“Gərginlik artacaq, Azərbaycan hazır olmalıdır”

 “Bu məsələyə Putinin planları çərçivəsində baxmağı daha düzgün hesab edirəm”

İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks tədbirlər nəticəsində düşmənin fəaliyyətinin qarşısı alınıb və geri otuzdurulub. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu mövzuda ortaya çıxan bəzi suallara “Yeni Müsavat”da cavab verib.

– Sülhəddin bəy, Ermənistanın Azərbaycanla sərhəddə-Tovuz ərazisinə hücumunun arxasında hansı hərbi, siyasi məqsədlər dayana bilər?

– Birincisi, mən bu məsələyə Putinin planları çərçivəsində baxmağı daha düzgün hesab edirəm. Yəni əgər məsələyə siyasi hərbi qiymət vermək istəyiriksə, mən baş verən hadisələri postsovet məkanında siyasi hərbi vəziyyətin gərginləşməsi istiqamətində Kremlin atdığı addımlar kontekstində baxmağı, dəyərləndirməyi daha düzgün sayıram. Heç kimə sirr deyil ki, Putin açıq şəkildə imperiyanı bərpa etmək və tarixdə imperiya torpaqlarının toparlayıcısı kimi qalmaq istəyir. Buna görə də təkcə söhbət Azərbaycandan getmir, bütün postsovet məkanında gərginliyin artdığını görürük. Bu, Belarusla da münasibətlərə aiddir, Ukrayna ilə münasibətlərə də, eyni zamanda Qazaxıstanla, Baltikyanı respublikalarla münasibətlərə də şamildir. Bu təzyiqlər Ermənistan rəhbərliyinə də, Azərbaycan rəhbərliyinə də yönəlikdir. Birinci bu siyasi hərbi çərçivəni nəzərə almaq lazımdır. Ən azı ilin sonuna qədər gərginliyin bütün postsovet məkanında getdikcə artacağının şahidi olacağıq. Gərginliyin daha da artmasına Azərbaycan hazır olmalıdır. İkincisi, təbii ki, Kremlin yeni müstəqil dövlətlərdə-postsovet respublikalarında uzantıları var və o, bu uzantılardan da öz maraqları naminə istifadə edir. Heç şübhəsiz onun ən güclü uzantılarından biri də Ermənistan istiqamətidir. Bilirsiniz ki, Ermənistan, ümumiyyətlə, bir dövlət olaraq Rusiyanın strateji cənub planının bir tərkib hissəsi kimi yaradılıb. Ermənilərin, ümumiyyətlə, Cənubi Qafqaza köçürülməsi, erməni dövlətinin yaradılması və bu günə qədər də genişləndirilərək gətirilib indiki vəziyyətə çıxarılması Rusiyanın cənub strategiyasının tərkibi konteksində dəyərləndirilməlidir. Təbii ki, Rusiyanın Ermənistanda uzantıları da qeyd etdiyim prosesə cəlb olunublar. Siz Ermənistanda gedən prosesləri izləyirsinizsə, Kremlə daha yaxın olan dairələrin konsolidasiyası prosesi gedir. Yəni söhbət Robert Köçəryanın azadlığa çıxması, Serj Sərkisyanla Köçəryan arasında yenidən yaxınlaşmanın baş verməsi, Qagik Sarukyanın bu prosesə qoşulması, keçmiş müdafiə naziri Seyran Ohanyanın aktivləşməsi, Daşnaksütyun Partiyasının aktivləşməsi və digər məsələlərdən gedir. Rusiyanın yuxarıda qeyd etdiyim planlarından Ermənistanda yararlanmaq istəyən qüvvələr var. Onlar Kremllə eyni paraleldə hərəkət edirlər.

İkinci məsələ burada Azərbaycanın planları, niyyətləri ilə bağlıdır. Çünki Azərbaycan heç vaxt gizlətmir ki, uyğun geopolitik məqam düşən kimi Dağlıq Qarabağ məsələsini hərbi yolla həll etməyə ən azı səy göstərəcək. Ona görə də Azərbaycanı vaxtından qabaq hərbi əməliyyatlara cəlb etmək niyyəti də var. Yəni bu, Kremlin bir tərəfdən Azərbaycana təzyiqdir, o biri tərəfdən də Azərbaycanda ictimai rəyi də əlavə təzyiq faktoruna çevirməklə rəsmi Bakı üzərində ikiqat təzyiq qurmaq istəyir. Daha doğrusu, üç qat. Həm Moskva tərəfindən, həm İrəvan və Dağlıq Qarabağ üzərindən, üçüncü də Azərbaycanın öz daxilindən. Azərbaycan daxilində də bilirsiniz ki, Kremllə eyni paraleldə hərəkət eləyən qüvvələr mövcuddur. Ona görə də hadisələrə tam qiymət vermək üçün bu üçqatlı yanaşmanın daha doğru olduğunu düşünürəm.

– Rusiyanın xaric işlər naziri Sergey Lavrov iyulun 13-də tərəfləri atəşi dərhal dayandırmağa çağırdı. Eyni zamanda Rusiyanın vasitəçiliyə hazır olduğunu dedi. Sizcə, bu dəfə Lavrovun timsalında Rusiyanın təmsilçiliyinin bir əhəmiyyəti ola bilərmi?

– Təbii ki, heç bir əhəmiyyəti olmayacaq. Bunun yalnız Moskvanın öz maraqları baxımından əhəmiyyəti var. Bununla Moskva göstərmək istəyir ki, postsovet məkanının hakimi Rusiyadır, istədiyi vaxt burada savaş da qaldıra, istədiyi vaxt savaşı dayandıra da bilər. Rusiyaya vasitəçilik həm də bu marağını həyata keçirmək üçün lazımdır. Bir tərəfdən də bu təşəbbüsü göstərməklə guya tərəfsizliyini qoruyub saxladığını nümayiş etdirmək istəyir. Çünki əgər Moskva indiki halda bu təşəbbüsləri göstərməsə, düşünür ki, birdən Qərb təşəbbüsü ələ ala bilər. Hesab edir ki, ABŞ, Avropa Birliyi siyasi diplomatik aktivlik göstərib təşəbbüsü ələ ala bilər. Bu da təbii ki, Moskvanın marağına uyğun olmayan durumdur. Ona görə də Moskva çoxqatlı oyun oynayır. Hərbi idarə öz işini, siyasi diplomatik idarə öz işini, kəşfiyyat və təhlükəsizlik qüvvələri də öz işini görür.

– Tovuz döyüşləri Azərbaycan cəmiyyətində çox böyük əzmkarlıq, ruh yüksəkliyinin yarandığını göstərir. Təkcə Tovuzda minlərlə gənc yürüşə çıxıb döyüşə getmək istədiklərini nümayiş etdiriblər. Bakıda və digər bölgələrimizdə də bu vəziyyət müşahidə olunur. Bu cür psixoloji üstünlük və ruh yüksəkliyi Azərbaycana əlavə üstünlük gətirirmi? Müxalifət partiyalarının liderlərinin cəbhə bölgəsinə səfər etməsi insanlarda ruh yüksəkliyini daha da artırmaq baxımından lazımdırmı?

– Azərbaycan 18 oktyabr 1991-ci ildən müstəqilliyini elan edib. Gələn il müstəqilliyimizin bərpa olunmasından 30 il keçəcək. Yəni 30 il yeni sosial nəslin yetişməsi deməkdir. Azərbaycan artıq dövlətçiliyini yeni bərpa etmiş dövlət deyil. Ona görə də müharibə kimi çox ciddi məsələ təbii ki, dövlət tərəfindən idarə olunmalıdır. Bizim təcrübəsi olan dövlətimiz var. Bu dövlətin sahibi də xalqdır. Təbii ki, qeyd etdiyiniz ruh yüksəkliyi, gənclərin vətənpərvərliyi qürurvericidir, Azərbaycanın əlini gücləndirir. Amma imkan vermək lazımdır ki, dövlət, dövlət orqanları öz funksiyalarını sərbəst şəkildə yerinə yetirə bilsinlər. Vətəndaşlarımız çox sağ olsunlar, amma dövlət orqanlarına əlavə problemlər yaratmasınlar və cəbhə bölgələrinə getməyə də hələlik ehtiyac görmürəm. Xüsusən də sizin də qeyd etdiyiniz kimi,  belə bir ruh yüksəkliyi onsuz da var olduğu bir vaxtda. Mənə belə gəlir ki, əhali karantin şərtlərini də nəzərə almalıdır və pandemiya unudulmamalıdır. Karantin rejimi şərtlərinə də əməl olunmalıdır. Ruh yüksəkliyi gözəldir, amma o, problemə çevrilən istiqamətə yönəlməməlidir. Əhali içərisində də bunun üçün təbliğat, iş aparılmaıldır. Bu təbliğatı dövlət orqanları ilə yanaşı, siyasi partiyalar, QHT-lər, ictimai xadimlər, jurnalistlər aparmalıdır. Yəni hər kəs məsələyə peşəkar yanaşmalıdır. Biz artıq anlamalıyıq ki, müharibələr artıq əvvəlki kimi yalnız bir ölçülü getmir. Yəni klassik müharibələr yoxdur. Müharibələr artıq strateji xarakter daşıyır. Bunun həm hərbi komponenti var, həm də qeyri-hərbi çoxsaylı komponentləri var. Burada siyasi-diplomatik məsələlər var, iqtisadi, sosial məsələlər var, kəşfiyyat informasiya, kiber sahə ilə bağlı məsələlər var. Bütün bu və digər məsələlərin hamısı nəzərə alınmalıdır. Yəni biz anlamalıyıq ki, müharibə artıq yalnız tankla-topla aparılmır. Müharibə həm də beyinlərdə, ruhlarda aparılır. Ona görə də Azərbaycan yeni nəsil müharibəyə tam hazır olmalıdır. Bu strateji savaş hərtərəflidir və dərindir. Strateji savaşı aparmaq üçün xüsusi əməliyyat qüvvələrinə ehtiyac var.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button