Ekspert: “Düşmənə layiqli cavab versək də, daxildə təxribatsız ötüşmədik”

“Ermənilərin son həmləsinin məqsədi o idi ki, həmin ərazidə olan Azərbaycan Ordusunun mövqelərini, postlarını, dayaq məntəqələrini ələ keçirsinlər, bununla da Tovuz rayonunu bir daha açıq halda, həmçinin Bakı-Qazax yolunu atəş altında saxlasınlar. Lakin Azərbaycan Ordusu həmişə olduğu kimi düşməni bu dəfə də məhv etməyi bacardı”.

Bunu “Report”a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

Ekspert bildirib ki, 12 iyul təxribatı bütün dünyaya Ermənistan adlı dövlətin daha riyakar, daha qəddar, daha qəsbkar olduğunu göstərib: “Həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədində – beynəlxalq sazişlərə və konvensiyalara əsasən, toxunulmaz olan sərhəddə Azərbaycan Ordusunun mövqelərinə həmlə etdilər. 12 iyul gecə və 13 iyul səhər ağır döyüşlər getdi. Əfsuslar olsun ki, bizim şəhidlərimiz var. Sözsüz ki, heç bir müharibə, heç bir döyüş itkisiz, şəhidsiz olmur”.

A.Əbilov bildirib ki, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verib: “Ordumuz düşmənin bütün atəş nöqtələrini, bazalarını, qüvvə gətirən maşınlarını və digər obyektlərini vurmaqla onlara bir daha göstərdi ki, Azərbaycan Ordusuna belə xaincəsinə hücumlar çox ağır başa gəlir.

12 iyulda mən artıq orada idim və Qaraqaya uğrunda gedən döyüşlərdə Azərbaycan hərbçisinin – zabitinin, gizirinin, əsgərinin fədakarlığını gözümlə gördüm. İnanıram ki, düşmən bu döyüşdən hələ çox ibrət götürəcək, çox ağrıyacaq. Faktiki olaraq, Azərbaycan Ordusu bir daha göstərdi ki, ölkəmizin sərhədləri toxunulmazdır”.

Ekspertin fikrincə, ermənilərin Dağlıq Qarabağ ərazisindən deyil, məhz Tovuz istiqamətindən Azərbaycan torpaqlarına hücumu da məkrli planın tərkib hissəsidir: “Bildiyiniz kimi, ermənilər qəsbkar və hiyləgərdirlər. Onlar Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə Azərbaycan Ordusuna hücum etməyi ağıllarına belə gətirə bilmirlər. Çünki çox gözəl bilirlər ki, beynəlxalq təşkilatların bizə sırıdığı atəşkəs rejimini böyük mənada pozmaq, hücuma keçmək Azərbaycan Ordusunun adekvat cavab verərək hücumla torpaqlarını azad etməsi ilə nəticələnəcək. Lakin sərhəddə bu, mümkün deyil, tanınmış dövlət sərhədləri var və Azərbaycan beynəlxalq arenada tanınan dövlət sərhədlərinin qorunmasına, onların pozulmamasına sadiqdir.

Məhz buna görə də, ermənilər ara-sıra Azərbaycan sərhədlərində vəziyyəti gərginləşdirməkdədirlər. İnanmıram ki, bu, sonuncu addım olsun. Çünki biz elə düşmənlə, elə qonşuyla üz-üzəyik ki, hər dəfə döyüləndən, yaralarını yalayandan, onları müalicə edəndən sonra yeni təxribatlara baş vururlar. Bu anlaşılandır, düşmən düşməndir.

Azərbaycan Ordusu bir neçə günlük döyüşlərdə faktiki olaraq düşmənə göstərdi ki, həmişə belə olacaq: ermənilər həmişə vurulacaq, həmişə əziləcək!”

Ehtiyatda olan zabit deyib ki, Azərbaycan tarixində olan bütün müharibələrdə olduğu kimi, bu döyüşlərdə də təxribatlara, şayiələrə rast gəlinib: “Belə şayiələrə, təxribatlara 90-cı illərdən rast gəlirəm. Dünya müasirləşdikcə, şayiələr də müasirləşir. Təəssüf ki, son döyüş günlərində də şayiələrsiz, təxribatlarsız keçinə bilmədik. Yəni gecə-gündüz işləyən, sosial şəbəkələrdə Azərbaycan Ordusunu dəstəkləyən vətənpərvərlər sırasında “vətənpərvərlər” də, şayiə yayanlar da, böhtançılar da, təxribatçılar da oldu.

Bu təxribatlar sırasında Azərbaycan Ordusunun guya ağır itkilər verməsi, geri çəkilməsi, əraziləri boşaltması, hansısa strateji yüksəklikləri əldən verməsi, hansısa ordu divizionuna mərmi düşməsi və tamamilə məhv olması, hərbi hospitalların dağılması və orada insanların qırılması barədə saxta video və yazılar yaymaqla Azərbaycanda xaos yaratmağa xidmət edən fəaliyyətlər oldu.

Buna həm düşmən tərəfindən, həm də içimizdəki “vətəndaşlarımız” tərəfindən də cəhdlər oldu və sözsüz ki, bu cəhdlərin qarşısı alındı. Aktiv internet istifadəçiləri, Azərbaycan gəncləri və bunların sırasında “Legion” hərbi vətənpərvərlik klubunun informasiya və ideoloji iş üzrə şöbəsi bu şayiələrin qarşısını aldı, onları ortaya çıxardı və yerlərdən dəqiq məlumatlar verməklə həqiqətləri ictimaiyyətə çatdırdı. Sözsüz ki, Azərbaycan vətəndaşları da 90-cı illərin insanı deyil və müasir insanlardır, prioritet tutduqları məlumat mənbələrinə inanırlar. Bu dəfə də belə oldu və şayiələrin, təxribatların qarşısı qətiyyətlə alındı”.

A.Əbilovun sözlərinə görə, cəbhədə aktivlik olanda ordunun bir sıra mənsublarına, generallarına, zabitlərinə qarşı yersiz iddiaların yenidən ortaya atılması, böhtanlar səsləndirilməsi də bu təxribatların tərkib hissəsidir: “Son döyüşlər ərəfəsində də Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov haqqında da qərəzli məlumatlar yayıldı. İddia olundu ki, onun qardaşı Ermənistan ordusunda xidmətdə olan yüksək rütbəli zabitdir, guya Nəcməddin Sadıkov Rusiya dövlətinə işləyir, hətta guya şəhid olmuş zabitlərimizin, generalımızın olduğu yeri düşmənə o, sızdırıb.

Bu ittihamları, iddiaları həddən artıq qərəzli sayıram. Həmin böhtanları yazanlar Nəcməddin Sadıkovu hətta “istefaya göndərmişdilər”. Müdafiə Nazirliyi açıqlama yaydı ki, Baş Qərargah rəisi yerindədir və qardaşı illər əvvəl dünyasını dəyişib. Bu insanlar, nəyisə araşdırmadan ortaya ittihamlar, böhtanlar qoyanda bir az düşünsünlər. Bu boyda dövlətin ordusunun zabitləri, generalları döyüşə qatılmırlarmı ki, kimsə kordinat verib onları məhv edə bilər? Xeyr, bizim zabitlər hər zaman əsgərlərlə birlikdədirlər və sözsüz ki, Vətən uğrunda döyüş başlayanda onlar da ön sıralarda olurlar. Əfsuslar olsun ki, müharibə itkisiz olmur, hərbçilər atəş altına düşür, şəhid olurlar. Bu, 2016-cı ilin Aprel döyüşləri zamanı da belə oldu. Həmin vaxt nə qədər yüksək rütbəli zabitlərimiz şəhid oldular. Həmin zabitlər və son döyüşdə şəhid olan generalımız, digər hərbçilərimiz bilavasitə döyüşən ordunun ön sıralarda şəhidlik zirvəsinə yüksəldilər. Guya kimlərinsə kordinat verib onları məhv etməsi utopik bir yanaşmadır. Bu fikirləri yayan insanlara deyərdim ki, bir az ciddi olsunlar”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button