Rusların ermənilərə reallıq mesajı: “Ermənistan yox ola bilər”
Ermənistanda bəziləri rus hərbi mütəxəssislərin xəbərdarlıq etdiyi bu reallığı görməmək üçün “gözlərini qapatmağa” üstünlük verirlər; Halbuki, onlar vaxtında həqiqətlərlə üzləşməsələr, yəqin ki, tezliklə dünya xəritəsində də Ermənistanı tapa bilməyəcəklər…
Cənubi Qafqazda geopolitik proseslər intensivlik qazanıb. Bu regionda hadisələr böyük sürətlə cərəyan edir. Və bu, o deməkdir ki, regional proseslər artıq özünün həlledici mərhələsinə yaxınlaşır.
Əslində, bütün bunlar qətiyyən gözlənilməz deyil. Çünki, Ermənistanın “kaprizləri” uzun müddət davam edə bilməz. Hələ də dövlət ola bilməyən bir ölkənin hərbi-siyasi avantüralarına heç kim əbədi səbr göstərməz.
Savaşın sona çatmasıyla regional reallıqlar şərtlər ciddi şəkildə dəyişib. Ona görə də, artıq yeni geopolitik reallıqlar və şərtlər “erməni xəyalları”na uyğun deyil. Və rəsmi İrəvanın iddialarına bundan sonra geopolitik proseslərdə yer yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyev son açıqlaması ilə bu məsələyə qətiyyətlə nöqtə qoydu. Dövlət başçısı vurğuladı ki, “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur və heç vaxt da olmayacaq. Yəni, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xankəndi və ətraf bölgədə yaşayan, yolunu azmış erməni vətəndaşlara heç vaxt, heç bir status verilməyəcək.
Ermənistanda radikallıqdan sərvət qazanmış, revanşizm xəttini qorumağa çalışan siyasi dairələr, xüsusilə də, Qarabağ klanı bu reallığı artıq qəbul etmək məcburiyyətindədir. Bunun əksinə getmək Ermənistanın özü üçün ciddi təhlükə yarada bilər. Və artıq ötən əsrin 90-cı illəri olmadığından erməni radikalların boş və mənasız xəyalları heç kimi narahat etmir.
Maraqlıdır ki, Ermənistan cəmiyyətində bu reallığı anlayanlar hər halda, olmamış deyil. Onların bəziləri əlbəttə ki, qorxduqları üçün susmağa üstünlük verirlər. Ancaq nisbətən cəsarətli olanlar isə mümkün qədər ehtiyatlı şəkildə mövcud şərtlərə uyğunlaşmağın vacibliyini etiraf edirlər.
Erməni professor Arman Qriqoryan vaxtilə Ermənistanın “Dağlıq Qarabağ”ın sovet dövründə olan statusunun dəyişdirilməsini tələb etməsinin ciddi səhv olduğunu vurğulayıb. Onun fikrincə, Ermənistanın biabirçı məğlubiyyətindən sonra bu səhv daha qabarıq şəkildə ortaya çıxmaqdadır: “Həqiqətən də 44 günlük savaşın nəticələrindən sonra daha yüksək status mövzusunun perspektivləri ciddi şübhə altına düşüb. Hər halda, bu iddiaların perspektivləri Dağlıq Qarabağ üçün 1988-ci ildəki statusdan daha yüksək variant ehtimalı vəd etmir”.
Erməni professor xatırladır ki, “Vaxtilə DQMV-ya aid olan Şuşa, Hadrut və Şaumyan rayonları hazırda Azərbaycanın tam nəzarəti altındadır”. Eyni zamanda A.Qriqoryan qeyd edib ki, bu müddət ərzində Ermənistan heç nəyə nail olmasa da, ciddi itkilər verib: “Ermənistan iki savaş nəticəsində 10 min nəfərdən çox canlı qüvvə itkisi verib. Üstəlik, bu illər ərzində Ermənistan həm də iqtisadi inkişaf üçün olduqca ciddi imkanlardan məhrum olub”.
Göründüyü kimi, Ermənistanın son 30 ildə heç nə qazanmadan itirdiklərini məntiq ilə dəyərləndirə bilən ermənilər hər halda, var. Ancaq buna baxmayaraq, Ermənistanda reallıq hissindən uzaq, revanşist əhval-ruhiyyəsini qoruyan, bu düşmən ölkəni də öz “boş xəyallar”ının girovuna çevirməyə çalışanlar hələ də daha üstün mövqedədirlər. Və bunun Ermənistan üçün fəlakət ola biləcəyini onlardan başqa hər kəs anlayır.
Məsələ ondadır ki, Ermənistan bundan sonra uzun müddət, hətta bəlkə də heç vaxt savaş aparacaq qədər hərbi-siyasi gücə və maliyyə-iqtisadi resurslara malik olmayacaq. Bu reallığı görməzdən gələrək, ölkəni yeni fəlakətə sürükləməkdə məqsəd nə ola bilər? Bu, Azərbaycandan daha çox, əslində, elə Ermənistana qarşı düşmənçilik anlamı daşımırmı?
Maraqlıdır ki, rusiyalı ekspert Qriqori Mavrovun qənaətinə görə, Ermənistanda revanşt ideyalar və populizm bəzi siyasi qüvvələrin istismarındadır: “Ancaq buna baxmayaraq, 44 günlük savaş da göstərdi ki, Ermənistanın Qarabağı yenidən işğal etmək üçün heç bir gücü yoxdur”.
Eyni zamanda Q.Mavrov bəzi ölkələrin və beynəlxalq güclərin erməni revanşistlərindən, müxtəlif ekstremistlərdən həm Ermənistanda, həm də ümumiyyətlə, regionda situasiyanın gərginləşdirilməsi məqsədilə istifadə edə biləcəklərini düşünür: “Sosial-iqtisadi problemlər və Paşinyan hakimiyyətinin buraxdığı ciddi səhvlər revanşistlərin mövqelərini gücləndirə də bilər. Bu haldasa, yeni savaşın reallığa çevrilə biləcəyi qətiyyən istisna deyil”.
Əlbəttə, bu ehtimalları həqiqətən də diqqətdən qaçırtmaq olmaz Ancaq burada yenə də əsas məqam Ermənistanın hakimiyyətdə kimin olmasından asılı olmayaraq, yeni savaş üçün resursları ilə bağlıdır. Belə resursların olmadığını rus ekspertdə xüsusi vurğu ilə qeyd edir.
Deməli, Ermənistan revanşist məqsədlərlə yeni savaşa cəhd edərsə, bu, hərbi-siyasi intihar qərarına bərabər böyük səhv xarakteri daşıya bilər. Daha bir rus hərbi eksperti, polkovnik Mixail Xodarenok bunu daha detallı şəkildə izah edib. Və rus ekspert Ermənistanın özünü israrla təhlükəyə doğru atmasının anlamsız olduğunu vurğulayıb.
Maraqlıdır ki, rus polkovnik erməniləri boş və mənasız açıqlamalar verməkdə qınayıb: “Revanşist əhval-ruhiyyəni sonsuza qədər qoruyub, saxlamaq olar. Əsas məsələ odur ki, belə əhval-ruhiyyə ilk növbədə ciddi canlı qüvvəyə və hərbi-iqtisadi potensiala dayaqlanmalıdır. Revanşa nail olmaq üçün əvvəlcə onu reallaşdıracaq əsas alətə – müasir və döyüş qabiliyyəti yüksək orduya sahib olmaq lazımdır”.
Rus hərbi ekspert Ermənistanın yeni savaş imkanlarına şübhə ilə yanaşdığını isə qətiyyən gizlətmir: “Ermənistanın yeni savaşa başlamaq imkanlarının olduğuna şəxşən mən inanmıram. Yeni müharibə Ermənistanın dünya xəritəsindən yox olması ilə nəticələnə bilər”.
Rus hərbi mütəxəssisin bu qənaətinin Ermənistanda bir çoxlarının xoşuna gəlməyəcəyi qətiyyən şübhə doğurmur. Ancaq reallıq onun dediyindən fərqlənmir. Sadəcə, Ermənistan cəmiyyətində bəziləri bu reallığı görməmək üçün gözlərini qapatmağa üstünlük verirlər. Halbuki, onlar vaxtında gözlərini açıb, rus ekspertlərin xəbərdarlıq etdiyi həqiqətləri görməyə çalışmazlarsa, yəqin ki, tezliklə dünya xəritəsində də Ermənistanı tapa bilməyəcəklər.