Uyğur türklərini zorla işlədərək “iPhone” istehsal edirlər – Araşdırma

Dünyanın ən böyük smartfon istehsalçılarından və sayılı texnologiya şirkətlərindən “Apple”, yenidən Çində yaşayan uyğur türklərini məcburi əməyə cəlb etməkdə təqsirləndirilir.

Bu barədə “The Information” agentliyi araşdırma aparıb. Araşdırma vaxtı üzə çıxan yeni sənədlərdə göstərilib ki, “Apple”ın 7 cihaz təchizatçısı hələ də, uyğurları məcburi əməyə cəlb edir.

Belə ki, əvvəllər “Apple” uyğur türklərinin məcburi işlədilməsinə qarşı olduğunu söyləsə də, “The Information” öz araşdırmasında bunun əksini göstərib. Məlum olub ki, “Apple”ın ən böyük təchizatçıları “Apple”la eyni fikirdə deyillər. Araşdırma zamanı şirkətin təchizatçılardan birinin uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində yerləşdiyi və uyğurların orada məcburi əməyə cəlb olunduğu ortaya çıxıb.

Məlumatda Çinin Huayan şəhərində “Apple” cihazları istehsal edən “Avary Holding” 2019-2020 illər arasında fabriklərindən birində 400, “Apple” üçün daxili kabellər istehsal edən “Shenzhen Deren Elektronik” şirkətində isə 1000 nəfər uyğur türkünün məcburi əməyə cəlb olunduğu göstərilib. “AcBel Polytech”in də 2018-ci ilin sonu, 2019-cu ilin əvvəllərində uyğurları məcburi əməyə cəlb etməsi müəyyən olunub. Bundan əlavə “Apple”ın məşhur smartfon modeli “iPhone”un şüşələrini təmin edən “Lens Technology”nin də 2018-ci ildən bəri Sincanda 600 nəfər uyğur türkünü məcburi əməyə cəlb etdiyi bildirilib.

Xatırladaq ki, “Apple”ın yuxarıda adları sadalanan şirkətlərlə əlaqəsi rəsmi sənədlər vasitəsilə təsdiqlənib. Məlumatda “Amazon”, “Google”, “Microsoft”, “Facebook” və digər şirkətlərin də bu təchizatçılarla əlaqələri olduğu göstərilib.

Qeyd edək ki, bu barədə xəbərlər mətbuatda yayıldıqdan sonra “Apple”, ötən ilin dekabr ayında açıqlama verərək belə hallara qətiyyən yol verilmədiyini və uyğur türklərinin təchizatçıların müəssisələərində işlədiyinə dair heç bir əsasın olmadığını bəyan etmişdi.

Xatırladaq ki, ABŞ-ın sabiq Dövlət Katibi Mayk Pompeo, bu ilin yanvar ayında Çinin Sincan Uyğur Muxtar Bölgəsində soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəldiklərini açıqlamışdı.

Hamısını Göstər

Related Articles

Back to top button