 gün ərzində çəltik şitili üç nazik yarpaqdan ibarət pöhrələnərdi. Şitillərin ilk üç yarpağının birinin tən ortasında-iki yaşıl rəngin arasında bəmbəyaz xətt,sanki Allahın qüdrətinin ifadəsi kimi adamı valeh edərdi.

Kənddə həmin yarpağı sevdiyin qıza vermək dəb halına keçmişdi. Onu alan qız oğlanın sevgisindən xəbəri olmasa da, həmin yarpağı verməklə hər şey bəlli olardı.

Yayın isti günlərində kəndin aşağı hissəsində, rahat axan çaydan bir az aralı seyidlər tərəfindən qorunan və təmizlənən,bütün obanın içməli suyunu təmin edən bulağın sərinliyindən boy atıb qalxan və yaşı bilinməyən dəmirağacın kölgəsində dincələr, su üçün gələn kənd qızlarının səhənginə, bəzilərinin vedrələrinə diki qalxmağa kömək edərdik.

Çox vaxt dəmirağacın budaqlarına dırmaşıb ətraf meşəni, təbiəti düşündüyümüz tərzdə seyr edərdik. Təbiət bizimlə sanki danışır, dostlaşıb bir-birimizə bağlanardıq. Amma heç vaxt sirrini anlaya bilmədik. Təbiət mənim üçün dərin məzmunlu yeganə bir kitabdır ki, bu gün də oxuyub qurtara bilmədim. Hər səhifəsi sehirli məna kəsb edən təbiətin dili olmasa da, bizə danışmağa dil və havasını çəkməyə ürək bəxş etmişdi. Allah da, xəlq etdiyi insanlar da, bağışlaya bilirlər. Təbiət isə heç vaxt ona qarşı amansız davrananları bağışlamır (bağışlamaz).

Mənə elə gəlirdi ki, insan təbiətlə təmasda olmaqla inkişaf edir. Bilik insanlarda mənəvi dəyərlər üçün geniş zəmin yaradırsa, onu bizə verən təbiətdir.

Bizim üçün əziz və yaddan çıxmayan günlərdən biri də, Novruz bayramının gəlişi idi. Qar altından çıxan bənövşəni ovcuma alıb müəyyən vaxtdan sonra solduğunun şahidi olanda köks ötürər, gözəllik də belə olur-düşünərdim. Allahın yaratdığı gözəlliyə toxunmaq olmazmış, onu ancaq qəlbinlə duymaq və oxumaq olar.

Hamısını Göstər

Related Articles

Back to top button