Kremlin missiyası iflasa uğrayır: Rus sülhməramlıların bölgədən çıxarılması gündəmə gələ bilər
Bəzilərinin narahatlığının əksinə olaraq, sülhməramlı missiyanın hüquqi bazası itirilərsə, Rusiyanın hərbi potensialı rəsmi Bakının tələbləri qarşısında elə bir ciddi rol oynaya bilməz; Növbəti mərhələdə Ermənistanın ya xoşluqla, ya da “dəmir yumruq” ilə Azərbaycanın şərtlərini yerinə yetirməyə məcbur buraxılması prosesi başlayacaq…
Ermənistanın davranışları regionda gərginliyi artırır. Bu məsələ ətrafında artıq hər hansı mübahisə predmeti qalmayıb. Və rəsmi İrəvanın Cənubi Qafqazda şituasiyanı məqsədyönlü şəkildə gərginləşdirdiyi inkaredilməz reallıqdır.
İndi əsas müzakirə mövzusu Paşinyan hakimiyyəti öz hərbi-siyasi təxribatları ilə hansı hədəflərə can atması ilə bağlı ola bilər. Rəsmi İrəvanın hərbi-siyasi avantüralarının Ermənistana faydalı olma ehtimalı varmı? Bu sual ətrafında müzakirələr indi Ermənistan cəmiyyəti üçün daha aktualdır.
Eyni zamanda regionun digər dövlətləri üçün də bu məsələ böyük əhəmiyyət daşıyır. Çünki Paşinyan hakimiyyəti öz hərbi-siyasi təxribatları ilə bütün regionun gələcək inkişaf perspektivlərini böyük risk altına salmaqdadır. Və rəsmi İrəvana bu şansı tanımaq olmaz.
Ona görə də, ən qısa zamanda Ermənistanın “sakitləşdirilməsi” Cənubi Qafqazın dinc inkişafı baxımından, önəm qazanmağa başlayıb. Hazırda bunu edə biləcək cəmisi iki güclü dövlət var. Onlardan birincisi regional lider statusu qazanmış Azərbaycan bu məsələdə birbaşa maraqlıdır. İkinci dövlət olan Rusiya isə Ermənistanın hərbi müttəfiqi statusunda “ikibaşlı oyunlar” oynamağa üstünlük verir.
Halbuki Cənubi Qafqazda sülhün və dinc inkişaf mərhələsinin başlanması Rusiyanın da iqtisadi maraqlarına uyğundur. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamasında yer alan çağırışın ünvanı da təsdiqləyir. S.Lavrov Rusiyanın daşımaçılıq fəaliyyəti ilə məşğul olan Rusiya nəqliyyat şirkətlərinə müraciət edərək, bildirib ki, Cənubi Qafqazın nəqliyyat-kommunikasiya imkanlarından istifadə etmək lazımdır. O, vurğulayıb ki, indi Qarabağda magistral yollar bərpa olunur, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasına hazırlıq görülür və bu imkanlardan istifadə Rusiya iqtisadiyyatı üçün də çox faydalı ola bilər.
Əlbəttə, bu açıqlamada müəyyən qaranlıq məqamlar hər halda, olmamış deyil. Xüsusilə də, nəqliyyat-kommunikasiya xətlərinin hansı şərtlər daxilində və nə vaxt açıla biləcəyinə aydınlıq gətirilmir. Rusiyanın son davranışları, o cümlədən rus sülhməramlılarının 10 noyabr üçtərəfli anlaşmasını kobud şəkildə pozmalarının bu prosesə vurduğu zərbənin üzərindən sükutla keçilir. Və Rusiyanın “ikibaşlı oyunlar”ına güvənən Ermənistanın hərbi təxribatları ucbatından bölgədə yeni silahlı toqquşmaların ola biləcəyi də gözardı edilir.
Halbuki Kremldə nə qədər fərqli düşünürlər də, bütün bunlar qətiyyən gözardı edilə biləcək məsələlər deyil. Çünki Rusiya məqsədyönlü şəkildə gözardı etsə də, Azərbaycanın geopolitik iradəsi nəzərdən qaçırılmamalıdır. Rəsmi Bakı üçtərəfli anlaşmaların icrasında prinsipial mövqe tutmaqda israrlıdır.
Deməli, S.Lavrovun Rusiya şirkətlərinə istifadə məsləhəti verdiyi regional nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün Kreml də daxil olmaqla, imza atan hər bir dövlət əvvəlcə üçtərəfli anlaşmaların tələblərinə riayət etməlidir. Yəni, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu bölgədən Ermənistan ordusunun qalıqları dərhal çıxarılmalıdır. Xankəndi və ətraf bölgədə Araik Arutyunyanın separatçı-terrorçu dəstəsinin fəaliyyətinə son verilməli, onlar bölgədən qovulmalıdır. Xankəndi və ətraf bölgədə olan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. Azərbaycan-Ermənistan sərhədləri əvvəlcə delimitasiya, ardınca isə demarkasiya edilməlidir. Bundan sonra da Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımaqla, yekun sülh sazişini imzalamalıdır.
Göründüyü kimi, Rusiya xarici işlər naziri deyəsən, bir az tələsir. Bir belə həlli vacib məsələlərin qaldığı bir şəraitdə regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasından danışmaq tamamilə yersizdir. Rəsmi Bakı bütün bu məsələlər həll olunmadan buna qətiyyən imkan verməz. Və Kreml rəsmi Bakının prinsipial mövqeyini dəyişmək imkanında deyil.
Amma Kreml regional nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesini tezləşdirilməsinə yardım da edə bilər. Bunun üçün Rusiya əvvəlcə özü yuxarıda qeyd olunan məsələlər ilə bağlı üçtərəfli anlaşmaları icra etməlidir. Eyni zamanda, Ermənistanın da həmin sənədlərin icrasına yönəltməlidir. Və Kremlin rəsmi İrəvanı idarə etmək imkanları hələ qalmaqdadır.
Ancaq Rusiya öz vasitəçiliyi ilə əldə olunan anlaşmaları pozursa, Ermənistanı da həmin sənədlərin icrasına yönəltmək istəmirsə, onda Kremlin bu prosesdə iştirakı yalnız ziyan vura bilər. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin də müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərində qalması öz əhəmiyyətini itirmiş olur. Və Kreml indi bu məsələyə daha ciddi yanaşmalıdır.
Hazırda Rusiya öz üzərinə götürdüyü sülhməramlı missiyanı yerinə yetirmək imkanlarına yenidən nəzər salmalıdır və bu işin öhdəsindən gələ bilib-biləmədiyini dəqiqləşdirməlidir. Buna qədər Rusiya bölgədə kənar oyunçu istəmirdi, regional sabitliyə təkbaşına təminat verə biləcəyini iddia edirdi. Son baş verənlərdən sonra isə Rusiya belə iddiaları təkrarlamaq haqqını itirməyə başlayıb.
Kreml nəzərə almalıdır ki, Azərbaycan artıq güclü və öz taleyinə sərbəst qərar vermək qüdrətində olan dövlətdir. Rəsmi Bakı Kremlin “ikibaşlı oyunlar”ına uzun müddət səbr etməz. Və tezliklə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını gündəmə gətirə bilər. Əgər, bu, baş verərsə, Kreml üçtərəfli anlaşmaların tələblərini yerinə yetirmədiyindən alternativ hüquqi arqumentlər tapmaqda çətinlik çəkəcək.
Bu halda, həm Rusiya, həm də Ermənistan eyni xətt üzrə ciddi problemlər ilə üzləşə bilər. Rusiya istəməsə belə, bölgədən çıxmaq məcburiyyətində qalacaq. Bəzilərinin narahatlığının əksinə olaraq, sülhməramlı missiyanın hüquqi bazasını itirmiş Rusiyanın hərbi potensialı bu məsələdə elə bir ciddi rol oynaya bilməz. Və nəticədə Ermənistan da öz hərbi təxribatlarına görə Azərbaycan tərəfindən növbəti dəfə cəzalandırılma təhlükəsi ilə qarşılaşacaq.
Maraqlıdır ki, bu reallığı Ermənistan cəmiyyətində anlayanlar da olmamış deyil. Belə ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hələ 2010-cu ildə etdiyi xəbərdarlığı növbəti dəfə təkrarlayıb: “Özünü və xalqı aldatmaqla məşğul olmaq yolverilməzdir. Xalqın hakim dairələrin yürütdüyü siyasətin hansı nəticələri verəcəyini əvvəlcədən bilməyə haqq çatır”.
Paşinyan hakimiyyətinin yürütdüyü siyasət isə hazırda Ermənistana yalnız yeni fəlakətlər vəd edir. Azərbaycan Paşinyan hakimiyyətinin hərbi təxribatlarına olduqca sərt cavab vermək imkanındadır. Ona görə də, rəsmi Bakı Ermənistanı istənilən halda, ya xoşluqla, ya da növbəti “dəmir yumruq” zərbəsi ilə Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur edəcək.
Elçin XALİDBƏYLİ