Rusiya Türkiyə ilə Ermənistanı barışdırır: Moskva səmimidirmi… – 2 fərqli rəy

“Rusiya Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək eləməyə hazırdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 2 sentyabrdakı brifinqdə deyib. Zaxarova bu xüsusda 2009-cu ildə ABŞ və Rusiyanın da imza atdığı “Sürix protokollarını” da xatırladıb.

Sual yaranır: Moskva gerçəkdən də Ankara və İrəvan arasında münasibətlərin qaydaya düşməsində, bölgədə daimi və ədalətli sülhdə səmimi şəkildə maraqlıdırsa, nədən öz satellitindən beynəlxalq hüquqa sayğılı olmağı tələb eləmir? Axı ölkələr arasında siyasi-diplomatik münasibətlər onların bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımaqdan keçir. Ən əsası, Türkiyə və Ermənistanın barışması şimal qonşumuzun bölgə maraqlarına cavab verirmi? O halda Ermənistanda Rusiya hərbi bazalarına, Ermənistan sərhədlərini rusların qorumasına lüzum qalacamı?

Politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya Türkiyə-Ermənistan arasında münasibətlərin qurulmasında səmimi vasitəçi olmaq istəyirsə və səmimidirsə, ilk növbədə Ermənistana Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün təsir göstərməlidir: “Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları olan ölkədir və Türkiyənin ərazi bütövlüyünü tanımır. Eyni münasibəti daha da sərt formada Azərbaycana qarşı göstərir. Rusiya Ermənistanın iqtisadi, sosial vəziyyətinin acınacaqlı olduğunu bilir. Onu da bilir ki, Türkiyə ilə əlaqələrin qurulması Ermənistanı bu ağır durumdan xeyli dərəcədə çıxara bilər. Ola bilsin ki, Rusiyanın daha bir marağı Türkiyə ilə Azərbaycanın münasibətlərinə müəyyən soyuqluq gətirməkdir.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az

Qabil Hüseynli 

2009-cu ildəki məlum ”Sürix Protokolu”nu yenidən xatırlatmaları buna işarə sayıla bilər. Adıçəkilən protokollar iki qardaş ölkənin arasında müəyyən soyuqluqlara yol açmışdı. Ancaq artıq zaman o zaman deyil. Rəsmi Ankara İrəvanla münasibətləri o halda quracaq ki, Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanısın, işğalçılıq iddialarından rəsmən əl çəksin. Rusiya səmimidirsə, öz forpostu Ermənistanı bu addımı atmağa məcbur eləməlidir. Bu addım atılsa əməkdaşlıq, əlaqələr get-gedə qurulacaq”.

Yeri gələndə "biz erməniləri düşünürük" deməliyik"-ABUTALIB SƏMƏDOV | Analoq.az

Abutalıb Səmədov 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Rusiya Türkiyə-Ermənistan əlaqələrinin qurulmasında, yaxşıladırılmasında maraqlıdır: “Çünki bu gün Rusiyanın cənubi Qafqazda əsas prioriteti iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasıdır. Buna da Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin olmaması mane olur. Mariya Zaxarova 2009-cu il Sürix protokollarını təsadüfən xatırlatmır. O zaman bilirsiniz ki, Azərbaycan həmin protokollara qarşı çıxmışdı. Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı və kəskin bəyanatlar verdi. Bu protokolların Türkiyə parlamentində ratifikasiya olunmasına həm də bu etirazlar mane oldu. Ancaq indi Azərbaycan da bölgədə yeni əməkdaşlıq formatı qurulmasında maraqlıdır. Azərbaycan Prezidenti də bəyan edib ki, biz Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istərdik.

Zənnimcə, işlər buna doğru gedir. İkinci məqam: nədən deyirsiniz ki, Rusiya öz nəzarətində olan Ermənistana təsir etmir ki, Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsın? Məncə, Rusiyanın Ermənistana deyəcəyi daha ciddi sözlər var. Mən hesab edirəm ki, Rusiya sülh sazişinin imzalanmasını təmin eləməlidir, təşəbbüsü tamamilə öz üzərinə götürməlidir, Minsk Qrupunu kənarda saxlamalıdır və Zaxarova da yeri gəlmişkən, Minsk Qrupuna Azərbaycan Prezidentinin dediyi sözləri təkrar elədi. Dedi ki, siz digər məsələlərlə – humanitar məsələlərlə məşğul olun, siyasi məsələlər sonranın işidir. Fikrimcə, Rusiyanın niyyəti budur ki, məsələni özü nizama salsın, sülh sazişinin imzalanmasını təmin eləsin. Ona görə də məncə, Rusiyanın Ermənistana verəcəyi əsas göstəriş də budur. Yerdə qalan məsələlər artıq ondan törəyən məsələlərdir. Ümid edirəm ki, Rusiya səmimidir və həqiqətən də Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin qurulmasında maraqlıdır. Sonuncu sualınıza gəlincə, Ermənistanın Türkiyə ilə əlaqələr qurması halında belə, orada Rusiya hərbi bazaları qalacaq, Ermənistan sərhədlərini ruslar qoruyacaqlar. Çünki bunu Moskva istəyir”. 

Hamısını Göstər

Related Articles

Back to top button