İki qardaş ölkənin birgə təlimlərinin ilginc detalları – antiterror əməliyyatı başlanıb…

Ekspertin fikrincə, bu təlimlər təkcə ermənilərə deyil, regionda dost olmayan ölkələrə də bir mesajdır: “Mətbuata açıqlanmayan təlimlər də var, antiterror tədbirləri başlayıb, daha geniş miqyasda keçirilməsi hər an gözləniləndir”

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir və bütün növ hərbi təlimlər demək olar ki, baş tutub. İki qardaş ölkənin orduları ən çətin relyeflərdə, coğrafiyalarda təlimləri uğurla yekunlaşdırıblar. “Yeni Müsavat” yazır ki, ictimaiyyət bu təlimlərin nəticəsinin nədən ibarət olacağını sorğu-sual edir.

Cəmiyyətdən çağırışlar səslənir ki, keçirilən təlimlər nə zaman praktikada sınaqdan çıxarılacaq? Yəni Qarabağın dağlıq ərazilərindən çıxmayan və Rusiyadan açıq dəstək alan separatçı erməni silahlı birləşmələrinə qarşı antiterror tədbirləri yaxın perspektivdə reallaşa bilərmi? Son olaraq Laçında keçirilən iki ölkənin xüsusi təyinatlılarının təlimləri, irəlidə isə Türkiyə, Pakistan və Azərbaycan hərbçilərinin birgə təlimlərinin nəzərdə tutulması ictimaiyyətdə təbii olaraq müəyyən mülahizələr irəli sürməyə əsas verir. Ümumiyyətlə, dövlətlər nəzarət edə bilmədikləri ərazilərdə antiterror əməliyyatlarını hansı hallarda və necə icra edirlər? Bu, beynəlxalq norma və qanunlarla tənzimlənirmi?

Ekspertlərin fikrincə, Bakı Laçın dəhlizinə vizual nəzarəti gücləndirir. Türkiyə ilə birgə təlimlərin dəhlizin keçdiyi bölgədə keçirilməsi Azərbaycanın bu nəzarətdən geri çəkilməyəcəyi, əksinə, daha da artıracağı deməkdir və təlimlər bu prosesdə Bakının əlini gücləndirməyə hesablanıb. Analitiklərin sözlərinə görə, təlimlər həm də Laçın dəhlizində “təhlükəsizliyi təmin etmək” və PUA hücumlarına qarşı təlim keçirən rus sülhməramlılarına cavab hesab oluna bilər – Bakı və Ankara dəhlizin keçdiyi Laçında “əzələ nümayişi” edir. Bundan başqa, Ermənistan ordusunu modernizasiya edən qonşu ölkələr var. Düşmənə yük daşıyan, Xankəndinə silah-sursat keçirilməsinə öz sərhədindən şərait yaradan qonşular var. Azərbaycan artıq rəsmi şəkildə buna görə Rusiya və İrana nota göndərib. O baxımdan birgə təlimlərlə həmçinin cənub və şimal qonşularına da eyham vurulur ki, Azərbaycan əl-qolunu sallamayıb, müharibə bitsə də, problemlər var, Türkiyə, Pakistan kimi müttəfiqlərlə birgədir.

Ermənilərin törətdiyi təxribat siyasi məqsəd daşıyır' — Ramil Məmmədli

 Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, hər zaman təlimlər keçirilir və mətbuata açıqlanmayan təlimlər də var: “Türkiyədə, Pakistanda və onların Azərbaycanda müvafiq hərbi bölmələrinin təlimləri olur. Lakin ictimaiyyətə açıqlanmır. Mətbuata açıqlanan hissəsi yalnız siyasi mahiyyət kəsb edir. Bu təlimlər təkcə ermənilərə deyil, regionda yerləşən və dost olmayan ölkələrə də bir mesajdır. Bu təlimlərin keçirilməsi həm də birgə təcrübə mübadiləsidir”.

Ekspertin fikrincə, təlimlərin əhəmiyyəti həm də budur ki, əvvəllər məkanı haqda məlumat verilmirdisə, indi Azərbaycan təlimlərin olduğu yerləri məxfi saxlamır: “Laçın və Naxçıvan ərazisində hərbi təlimlər keçirilir. Ermənilərə himayədarlıq edən qüvvələrə bir nümayişdir. Antiterror əməliyyatına gəlincə, artıq başlayıb. Şuşa ətrafında erməni dəstələrinin cavabı verilib. Bu baxımdan nəticə var və proses başlayıb. Daha geniş miqyasda əməliyyatların keçirilməsi hər an gözləniləndir. Çünki Qarabağdakı separatçıların, xüsusən Vitali Balasanyan, Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan və Araik Aryuntunyana bağlı silahlı qüvvələr var”.

Ramiyə Məmmədova: “Əsas problemli məqam Rusiya ilə Türkiyənin yaxınlaşmasıdır”

 Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova sülhməramlıların olduğu müddətdə geniş antiterror əməliyyatının keçirilməsini istisna edir. Onun fikrincə, ortalıqda üçtərəfli razılaşma var, sülhməramlılar müqavilə əsasında bölgəyə yerləşiblər və müharibədən sonra mülki erməni əhalisi Qarabağın dağlıq hissələrinə qaytarılıb: “Onların olduğu müddətdə atəş açmaq, biz tərəfdən əməliyyatlara başlamaq ciddi təzyiqlə üzləşməyimizə səbəb olar. Bunu dinc əhalini vurmaq kimi qiymətləndirəcəklər – Rusiya, Fransa və Qərb cəbhəsi… Ona görə vaxtaşırı separatçı rejimin tör-töküntü silahlı dəstələrinin təxribatlarına cavab verilə bilər, amma onların təmizlənməsi üçün hələlik geniş əməliyyatlar olacağını gözləmirəm. Çünki sülhməramlılar ərazidədir və Rusiya öz əsgərinə güllə atıldığını bəhanə edə bilər. Bizim üçün indi ən mühüm məsələ bölgədən çıxmayan erməni dəstələrinin evakuasiyasını tələb etmək, tez-tez 10 noyabr sənədinin 4-cü bəndini xatırlatmaq, bu müddəanı icra etməyən Rusiyanın yadına salmaqdır”.

Ekspert hesab edir ki, keçirilən birgə təlimlər Rusiyaya və Ermənistana iki qardaş ölkə arasında müttəfiqliyin hansı səviyyədə olduğunu göstərməkdir, eləcə də Şuşa Bəyannaməsindən sonra türk xüsusi təyinatlılarının içərilərə doğru – yəni Laçına irəliləməsi ermənilərə bir dağ çəkməkdir: “Bu təlimlər genişlənəcək. Azərbaycan Laçın dəhlizinə birgə nəzarəti tələb edir, Rusiya razılaşmır. Əgər dəhlizə rus sülhməramlısı ilə birgə nəzarət etsək, ermənilərin istədiyi adamı Xankəndinə aparıb-gətirmək imkanları məhdudlaşacaq. Onda Araik bizim əsgərin yoxlanışı ilə İrəvana gedib-gələ bilər. Bu məsələlərin zamanla həl olunacağını gözləyirəm, hərbi-diplomatik siyasət ahəngdarlıq təşkil etməlidir”.

Hamısını Göstər

Related Articles

Back to top button