Mənim həyat hekayətlərim (XIV hissə)
Bədənimizdəki xəstəliklərin nədən əmələ gəldiyini təxmin edə bilirik. Obrazlı qənaətimə görə isə mənəvi xəstəliklər təkəbbürlüklə, tərbiyə və insanların beyninə doldurulan cəfəngiyyatla,cəmiyyətdə, ailədə və kollektivdə səpilən pislik toxumu ilə ərsəyə gəlir.Hələ bunun “biçilməsi” var. Ona görə, zəqqum ağacının toxumunu səpmək istəyənlərə mane olmayanda, əməl və davranışlar əndazəsini aşır. Cəmiyyətin (heç olmazsa penitensiar müəssisələrin fəaliyyət istiqamətlərinə uyğun) islah olunması çətinləşir.
Böyük Rus yazıçısı, dünya şöhrətli prozaik F.M.Dostoyevskinin dili ilə təkrarlasam: Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayda məsum bir körpənin gözyaşları axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır (tar-mar olsa yaxşıdır). Bu mənada kiməsə pislik etməklə inşa edilən saraylarda ailənin səadətini təmin etmək çətindir. Tanrının sevdiyi bəndələrilə bağlı planlarını proqnozlaşdırmaq hələ heç kimə nəsib olmayıb.
Hindistanın dövlət gerbində “Ancaq həqiqət qələbə çalar”-sözlərini oxuyanda Cəvahirlər Heruya olan rəğbətim birə-on artdı. Böyük Britaniyanın dövlət gerbində isə “Allah və mənim hüququm”- yazılmışdır. (Belə oxumuşam) Böyük ölkələrin Allaha sığınıb davranışlarını qəlibə sala bilməsi, ümumi rifah naminə çalışmaq vahid bir məqsədə çevrildiyindən, bizim məmurların bəziləri ibtidai icma təfəkküründən o tərəfə gedə bilməyiblər. Xalqını düşünən ziyalılar üçün belə insanlar dərd ağacına çevrilib. İnsanları bir-birindən ayıra bilən düşüncə müxtəlifliyidir, kin və nifrətdir, avamlıqdır, şəxsi mənafelərinə üstünlük verməkdir və s.qeyri insani davranışlardır.
İlahi! Yaratdığın canlı varlıqlar sırasında adama oxşayan nə qədər şeytanlar və İblislər varmış?! Bunları neynirdin, ya Rəbbi!?
Uca Allah həyatı maraqlı yaratsa da, hər zaman və hər yerdə sərtliyi və sərsəmliyi ilə diqqət çəkib…
İnsan həyatda ibrət götürməli, vəzifəsində haqq və ədaləti, insaf və mürüvvəti həmişə nəzərə almağı bacarmalıdır. Yerli-yersiz Donkixotluq etmək cəsarətdən deyil, cəhalətdən irəli gəlir. Haqq qüvvətdə, qüvvət haqda deyilsə o vəzifə xalqa xəyanətlə davam edər…
Üz tutmağa başqa bir qapı tapmadım. Səbr etdim. Qismətimi də səbrlə gözlədim. Gec gəldi, amma gəldi. Yaxşı-pis mənumkiydi. Naşükürlüyə haqqım da çatmırdı. Bir Övliyadan soruşurlar:
-Səbr etməyi kimdən öyrəndin?
-Mənə yol göstərən bir pişikdən-deyir.
-Necə?
-Pişiyin axtardığı ov-siçan qaçıb yuvasına keçib ordan çıxmırdı. Pişik də siçanın olduğu o deşiyin ağzında səbrlə, gözünü qırpmadan saatlarla pusquda durur. Axırda səbri tükənən siçan yuvasından çıxan kimi pişik ovunu rahatca tutur. Ona görə “Mən səbr dərsini pişikdən öyrəndim” .Meyvələr də səbrlə yetişəndə şəkərə dönür…
Baş verənlər həyat hekayətlərimin metastaz verən unudulmaz ağrılarıdır. Mənsəb sahibi vəzifəsinin imkan və gücündən insana qarşı bu dərəcədə sui-istifadə etməməlidir.Allah hər şeyi aydın görə bilir… Qoy qisas qiyamətə qalsın. Orda görüşənədək…
Həmin gecə yuxuda sürətlə yıpğalanan nəhəng bir “karüselə” bənzər nənnidə özümü ölmüş gördüm. Amma ağlayanım yox idi. Anam, atam, bacılarım, qardaşlarım, həyat yoldaşım da yanımda, amma heç kim ağlamır. “Bu necə ola bilər? Bu qədərmi vecsiz bir şeyə çevrilmişəm? Nə baş verib, günahım nədir?”-düşünərkən, birdən atamla anamın həmişə bizimlə təmasda olduğu Talış dilində danışıqlarını eşitdim. Ölməyimi unudub tabutdan dikəlmək istəyəndə qeyri ixtiyari atamın ayaqlarına düşdüm. Atam qolumdan tutub qaldırdı. Üst-başımı əllərilə çırpıb dedi: Niyə belə ovqatın təlxdir? (Atam da, anam da belə ifadə işlədərdilər.Yəni niyə bikefsən mənasını verir) Darıxma ay bala, ölməmişəm ki?
Anam isə, Şəmsəddin, bala! Səni heç bu qiyafədə görməmişdim. Yenə nə oldu? Niyə kefsizsən? Sənə axı belə hüzn yaraşmır. Biz heç vaxt səni belə görməmişdik. Atan düz deyir.Səbr Allahın gözəl adlarındandır.Özünü üzüb bizi də ağrıtma!..Başını dik tut…
Ağlamağımın səsinə yuxudan oyandım və yuxunu xatırladıqca bir az da təsirləndim…Başıma gələnlər nə tez o dünyaya gedib çıxdı? Mərhum valideynlərimin ruhları hər an yanımdaymış-düşündüm.Bu dünyadakı halım nə te haq dünyasında olan valideynlərimə bəyan oldu?!.Ruhları şad olsun!..
XXX
Zamanında vəzifələrindən əsassız azad edilmiş 26 polis polkovnikləri Daxili İşlər naziri Vaqif Novruzovun qanunsuz hərəkətlərindən Milli Məclisin sabiq sədri Rəsul Quliyevə müraciət etmişdilər.R.Quliyev bizim işlə təmin olunmağımızla bağlı mərhum Prezident Heydər Əliyevə tez-tez məlumat verir,pozulmuş hüquqlarımızın bərpasına çalışırdı.Vaqif Novruzovun vəzifəsindən kənarlaşdırılmasında Rəsul Quliyevin rolu danılmazdır.Sonradan onun istefa verib ,ölkəni tərk etməsi hamıya bəllidir…
Uzun müddət işsiz qalmağım,dinamik həyatımı yaşıma uyğun yaşaya bilməməyim(mən 49 yaşımda orqandan xaric olunmuşdum)məni çıxılmaz vəziyyətə salmışdı.Həmin ərəfədə mən yeni təsis etdiyimiz Demokratik Yol Partiyasının təşkilat məsələləri üzrə müavini idim. DYP Rəsul Quliyevin Həmsədri olduğu Demokrat Partiyasına birləşməli oldu,ADP-yə transfer etdik.Mən bunun əleyhinə çıxsam da,xeyri olmadı.Zorən ADP sıralarında olduq.Hər şey bundan sonra başladı və dəyişildi.Hakimiyyətə müxalif və iddialı olan bir partiyada mən hüquq məsələləri üzrə katib postunda idim.Doğrusu hadisələr məcrasından və bəzən də nəzarətdən çıxırdı.Belə situasiyalarda dövlət sərt tətbirlərə əl atmaqla polisin gücü ilə aksiyalar zərərsizləşdirilirdi.Əslində hakimiyyətdə kimin və hansı partiyanın-komandanın olmasına baxmayaraq polisin başqa cür davranmağa haqqı yoxdur.Polis siyasətə qatılmamalı,hakimiyyətin spesifik səlahiyyətə malik qurumu kimi cəmiyyətin təhlükəsizliyini təmin etməyə borcludur.Səmimi etiraf edim ki,20-25 il ərzində,bu gün də, Azərbaycan polisinin ölkədə sabitliyin və insan hüquq və azadlıqlarının təmin olunmasında xidməti əvəzsizdir və bunu danmaq nadanlığa dəlalət edir.Hakimiyyəti belə qoruyarlar!…
Mən sonralar partiya sıralarından istefa versəm də,orada xalqını və vətənini sevən,vicdanı saf ,idarəçilik təcrübəsi olan eruditsiyalı ziyalılarla yaxından təmasda olmağımda məmnunam.Bu, mənim qazancım idi.Amma o düşərgədə birliyin olmaması,yersiz ittihamlar və ambisiyalar partiyaların təməlinin zəifliyinin təcəssümü idi…
2002-ci ilin noyabrın 18-i,Ramazan ayının 10-cu günü idi.İndiki Təbriz küçəsi(keçmiş Çapayev küç.)ilə H.Əliyev küçəsinə hərəkət edən tramvayla iftara tələsirdim.Mobil telefonuma zəng gəldi.Böyük qardaşım Zülfüqarın oğlu İlham idi.Telefonu açan kimi,hardasan?
-İftara gedirəm.
-Gəl,gəl.Mən də Ağaddin əmi ilə sizdəyik.
-Lap yaxşı.Gəlirəm bir yerdə iftar edərik.
Amma İlhamın səsində əvvəlki kimi şirinlik duymadım.5-ci mərtəbəni qalxıb evə daxil olanadək qəribə fikirlər beynimdən keçdi.Hər ikisini salamladım.Hal-əhval soruşmadan yoldaşıma:
-Sən Allah,tez yeməyi gətir.Namazımı sonra qılaram –dedim.Reaksiyanın soyuq olduğunu gördükdə İlhama:
-Nə isə olub,əhvalınız birtəhərdir.?
-Səbiş sərhəddə yaralanıb.Yoldadır,şəhərə- qospitala gətirirlər.
-Necə yaralanıb7Məlumat hardandır?Bəs niyə mənə heç bir zəng daxil olmayıb.Təxminən hansı tərəfdədirlər?Heç olmasa qarşılayaq.
-Ehtiyac yoxdur.Əlaqə saxlamışıq ,artıq şəhərə yaxınlaşırlar.
Ac olduğumu unutdum.Açıq danışmadıqlarını gördükdə bir az da şübhələndim.Suallarım artdı.
-Sizə bunu kim dedi?
-Mənə zəng etmişdilər.
-Yaxşı, bəs mənə niyə məlumat verməyiblər?
-Nə olar,məni tanıyır,mənə də zəng edib də.Burda nə var ki,?
Artıq beynimi başqa fikirlər zəbt etmişdi.Yataq otağıma keçdim,saat 20:30-u irəliləyirdi.Pəncərədən həyətə baxanda qonşuların sakitcə bir-biri ilə danışığını gördükdə şübhələrim bir az da artdı…
Həmin günü blokdan çıxanda həyəti gözucu süzdüm,təxminən 3-4 dəqiqə qəribə bir fikir məni caynağına almışdı.Özümdən asılı olmayaraq düşünməyə başlamışdım:”Burda,çadır qurmaq olar.Həyətin eni və uzunluğu buna imkan verir”.Və tdərhal da düşüncələrimdən ayrılmaq istədim .İti addımlarla həyəti tərk edərkən özümə sual etdim:”Bu axmaq fikir başıma haradan gəldi?Nə palatka?Bu nə düşüncədi,ay kişi?”Özümü qınamağa başladım …
Evdə qərar tuta bilmirdim. Heç kimin üzünə baxmırdım.Yoldaşım məni uşağı qarşılamağa məcbur edirdi:
-Düş gedək uşağı qapşılamağa.Gəl,gəl gedək-təkidlə tələb edirdi.
-Necə gedək?
-Taksi tut…
Yenə hardansa mənə israrla deyirdilər ki,Səbuhinin şəklini götür, böyüt.Lazım olacaq.Şkafın siyirmələrini bir-bir çəkməyə başladım.Yoldaşım şübhələnmişdi.
-Nə axtarırsan?
-Səbişin şəklini axtarıram.Yaxşı şəkili var?
-Şəkili neynirsən?
-Böyüdəcəyəm.( Hər şey bəlli oldu.)Səbiş daha yoxdur-dedim…
Aşağı düşdüm.Qonşular məni görcək hərəkətlərində şübhələnə biləcəyim halları sezməyim-deyə başqa cür davranmağa başladılar.Mən,heç kimə heç nə demədən aramla dolanıb Səbuhininin yolunu gözləyirdim …
Ölümündən 20 gün əvvəl hərbi hospitaldan evə buraxılmışdı.Bir həftə evdə qalacaqdı.Sərhəd zastavasından ona təcili işə çıxmağı təkid edirdilər.”Axı, səhhətim tam bərpa olunmayıb.Olarmı 3-4 gündən sonra gəlim?””Yox!”-demişdilər.Beləcə uşaq elə həmin gün axşam saatlarında avtobusla xidmətinə yola düşdü.Şair qardaşım Nurəddin də bizdə idi.Birlikdə durub onu qapıya qədər yola saldıq.Övladlarıma qarşı həmişə sərt davransam da, bu dəfə qəribə hisslərlə Səbuhi ilə vidalaşırdım.Yenə bu hisslərin hardan yarandığını deyə bilmərəm.Çantası əlindəydi.Mənə tuşlanan baxışları kövrək və kiməksiz görünürdi.Sanki imdad diləyirdi.Gözlərindən”Ata,getmək istəmirəm.Bəlkə məni birtəhər saxlaya biəsən?”ifadələrini aydın oxuya bilirdim.”Amma xidməti zərurət yaranıbsa getməlisən”-düşündüm.
Ayrılıq dəmində sərtliyimdən əsər-əlamət olmasa da,məndən bir şey ummadı.Sağ əlilə qamətinə çox yaraşan hərbi formasının döş cibindəki qələmi götürüb mənə uzatdı:Ata,siz(mənə həmişə”Siz”-deyə müraciət edərdi) daha çox yazırsız.Bu qələmi sizə hədiyyə edirəm.
-Məndən də çox yazan əmindir.Sənin razılığınla mən də,hədiyyə etdiyin qələmi əminə verirəm.
Bir-birimizə sarıldıq.Böyük qardaşım Nurəddin yanımda olmasaydı bəlkə də ayrılmazdıq.Əllərini bərk-bərk boynuma dolamışdı.Qopmaq istəmirdi.Bu sayaq qucaqlaşmağımız olmamışdı.Barmaqlarımla saçlarını oxşadım.Bu gün də barmaqlarımda onun saçlarının ətri var.Qoxusu başqadır.Üzümdə Səbuhinin üzündəki kövrək tüklərinin batdığı yerlər hələ də “qıdığlandırır”məni.Anlaya bilmirdim bu nə gediş idi.Ayrılıqların hamısı beləmi olur?
Arxaya addımlamaqla qapını açıb pilləkənləri düşərkən:”Çatan kimi zəng vuraram”-dedi.Saat təxminən 22:30 radələrində mobil telefonla zəngini açdım.”Ata,çatdıq.İnşəallah sabah posta çıxıram .Ordan zəng etmək mümkün olmayacaq.Geri-zastavaya qayıtdıqdan sonra zəng edəcəyəm.”Son zəng oldu.Bir daha onunla danışa bilmədim…
O vaxtdan içimdə atəşdən bir ocaq qalanıb.Qələmin mürəkkəbi mənimlə savaşa çıxır.Masamın üzərindəki ağ varaqlar Səbuhi ilə bağlı dərdli xatirələri yazmağı məcbur etsələr də, qələm acizanə şəkildə susub qalır…Başını aşağı dikib nə yazım,yazmaqla bitəcəkmi-soruşur.”O dərdlərin hamısı torpaqda əkilib,bitəcək…Ürək yaxan son vida anında gördüyüm baxışları mənə əmanət qaldı…
Dərdlərimin çılpaqlığını,iffət və həyasını örtmək üçün ona libas biçib-tikmək qənaətinə gəldim.Amma kim biçəcəkdi,kim tikəcəkdi onu məndən başqa?!.Dərdlərimin ölçüsünü məndən başqa bilən də yoxuydu.Ustad dərzi”axtardım,tapammadım.Zaman mane oldu,”Özüm tikəcəyəm”-dedi.Sərt sınağa çəkilmişdim.Bundan sonra onun əlindən qaçmaq mənasızdı…
Çox çalışdım ki,dərdləri içimdən qovub,sonra qəlbimin qapılarını bərk-bərk bağlayım.Alınmadı.Qovalasam da,haradan içəri keçə bildiyini anlaya bilmirdim.Zaman dərdlərimə “dəstək” oldu,o ki,var daşlandım…Şikayətli dualarımı yazmaq istədim.Mürəkkəbi tükənmiş qələmimi qəlbimin qanayan yerlərinə batırırır,bəzən də göz yaşlarımla isladaraq Allaha ünvanladım…
Cavabını almadan hövsələsizlik məni qəribə bir cəza metodunu tətbiq etməyə vadar etdi.Beləliklə,məni təhdid edən dərdlərimin caynağından qurtulmaq üçün boynuna ip keçirib diktatorlarin edam edildiyi qaydada asmaq qərarına gəldim…
Hadisədən sonra şair qardaşım Nurəddin Səbuhi ilə son görüş və vida mənzərəsini qəribə bir poetik dillə qələmə almışdı.
Bu lov xəbər bir qanadlı quş oldu
Çatan kimi baharımız qış oldu.
Biləmmədik necə,hardan tuş oldu,
Hardan tapdı bizi belə bir bəla?!
Dayanmışıq ömrün payız sinnində
Atan mənim,mən atanın günündə
Bu sitəmin,müsibətin önündə
Yalan oldu”Müsibəti Kərbəla!”
Ömür ötür qəm -qüssəynən,ələmnən
Xoş günlər də verilirmiş sələmnən.
Vida vaxtı verdiyin o qələmnən
Ölümünə şer yazdım ay bala!
Tale bizi saldı yaman oyuna,
Toy libasın kəfən oldu boyuna
Vaxtı idi,yığışaydıq toyuna,
Qohum,qardaş oynayaydı,güləydi…
Kim açacaq Fələk vurmuş düyünü?
Tanrı yıxsın hər baisin öyünü.
Görməyəydi bu sitəmi,bu günü,
Kaş bu şeri yazan əmin öləydi!
Noyabr,2002-ci il.
Ömür-günün qönçə çağını hələ tam yaşaya bilməmiş,at-ana borcunu verməzdən öncə Vətən borcunu verdiyi günlərin birində (18 noyabr 2002- ci ildə)sərhəddə qəfil ölümlə üz-üzə durmuş,namərd gülləsinə tuş gəlmişdi Səbuhi…
…İlahi rəvayətlərin birində deyilir ki,bir gün İblis Allahın hüzuruna gəlib Yaradandan Hz.Əyyub peyğəmbəri sınağa çəkməsini təklif edir:
-Ya Rəbb! Peyğəmbərinə saysız sərvət ,sağlamlıq və 11 oğul bəxş etmisən.Onu sınağa çək,görən Sənə asi olarmı!Aləmlərin Rəbbi nəbisini əvvəlcə mal-dövlətilə imtahan edir.Allah nəbisi əsla naşükürlüyə bulunmur,şükranlığında davam edir.Bu dəfə İblis:
-Ya Rəbbi,onu övladı ilə sına-deyir.Bu təklifi də qəbul olunur.Üçüncü dəfə peyğəmbəri sağlamlığı ilə sınağa çəkilməsini istəyir.Hz.Əyyub 20 ilə yaxın müddət ərzində xəstəliyindən olmazın əzab çəkir.3 arvadı ona xidmət etməkdən bezikib uzaqlaşır.Sonuncu arvadı isə ona qayğı ilə yanaşır.Amma Allah peyğəmbəri bircə dəfə də olsun vəziyyətindən şikayətlənmir,Allaha asi olmur.”Sevinclə-kədər,xeyirlə-şər,sevgi ilə nifrət,xəstəliklə-sağlamlıq,zənginliklə yoxsulluq”iç-içədir-deyir.
Rəbbimiz Hz. Əyyubun səbrini və dözümlüyünü görüb ona xitab edir:
-İndi ayaqlarını yerə vur,ordan çıxacaq su ilə yaxalan,bütün xəstəliklərin,bədənindəki yaraların sağalıb,əvvəlki səhhətin bərpa olunacaq.Beləliklə,Hz.Əyyub “səbr ağacının” şirin meyvəsinin dadına şahid olur…
Xəzər sahilinin Corat məzarlığında uyuyan Səbuhi balamın sinə daşına Sədi Şirazinin sanki nakam şəhidlərə yazdığı “Gülüstan”əsərindəki dörd misranı qeyd etdim:
…Bir zaman dedim ki,kamə çataram.
Bilmədim ,bu arzu boş bir həvəsdir,
Təəssüf,ömrümün bol süfrəsindən
Bir tikə götürdüm,dedilər bəsdir…
Səbuhi evi tərk edəndən sonra məlum oldu ki,qonşu qızı ilə əhd-peyman da bağlayıbmış.Bu barədə evdəkilər məni agah edəndə:
-Lap yaxşı.Gözümüzün qabağında böyüyüb.Amma birdən imtina etdilər?
-Etməzlər.Öz aralarında məsələni həll ediblər.Qız,qadınların “Hə”yə gəlməsinə razılıq verib.Ona görə də getsək yaxşıdır.
Etiraz etmədim.Allahın adı ilə gedin-dedim.
Amma elçiləri xoş qəbul etsələr də qızın artıq bibisi oğluna nişanlandığını bildirmişdilər…
Yaxın qonşu kimi uzun müddət hüzn içində olmağımıza biganə qalmadılar.Xeyir işlərinə başlamazdan əvvəl Qurani Kərimlə evimizə gəlib xeyir-dua istədilər və göz yaşları ilə bizi tərk etdilər…
Ürəyimi göynədən başqa hekayət də var.Toy gününə qədər bircə dəfə də olsun qonşu qızı gözümə dəymədi.Toy günündə qonşu qızın-gəlin düvağında ata evindən çıxmasını duymamışıq.Çalğıçılar evə dəvət almamış,”Vağzalı”sız ata mənzilini tərk etmişdi.Bir gün də eşitdim ki,qonşu köçüb…Həyanın da musiqiyə xas “pərdəsi” olarmış…
Bu da mənə bir dərd oldu…
Səbuhidən sonra ağrılarımı biruzə verməsəm də,doğmalar nə çəkdiklərimizi duymamış deyildilər.Şair qardaşım Fəxrəddin hüzn günlərimi poeziya dili ilə ifadə etmişdi:
Tökmə bu qədər göz yaşı,qurban sənə qardaş,
Qismət dediyin paydı bu hicran sənə,qardaş.
Sən ki,bu qədər rəftarı xoş,niyyəti pakdın,
Göstərmədi xoş üz niyə dövran sənə,qardaş?
Ömrün bu ahıl,bu ixtiyar,müdrik yaşında
Nə bəxşiş idi fani dünyadan sənə,qardaş?
İman əhlinə Tanrı hökmü məqbul olsa da,
Zülm etdi,sitəm verdi Yaradan sənə,qardaş.
Topla gücünü, sınma yad-biganə içində,
Ta söyləməsin kimsələr hədyan sənə,qardaş.
Allah,deyirlər,sevdiyini imtahan edər,
İbrət deyilmi bəxti-Süleyman sənə qardaş.
Toxta,ey cəlalım,bu qədər ahu-zar olmaz,
Rəbbin Özü versin səbrü-aman sənə,qardaş…
XXX
Hakimiyyətin budaqlarında təmsil olmaq imkanının,ən azı bələdiyyə seçkilərində partiyaların və ADP-nin də uğurunun olmadığını gördükdə,partiya daxilində intriqa hallarının dərinləşməsi,partiya sədrinin seçkilərdə iştirak edə bilməməsi,ən əsası vətənə dönə bilməməsi partiyanın (bu mənada hər bir partiyanın)gələcək uğurunun civə sütununda sıfıra enməsi məni partiyadan istefaya getməyimi qətiləşdirdi.Və bəyanat verərək ADP-dən getdim…Məni,ətrafım məzəmmət etsə də,hərəkətimdən peşman deyildim.Zaman keçdikcə məni istefaya aparan faktorlar digərlərinin də,partiyanın məram və kursundan kənara çəkilməsinə zəruri zəmin yaratdı.Mən düz addım atmışdım…
Bu gün,artıq cəmiyyətin çoxpartiyalı sistemə ehtiyacı yoxdur.Əksər partiyalar faktiki olaraq kağızda mövcüddur…Liderlərin xarizmatik keyfiyyətlərə mənsubluğu hakimiyyəti “ələ almağa” kifayət etmir.Digər əsas cəhət partiya liderləri sırasında İlham Əliyevin bacarıq və qabiliyyətinə,diplomatik və beynəlxalq münasibətləri mənimsəmə səviyyəsinə,dil biliklərinə uyğun bir ictimai-siyasi xadim tapmaq çətindir.Bir ay ərzində beynəlxalq miqyaslı peşəkar jurnalistlərə 30-dan çox müsahibə verən,dünya liderlərindən təmkini və eruditsiyası ilə aşkar fərqlənən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir sırada dayanan lider yoxdur.
Siyasi partiyaların elektoratları bir-birilərini qəbul etmir,əsas məsələlərdə-vahid namizəd ətrafında birləşmək istəyi yox dərəcəsindədir.Partiyaların nizamnamə üzrə məramı fəaliyyət istiqamətləri ilə üst-üstə düşmür və s.Bu baxımdan şansı olmayan belə partiyalarda olmaq, ömrün “boş dayanmasından “ başqa bir şey deyil…
Partiyadan istefam Kütləvi İnformasiya vasitələrində yayıldı.Məndən inciyib ,küsənlər arasında dostlarım,tanışlarım,hətta bir partiyada addımladığım funksionerlər də az deyildi.Tənələr yağdırır,”nahaq ,tələsik və düşünülməmiş addım atdın”-deyə məni məzəmmət edənlər də az deyildi.Hakimiyyətə qısa və əzabsız yol axtaranlar uzun illərdir bu arzu və istəkdə yerində addımlayırlar.Yəqin yorulublar,təkrar-təkrar eyni günü yaşamaqdan beziblər,arzu və istəklər ərşə çəkilib,xülyaya çevrilib…İndiki zaman partiyaların xeyrinə işləmir…
MƏKKƏ ZİYARƏTİ
Ailəmizdə 6 qardaş,üç bacıdan yalnız mən Qurani Kərimi oxuya bilirdim.Həmin vaxtdan bu günə kimi səmavi kitabı ərəb dilində 50 dəfədən çox başa vurmuşam.İlahi kəlamların Azərbaycan dilinə çevrilən məalından sonra, Allahın yaratdıqlarına şükr ,Ona və elçisinə itaət etmək mömin bəndələrinin müqəddəs vəzifəsi olaraq önə çıxdığına bir daha əmin oldum.Yeniyetmə çağlarımda valideynlərim Oruç ikən mən də,sübh-imşak vaxtı onlarla bir yerdə durar,Quranın müqəddəs surələrindən ucadan oxumaqla Oruc tutub,namaz qılardım.Uşaq ağlımla ata və anamın hərəkətlərimdən razı qaldıqlarına şahid olduqca özümü zövqü-səfada hiss edərdim…
2005-ci ildə Həcc ziyarətinə çağırış olmuşdu.Sənədlərin qəbulunun bitməsinə az qalmış şənbə günü Kəbə evini artıq ziyarət etmiş ,jurnalist qardaşım Hacı Ağadddinin yaşadığı Corat qəsəbəsindəki mənzilində olduq.(Mən,Hacı qardaşım Nurəddin və Həkim qardaşım Fəxrəddin hər həftənin şənbə günlərində ona baş çəkərdik)Təsadüfən söz Həcc ziyarətindən düşdü.Fəxrəddin Hacı Ağaddin qardaşımızdan mənim Məkkəyə getməyimə kömək etməsini istədi.Hacı Ağaddin Qafqaz Müsəlmanları Ruhani idarəsinin Elmi-Dini Şurasının üzvü olduğuna görə Fəxrəddinin təklifi xoş qəbul olundu.Və Hacı qardaşım məsələni iki gün ərzində həll etdi.Allah ruhunu şad etsin…
Həmin ilin noyabrında Bakı şəhərinin Azadlıq meydanından 5 sərnişin daşıma avtobuslarla Həcc ziyarətinə yollandıq.Bakı-Astara magistral,beynəlxalq əhəmiyyətli avtomobil yolu ilə Azərbaycan Astarasından İran Astarasına,Ərdəbilin dağlıq aşırımlarını keçməklə Türkiyə ərazisinə,sonra İraqın Hələb şəhərini arxada qoyub iki gün ərzində Suriyanın qədim paytaxtı Dəməşqdə(keçmiş Şam şəhəri )proqram üzrə bəzi ritualları yerinə yetirməyə başladıq.Hz.Zeynəbin uyuduğu məsciddə namazlar qılıb,Kərbəla müsibətində şəhid olanların məzarlarını,Hz.Hüseynin qızı,az yaşlı Ruqiyyənin qəbrini ürək ağrıları ilə ziyarət etdik.
Dəməşqdə eşitdiklərimdən:Rəvayətə görə İmam Hüseynin Kərbəla döyüşündə qətlindən sonra nizəyə taxılmış mübarək başı ətrafa nümayiş etdirilməklə Şama gətirilir.Kiçik Ruqiyyəyə atasının şəhid olduğu sanki bəyan olur.İlahi hikmətdən Ruqiyyənin ürəkləri didən ağlamağı bütün Şamı bürüyür.Şam uşaqları da Ruqiyyənin ağlamaq səsini eşidib ağlamağa başlayırlar.Bu əsnada Yezid(ona ləənət olsun) ətrafından nə baş verdiyini soruşduqda,cavab verirlər ki,Hüseynin kiçik qızı Ruqiyyə ağlayaraq atasını istəyir.
Yezid:Hüseynin kəsilmiş başını aparıb qabağına qoyun,səsini kəssin.Belə də edirlər.Ruqiyyə qarşısındakı “Xonçanı” görəndə:”Mən yemək istəmirəm”-deyir.Məlunlar “xonçanın”üstünü açanda Ruqiyyə atasının üzünə üzünü qoyub sakitləşir.Şamdan uşaq ağlamağının səsi də kəsilir.Amma…amma bilirsiz nə baş verir?Məlunlar Ruqiyyəni kənarə çəkib “xonçanı”aparmaq istərkən qızcığazın keçindiyinin şahidi olurlar…Bu hekayəti Dəməşqdə eşitdim…
Sonra Yezidin qətliamları seyr etdiyi iqamətgahın meydanında da olduq.Deyilənlərə görə Yezidin(ona ləənət olsun)mənzil-qərargahını yalnız xarici,qeyri-müsəlman turistlər az vaxt ərzində seyr edir və narazı halda oranı tərk edirlər…
(Mənə Kərbəlanı da ziyarət etmək nəsib oldu.2018-ci ildə Hacı qardaşım Nurəddin,oğlu Elnur və həyat yoldaşı Xalidə xanımla birlikdə İraqda olduq.Kərbəlada Hz.Hüseynin,Kufədə isə Hz.Əlinin qəbrini,Hz.Hüseynin ziyarətinə uzanan yolda klassikAzərbaycan şairi,sahibsiz məzar kimi diqqət çəkən və kiçik baş daşında ərəb dilində “İraq şairi”həkk olunan Məhəmməd Füzulinin və digər müqəddəs şəxslərin qəbrlərini,hətta Hürrün uyuduğu gümbəzi də ziyarət etdik…Tanrı istəyənlərə nəsib etsin…)
Suriyadan sonra Məkkə ziyarətinə davam etdik.Burada da iki gün ərzində İslam Peyğəmbərinin uyuduğu yaşıl gübbəli gümbəzin ətrafında inşa edilən və dünyanın nadir memarlıq incilərindən sayılan Mədineyi-Münəvvərəni,Peyğəmbər səhabələrinin sümükləri görünən Baqi qəbristanlığını ziyarət etdikcə bihal olardıq.Qeyri- adi təhlükəsiz və müqəddəs bir şəhərdə hamının məmnunluğu heyrət doğururdu,sözlə ifadə etməkdə çətinlik çəkirəm.Yalnız getmək və görmək lazımdır…
Beləliklə,gəldiyimiz avtobusla da,Mədinədən Məkkəyə yola düşdük.4 saat ərzində qumluq səhrada çəkilən ikitərəfli avtomobil yolu keyfiyyəti,təmizliyi, yolun sağ və sol tərəflərində bərkidilmiş hündür,qoşa lampalı elektrik dirəkləri adamı heyran edirdi.Orada gecələri gündüzdən fərqləndirməyə cəhd etmək də əbəsdir.Gecə lampalarının güclü işıq saçması hər tərəfi aydınlığa qərq edir.Atılan iynəni belə yerdə rahat tapmaq olar. Bəzən qumsal yerlərdə,çılpaq dağlarda salınan yaşıl vahə-oazis İlahi gözəlliklərin canlı təcəssümü kimi zəvvarları ovsunlayırdı…
XXX
Günlər kosmik sürətlə ötürdü.Toy şənliklərinin birində zamanında nazirlikdə bir yerdə çalışdığım yüksək çinli polis məmuru ilə söhbət əsnasında Nazirlə görüşmək istədiyimi bildirdim.
-Dəvət etsə gələrsən?
-Əlbəttə,niyə gəlmirəm?Bu, mənim istəyimdir axı?!Necə gəlməyə bilərəm?
-Yaxşı.Mən çatdıraram.
İki gündən sonra mən ,Nazirin qəbuluna dəvət edildim.”Şənbə günü saat 10:00 da aşağıda olun.Nazir sizi qəbul edəcək”-mesajını alanda sevinsəm də, bir az da tərəddüd etdim.Bir-birimizə qarşılıqlı hörmət varıydı.Şeytan uzun vaxt ərzində hər ikimizi bir-birimizə qarşı “üsyana”qaldırmışdı.Həya edirdim.Keçən günlərdən söhbət açsa,necə davranacaqdım,bilmirdim.Amma özümə toxtaqlıq verdiyim anlar çox idi.Hər halda DİN və onun rəhbəri haqqında yazılanlar başıma gələn müsibətlərdən sonra ayaq tutub yeridi.Buna rəvac verən faktorlar az deyildi.
İki saata yaxın davam edən söhbətimizin başlanğıcı mənim üçün məyusedici olsa da,
Sonluğu ürəyimcə oldu .Oğlumun polisə bərpası ilə bağlı xahişimi xoş qəbul etdi.
-Amma,Şəmsəddin müəllim bir də görüşərik.
-Mənim vaxtım çoxdur,cənab nazir!Nə vaxt dəvət etsəniz yanızdayam-deyib xydahafizləşdik.
Düşünürdüm ki,belə yanaşma “Başdan etdi”yə bənzəyirdi.Gərgin iş qrafikinə malik nazirin bir də nə vaxtsa yadına düşəcəyinə əsla inamım yox idi.Məyus düşüncələrlə nazirliyin pillələrini aşağı enməyə başladım.İlahi təsadüfdənmi,istəyindənmi aşağıda həmin yüksək rütbəli polis məmuru ilə rastlaşdım.Qısaca bəzi nüansları diqqətinə çatdırdım:
-Narahatlığa əsas yoxdur.Nazir sizi mütləq çağıracaq,buna əmin olun…
Təxminən bir aydan sonra təkrar nazirin yanına dəvət olundum.Bu dəfə xoş bir ovqatda məni qəbul etdi.Masaya çay gətirildi.Xoş təəssürat bəxş edəcək dialoq yadda qalan oldu.
-İndi buyurun istəyinizi deyin.Uşağı hara təyin edim?Artıq yüksək dairədə məsələnin həllinə razılıq verildi.Sənin partiyadan istefaya dair bəyanatın da yerinə düşdü. Yaxşı ki,onu saxlamışdın.Sizin də işləməyiniz üçün razılıq var.Hələlik nazirliyə inspektor vəzifəsində bir az çalışarsız, sonrasına baxarıq.
-Yox,cənab Nazir.Uzun fasilədən sonra inspektordan başlayıb perspektiv gözləmək sadəlövhlük olardı.Mən artıq təqaüddəyəm.
-Fikirləşin.Onda deyin,uşağı hara təyin edim?
-Hara istəyirsiz təyin edin.Ailəlidir,iki uşağı ilə bir yerdə yaşayırıq.Rayonlara təyin edin,getsin işləsin,möhkəmlənsin.5 ildir ki işləmir.Qoy aşağıdan başlasın.
-Yox,Bakıda hansı rayonda yaşayırsınız?
-Nərimanov rayonunda.
-Nərimanov rayonuna müstəntiq təyin edim?
-Yox,təhqiqatçı təyin edin bəsdir,cənab Nazir!
Əlini düyməyə basıb,tapşırığını verdi:Şəmsəddin müəllimin oğlunu Nərimanov RPİ-yə baş təhqiqatçı vəzifəsinə təyin olunması barədə əmri hazırlayıb mənə məruzə edin.Sonra mənə sarı baxıb:Şəmsəddin müəllim,əmri bu gün imzalayacağam.Qoy uşaq sabah işə çıxsın-dedi…
Axşam saat 21:30 radələrində Baş Kadrlar idarəsinin məsul işçisi,qayğıkeş bir ana kimi tanıdığım Marina Nəsibova mobil telefonuma zəng etdi:Şamsaddin pozdravlyayu,Şaxriyara naznaçili na doljnost st.doznavatelya v Narimanovskiy RUP.Pust zavtra vxodit na rabotu.Prikaz podpisan i obyavlen liçnomu sostavu…
Sevinirdim ki,mənəvi əzab çəkdiyim günlər və övlad işsizliyinin ömrü bitdi…
Həyat hekayətlərindən yaxşı hekayət yoxdur. Həyat bir əməldir…
Həyatda həmişə Allahın Hz.İnsana bəxş etdiyi dəyərlərə inanmışam.İnsan qədər maraqlı,Allahın xəlq etdiyi bütün canlıların ən yaxşısı və gözəli,lakin mürəkkəb,çətin varlıq tanımıram.
Sadəliyim həmişə məni belə düşünməyə vadar edib:Həyat nədənsə başqa çürdür,anlamaq olmur.Birdən dəyişib gözləmədiyin cildə girir.Bəzilərinə sərf etsə də,mənə sıxıcı görünüb.Hər şeyin qaydasında olmadığını gördükdə təəccüblənməmişəm.Belə yaşamaq istəməsəm də,başqa əlacım da olmayıb,yaşamışam.
Həyatin mənası ilə bağlı oxuduğum bir kiçik hekayədə danışılır:Bir gənc həyatın mənasını öyrənmək üçün uzaq dağ kəndində yaşayan müdrik bir qoçanın yanına gedir.Müdrik adam bir qaşıq zeytun yağı töküb gəncə uzadaraq:”O bağı gəz,amma elə etməlisən ki,qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın.Gənc bağı gəzib geri qayıdır,qaşıqda zeytun yağı elə də qalır.Müdrik qoca soruşur:Bağa baxa bildinmi?
-Yox.Qaşığa diqqətlə baxdığımdan bağı seyr edə bilmədim.
Müdrik qoca gülümsəyərək,indi təkrar eyni vəziyyətlə bağı gəz,çalış bağı görə biləsən.Cavan bu dəfə bağa baxdıqca gözəlliyə valeh olur.Qayıdanda qaşıqda bir damla da zeytun yağı qalmır.Müdrik qoca:Bax həyat belədir.Bəzən bir nöqtəyə baxarsan, həyat axıb gedər,lakin fərqində olmazsan.Bəzən də,valeh olduğun gözəlliklərdə həyatı yaşayarsan,axıb gedən zamanın mənalı görünər.Həyatın mənası hər kəsin baxışında gizli və fərqlidir…
Ruhumun yorulduğu saatlarda yaddaşım keçmişimi yaşamalı olur.Düşüncələrim isə həddini aşanları qamçılamağa can atır.Belə anlarda düşüncələrim bəzən şimşək təki çaxmaq,bəzən də xəncər olub qınından çıxmaq istəyir.Heç nə alınmayanda əsəblərim qəlbimə hopur,ürəyimə yük olub məni incidir…Vahimədə olan ürəyim ucadan məndən sevgi umur…Sevgi hardan olacaq?Sevgi həyatdan nakam getmiş gənclərimizlə torpağa gömülmədimi?Onu şairlər və nasirlər əsərlərində yaradıb və yaradır.Amma təravət və hərarətinə görə əski sevginin dadını və tamını verə biləcəkmi?Bilmirəm!Bu suala kim cavab verə biləcək-ona da çətinlik çəkirəm.
“Çanaq Qala” savaşında ingilis döyüşçüləri tərəfindən ağır yaralanan “Məhmətcik”i komutanı qollarına alır.Cəsur döyüşçünün sağlıq durumundan üzülən komutan ağlamaqdan qaça bilmir.Son nəfəsində vəziyyəti belə görən döyüşçü təbəssüm edərək:Komutan,başqa əmriniz varmı?Komutan bu dəfə hönkürüb onu bağrına basır…
“Məhmətcik”lərin sevgi qoxusu da başqa cür olur.Bu qoxuların ləyaqəti və bəkarəti var,toxunulmazdır!Tanrı bütün şəhidlərin ruhunu şad etsin,sevgilərini “Firdovs”və”Nəim”cənnətlərində versin,Amin!
Həyat əməllərdən ibarətmiş.Əməllərimdən utanan vaxtlarım da olub…
İnsan qərarında israrlı olarkən ölümün göz bəbəyi qədər yaxın olduğunu da düşünməlidir.Belə olarsa düzgün qərar onun “oturduğu kreslosuna şərəf gözəllik gətirər.
Qədim Yunan filosofu köləlik həyatını yaşayan Epiktet Romada Epatroditin qulu olubmuş.Bir gün kölənin sahibi Epatrodit onu döyərkən kölə filosof:”Sən ayağımı qırarsan ,ehtiyatlı ol”-deyir.Məlum olur ki,həqiqətən ağası onu-Epikteti döyərkən ayağını sındırıbmış.Epiktet soyuqqanlıqla:”Məgər demədimmi ayağımı qırarsan?”Sahibi köləsinin səbrinə təəccüb edir və əməlindən usanıb xəcalət çəkir…
Tarixin səhifələrində daima xatırlanacaq böyük filosof səbri və qeyri adi mədəniyyəti ilə ağasını islah edə bilmişdi.O,səbr və dözümlüyü ilə tarixə düşür.Köləlikdən azad olub doğma Afinaya qayıdır.Böyük filosofun baş daşında həkk olunmuş bir yazı bu gün də oxucuları tarixin xaosla müşayət olunan səhifələrini varaqlamağa vadar edir.Yazı beləydi:”Axsaq kölə və kasıb Epiktet:ölməzliyin dostu”…
Əgər, dünyanın insandan başqa anlamının olmadığını duysaq,həyatımızı xilas etmək istəsək, insanın xilasına önəm verməliyik…Dünyanın sərsəmliyinə şahid olduqca belə qənaətə gəlirəm ki,50-60 ildən sonra nələrin baş verəcəyinı bizə göstərsələr,oturub sabahımıza ağlayar,dərddən bir gecədə qəddimiz əyilər.Aqibətimizi unutmaqla gələcək bəlalardan xilas olmağın yollarını aramaq da,elə sərsəmliyin tərs üzüdür-deyərdim.İnsan davranışı ilə Allahı,mədəniyyəti,danışığı və əməlləri ilə axirəti,hesab gününü xatırlamaqla Allahdan bağışlanmasını istər.Hakimlərə xas dərəcədə başqalarını sorğu-suala çəkib İlahi gözəlliklərə xələl gətirməkdən çəkinməlidir.Bu həm də ,İlahidən bəndəyə olan sonsuz cevgiyə xəyanət kimi də qəbul edilə bilər.
Aləmlərin Rəbbi Bir gün Hz.Davuda xitab edir:Ya Davud! Əgər yaratdıqlarım onları necə sevdiyimi bilsəydilər əzalarını param-parça edərdilər…
Allaha hədsiz sevgi ilə həyat hekayətlərimi yazmağa möhlət verildi.İnşəallah sevgi ilə də qarşılanacaq…
500 il öncə “ənəlhəqq”sözünə görə dara çəkilən Həllac Mənsur türkdilli poeziyamızın şəxsiyyət vəsiqəsi sayılan Nəsimi üçün aşiqlik simvolu kimi qəbul olunurdu.Yəni Haqqa aşiqsənsə,Onu sevirsənsə və vüsala da çatmaq istəyirsənsə, bunun şirin halı Onun yolunda canın qurban verilməsidir.O bizdən verdiyi canını istərsə,minnət olsun canımıza…Şübhəmiz olmasın ki,Allahı sevən bəndə imtahandan üzü ağ çıxar və bu Allaha da xoş gedər…
E p i l o q əvəzi
Hər görünənin arxasında görünməyən və hər maddənin özündə bir məna,sevdiyimiz dünya malında da bir göz,həsəd var.
İnsana nə qədər zülm edilsə də,sonu olur.Tanrı zülm edənləri bir gün haqlayıb haqqın bükülməz qolu ilə qatlayıb dizinin altına qoyması üçün şans verir.Hadisələr nə qədər fərqli və dərəcəsinə görə diqqət çəksə də, görmədiyimiz QƏDƏR ədalətlə hökm edər.Hikmət ondadır ki,cənab Qədər zahiri səbəbə ,təkcə görünənə deyil,görünməyənə də baxır,onu unutmur…
Mövlana həzrətləri deyib ki,varlıq yoxluq aynasında görünür.Allahdan abi-həyat içmək istəyənlər öz yoxluğunu dərk etməlidirlər.Ayna həmişə boşdur.Qarşısında nə və kim varsa onu”təcəlla”edər,göstərər.Hər birimiz əslində heç nəyin sahibi deyilik.Gördüklərimiz,isdədiklərimiz,hətta qazandıqlarımız da, Ona aiddir,Ona aid varlıqlardır.O görünməz olsa da,hikmətlə zəngin əsərləri görünür.Nə varsa Onunla var olur.”Ol!” deməklə anidən vəcdə gəlir.
Şəms Təbrizi isə diqqət çəkən başqa fikri ilə sanki onu “varaqlayanları” ovsunlayır:”Haqqı özündə görüb,başqalarında görməyənin İblisdən əsla fərqi olmaz!Hətta o,İblisin elə özüdür”-deyir.Haqsızın qarşısında susan da dilsiz şeytandır –qənaətinə gəlir…
Allahın yaratdığı itə sahibi bir tikə çörək verəndə,onu yüz kərə daşa bassa da ,geri qayıtmaz.Yaxın bildiyin və inandığına bir ömür çörək verərsən,bircə dəfə tünd olsan səninlə savaşa başlar.Allah,Allah!Yer üzünü zinətləndirdiyin adamla,dilsiz yaratdığın heyvanın sədaqətinə bax…Həyatın belə üzü də varmış…
Almaniyada bir taksi sürücüsünün qəribə fikirləri də,adamı hiddətləndirir.Ailəlisənmi?-sualına belə cavab verir:Neylərəm ailəni.Hələ ki, ağlım çaşmayıb.Evlilikdə uşaqlar dünyaya gələcək,onları saxlamaq,bağçaya,məktəbə aparmaq…Bu qədər qayğıların öhdəsindən gəlməkmi olar?Əziyyətlə qazandığımı onlara niyə xərcləməliyəm?Bir it saxlayıram,vəssalam.Qazandıqlarım da, mənə bəs edir.Sıxıntılarım da yoxdur,,,
İndi dünyanın dəngi pozulub.kiçiklərə sevgi və mərhəmət azalıb.İnsanlar övlad sevgisindən vaz keçirlər.Ata,anaya hörmətsizlik,hətta ağır formada və növdə itaətsizlik halları yaşanır.
Allahından uzaqlaşanlar əzab günlərini yaşayacaqlar.Xalqa sırınan yalan reklamların ömrü qısa olur…
Elə bir vəziyyət yaranıb ki,biz İlahi kəlamlarından uzaqlaçdıqca ,şeytanlar səmavi kitabları oxumağa başlayıblar.İnsanlar arasında səmimilik azalıb(bəlkə də yoxdur).Rəhmli ürəklər bəzən yırtıcılaşır…
Elm rəzil,elmsizlərin əlində bir oyuncağa çevrilib.Pandemiya bir bəhanə olub.
İnşa edilən göydələnlər şəhərin memarlığını və gözəlliyini pərdələyib.Az qala bütün respublika paytaxtda məskunlaşacaq.Yerlərdən mərkəzə qaçma tendensiyası sürətlənib.Mükafatlar,rütbələr əsilzadələrə deyil,layiq olmayanlara verilir.Dünyanı şər qüvvələr,şər düşüncəli insanlar idarə edir…
Boşanmalar çoxalır.Ailənin dəyərini,müqəddəsliyini cəmiyyətdə aşılamalı olan qurumlar vəzifələrinin məsuliyyətini hiss etmirlər.Ailə qurmaq və boşanmaq adi hal alıb.Ailənin qorunub saxlanılmasında AiləMəcəlləsi vecsiz bir məlumat kitabçası dəyərindədir.Böyük şadlıq saraylarının-qəsrlərin toyların qeyd edilməsində öz maraqları və məqsədləri var.Bəzən cütlüklər həmiin saraylarda girov saxlanılır.Aılənin ilk -məhtab gecəsi belə başlayırsa, gələcəyini görmək çətin olmur.Boşanmalar daha çox qadının körpə uşaqları və yaxud, tək ana kimi taleyin ümidinə buraxılması ilə yadda qalır.
Hakimin boşanma barədəki qərarı əksər qadınlar üçün insan alverinin qurbanlarına çevrilməsini “Sertifikatlaşdırır” .Əgər dövlətin təməlini Azərbaycan xalqının vahidliyi təşkil edirsə,ailə də cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsindədir.Möhkəm ailə həm də,xalqın vahidliyini təcəssüm etdirdiyindən,ailənin qorunması,boşanmaların qarşısını almağa yönələn tədbirlərin keçirilməsini zəruri edir…Yenə Nurəddin qardaşımın “Səsimə hay verin”şerindən bir neçə sətir ixtiyarınıza verməklə xatirələrimə “rahat olun,yazmaq lazım olduğunu yazdım”mesajını verirəm:
…Ömrümün,günümün çətin anında
Hicran ürəyimi təkləyən zaman,
Bir gecə qapının astanasında
Ölüm qulağını şəkləyən zaman
Səsimə hay verin!
Hay verin,qovulsun başımın çəni,
Qıymayın qəm-kədər təkləsin məni.
Gəlin,məhvərindən dartın,qoparın,
Məni öz dünyamdan alın ,aparın,
Qovulsun büsbütün təkliyim mənim.
Sovulsun gözümdən,çıxsın yadımdan
Həsrətin əlindən çəkdiyim mənim…
Ötən səhifələrdə uşaqlıq,yeniyetməlik,gənclik və bu günə qədər olan həyat macəralarımı qismən siz oxuculara çatdıra bildimsə mükafatımdır.
Tanri sizi qorusun!…
Sonda:Allahım!Türk xalqını yalqız buraxma!Qurbanın olum,qapından bizi naümid qaytarma.Səndən başqa əl açacağımız İlah yox…
Şəmsəddin Əliyev
Hüquqşünas-publisist,AYB-nın üzvü.
Bakı, 2021-ci il-zəfər ili