Kremlin yeni təhlükəli planı: Xankəndi separatçıları onlarla “ittifaq” qurur
Postsovet məkanında separatçı rejimlər bir-biri ilə təmasları artırmağa başlayıblar. Bunu Moskvanın regionda yeni separatizm siyasəti də adlandırmaq olar.
“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, sonuncu belə fakt kimi Qarabağdakı köçmən ermənilərin rəhbərliyinin addımı göstərmək mümkündür. Özünü hələ də “xarici işlər naziri” adlandıran David Babayan son bir neçə gündə Moldovaya aid, lakin tanınmamış Dnestryanı bölgənin, o cümlədən Cənubi Osetiya-Alaniya adlandırılan “respublikanın””xarici siyasət idarələrinin” başçıları ilə telefonla danışıb. Deyəsən, separatçı rejimlər öz aralarında “ittifaq” qurmaq üçün çırmanıblar. Əslində bu siyasətin “beyin mərkəzi”ni Rusiya saymaq lazımdır. Kreml bölgədə separatçı ocaqları mühafizə etməklə öz təsir imkanlarını saxlamağı bacarır.
Erməni mediası yazır ki, tərəflər əməkdaşlığı daha da genişləndirməyin və dərinləşdirməyin, qarşılıqlı maraq doğuran məsələlər üzrə mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar. Əslində Xankəndi ermənilərinin separatçı bölgələrlə əlaqələri yeni deyil, müharibədən əvvəlki illərdə də qondarma “dqr”i separatçıların toplantılarında görmək mümkün idi. Amma indi Qarabağda da Dnestryanı və Cənubi Osetiyada olduğu kimi Rusiya sülhməramlıları var. Sülhməramlılar köçmən erməniləri Laçın dəhlizindən keçirməklə Qarabağa daşıyanda onlar deyirdilər ki, rus əsgərləri bizi təkcə himayə etməyəcək, həm də Rusiya pasportları veriləcək. Bu da təsadüfi deyil.
Çünki Ukraynanın şərqi də daxil, Rusiyanın rəsmi və ya qeyri-rəsmi ordu birləşmələrinin olduğu yerlərdə bu “praktikadan” geniş istifadə edilir. Xankəndi ermənilərinin qanunsuz fəaliyyət göstərən rəhbərliyinin Dnestryanı və Cənubi Osetiya bölgələri ilə təmasları bəzi ekspertlərə görə, Moskvanın şübhəli planlarından xəbər verir. Qarabağın Rusiya ilə sərhədi yoxdur, amma bir neçə ay əvvəl Xankəndindəki qondarma “parlament” rus dilini bölgədə ikinci dil elan edib. Necə ki, Cənubi Osetiyada və Dnestryanıda bu, ikinci dil çoxdan “qanuniləşdirilib”. Rusiyanın Qarabağda yeni “qanunsuz cırtdan dövlət” yaratmaq planları nə qədər realdır? Axı ortalıqda üçtərəfli bəyanat var, Rusiya liderinin imzası var, belə desək, axı bu cür danışmamışdıq?! İndi Moskva tam bölgədə oturuşandan sonra Abxaziya və Cənubi Osetiyadakı siyasətini burada təkrarlamaq fikrinə düşübsə, Bakının siyasətində nə dəyişməlidir?
Ümumiyyətlə, Rusiyanın bir neçə başı olan siyasətinin mərkəzində iki mühüm amil dayanır: regionda gərginliyi saxlamaq, özünün lazımlılığını hər zaman göstərmək imitasiyası, habelə, sülhməramlıların bölgədə ömrünü uzatmaq, 2025-ci ildən sonra da Qarabağda qalmaları üçün “əsas”lar tapmaq…
Çünki sülh müqaviləsi bağlanarsa, Zəngəzur dəhlizi açılarsa, üçtərəfli sazişin bəndləri tam icra olunarsa, Rusiyaya bölgədə ehtiyac qalmır, Azərbaycan və Ermənistan arasında qonşuluq münasibətləri yaranır.
Professor Qabil Hüseynli hesab edir ki, separatçı rejimlərin nümayəndələrinin təmasları təəccüblü deyil. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bu işdə Moskvanın barmağı var. “Uzun müddətdir ki, separatçı rejimlərin görüşlərini də təşkil edən elə Rusiyadır. Kreml həmin ərazilərdə təsir dairəsini qoruyub saxlamağa çalışır. Amma Rusiyanın Qarabağ ərazisində etdikləri hər bir normal münasibətləri aşıb keçir. Çünki sülhməramlı kimi yerləşdirdiyi qüvvələr ermənilərə yardımdan başqa heç bir iş görmür”, – deyə politoloq qeyd etdi.
Qabil Hüseynli
Onun fikrincə, erməni silahlı qüvvələrinin Qarabağa daşınması, İranın silah və neft yüklü karvanının bu əraziyə buraxılması göstərir ki, Moskva Tehranla koordinasiya edilmiş siyasət yürüdür: “Yəni bölgədə separatçı rejimin blok-postlar qoyması, yeni təmas xətti yaratmağa çalışması ondan xəbər verir ki, ermənilər yenə Rusiyanın dəstəyi ilə silahlanır, möhkəmlənməyə çalışır, yeni müharibəyə rəvac verəcək addımlar atır. Kreml açıq surətdə, xüsusən onun sülhməramlı qüvvələri, həmçinin Ermənistandakı hərbi bazada olan rus hərbi qulluqçuları separatçı gücləri ruhlandırmaq üçün nə lazımdırsa edirlər. Bununla Azərbaycanı antiterror əməliyyatı aparmağa vadar edirlər. Halbuki biz sülh danışıqları üçün bütün cəhdləri edirik, eyni zamanda ”Dəmir yumruq” əməliyyatını da yada salırıq ki, bilin, İrəvan bunun ağır zərbəsini dadacaq. Bir sözlə, Rusiya nəinki vasitəçilik missiyasını yerinə yetirir, 10 noyabr sənədinin 4-cü müddəasını icra etmir, yəni erməni dəstələrini bölgədən çıxarmırlar. Üstəlik, bölgəyə erməni ordusunun şəxsi heyətinin daşınmasını nəqliyyat cəhətdən təchiz və müşayiət edirlər. Bu, yeni təcavüz siyasətidir. Azərbaycan isə özünə əmindir, bilir ki, yeni qarşıdurma əməliyyatında rus hərbi bazalarının iştirakı olsa belə, onu dəf etməyə gücü çatacaq”.
Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, bu, rusların yeni planı deyil, köhnə siyasətidir. Partiya sədrinin sözlərinə görə, separatçı rejimləri qorumaq və bir-biri ilə əlaqələrini yaratmaq, qarşılıqlı müstəqilliyin tanımaq siyasəti Moskvadan gələn ssenaridir: “Bu təmaslara fasilə verilmişdi, indi yenidən aktiv fazaya keçid etməsi göstərir ki, Rusiya yeni addımlara hazırlaşır. Amma biz konkret nə etmək istədiklərini söyləyə bilmərik. Görünür, planın tərkib hissəsidir və Azərbaycan tərəfi artıq baş verənlərə dözmək istəmir. Yəni sülhməramlı kontingentin Qarabağda hərəkətlərinə dözmürük və bu da müsbət haldır. Artıq 9 aya yaxındır ki, ərazilərimizə yerləşiblər, əvvəl da iradlar olurdu. İndi isə Müdafiə Nazirliyi və dövlət başçısı səviyyədə etirazlar var. Bu da haqlı və yerində olan iradlardır. Biz dövlət maraqlarının Rusiyanın istəklərindən fərqli olduğunu rəsmi şəkildə bildiririk. Hesab edirəm ki, bütün bunlar antiterror əməliyyatlarını tam zəruri edir”.