Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qurulur – perspektivdə nələr var?
Azərbaycan Ordusunun NATO modelinə keçidi sürətlənib; Şair Ramaldanov: “Bu üçlük bir-birinə o dərəcədə sıx bağlıdır ki, istər siyasi, istər hərbi ittifaq təbii proses olaraq meydana gəlir”
Sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş – 2021″ beynəlxalq təlimi başlayıb. Azərbaycan ərazisində keçirilən təlimlər üç qardaş ölkənin xüsusi təyinatlı qüvvələrinin üçlükdə keçirdikləri ilk təlimlər kimi tarixə düşəcək.
Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik nümayiş etdirməsini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycanın, Türkiyənin və Pakistanın çox geniş hərbi, siyasi, strateji münasibətləri var. Bu münasibətlər məhz 44 günlük müharibə dövründə Azərbaycan torpaqlarını azad etmək üçün böyük siyasi və mənəvi dəstək oldu. 44 günlük müharibədən sonra bu ilin yanvar ayında Azərbaycanın, Türkiyənin və Pakistanın xarici işlər nazirləri Pakistanda görüş keçirmişdilər. Bu görüşün nəticəsində bir bəyanat vermişdilər. Bəyanatda bir xüsusi bölüm var idi ki, bu, təhlükəsizlik və hərbi yardımla bağlı məqamları əks etdirirdi. Orada göstərilmişdi ki, hər üç dövlət bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hər hansı təhlük yaranarsa, o zaman bütün imkanları ilə həmin ölkənin yanında olmağa hazırdırlar. Bu, o zaman dünya üçün bir mesaj idi ki, məsələn, hansısa ölkə Azərbaycana hücum edəcəksə, təhlükə yaradacaqsa, Türkiyə və Pakistan öz hərbi, siyasi imkanları ilə Azərbaycanın yanında olacaqlar. Müharibədən sonra Türkiyənin və Pakistanın parlament rəhbərləri Şuşaya səfər etdilər. Bu da bir siyasi mesaj idi.
Hərbi cəhətdən isə artıq üç ölkənin birgə hərbi təlimləri başlayıb.
Birgə təlimlər Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqının defakto qurulması prosesinin daha bir göstəricisidir. Pakistan nüvə silahı olan yeganə müsəlman dövlətidir. Bundan başqa, onun arsenalında orta mənzilli nüvə başlıqları daşıya bilən raketlər mövcuddur. Pakistanın quru qoşunlarının sayı yarım milyon nəfərə yaxındır. Bunun üzərinə NATO-nun ikinci güclü ordusuna malik Türkiyənin və Azərbaycanın quru qoşunlarının sayını gələndə görürük ki, bu üç ölkənin hərbi ittifaqı çox böyük bir hərbi qüvvədir. Regionda öz sözünü deməyə malik olan gücdür.
Şair Ramaldanov
Hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirib ki, “Üç qardaş – 2021″ beynəlxalq təlimləri hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcək, ordular arasında mövcud olan əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaq: ”Türkiyə ordusunun, onun xüsusi təyinatlılarının NATO-nun ikinci ən güclü silahlı qüvvəsi olduğu məlumdur. Pakistanın da xüsusi təyinatlıları çox böyük təcrübəyə malikdirlər. Azərbaycanın xüsusi təyinatlılarının isə inkişafının səviyyəsi ötən il Şuşanın azad olunmasında dünyaya nümayiş olundu. Dünyanın hərbi dairələri hələ də bundan danışır, bu təcrübəyə heyranlıqlarını bəyan edirlər. Bu cür üç güclü xüsusi təyinatlı qüvvələrin birgə təlimlərinin keçirilməsi həm onların üçünün də təcrübələrini artıracaq, həm də düşmənə, onun havadarlarına ciddi mesajdır.
Ortaq təlimlərlə Azərbaycan NATO modelinə uyğun ordu quruculuğu kursunu bir qədər dərinləşdirmiş olur. Xüsusilə Türkiyə ordusu ilə mütəmadi keçirilən birgə təlimlər Azərbaycan Ordusunun bu modelə keçid prosesinin tərkib hissələrindən sayıla bilər.
Azərbaycan-Pakistan əməkdaşlığı bütün istiqamətlərdə daha da dərinləşdirilməkdədir. Gələcəkdə bu əməkdaşlığın nəticəsində bu üç dövlətin dünyada təsir imkanları artacaq. Artıq Azərbaycan Ordusu 21-ci əsrin tələblərinə cavab verən ordular sırasına daxil olan ordudur. Azərbaycan miqyasca kiçik dövlət olsa da müasir, güclü ordusu olan dövlətlər sırasındadır. Bizim ordumuzla birgə təlimlər keçirməyə dünyanın əksər ölkələri həvəs göstərirlər. Türkiyə və Pakistan isə bizə qardaş ölkələrdir və onlarla bizim birgə təlimlərimiz tamamilə təbiidir. Bu üçlük bir-birinə o dərəcədə sıx bağlıdır ki, istər siyasi, istər hərbi ittifaq təbii proses olaraq meydana gəlir. Azərbaycanın istənilən bölgəsində Azərbaycan, Türkiyə və Pakistanın bayraqlarını bir yerdə görürük. Yəni bu üç dövlətin birliyinə bütün ictimaiyyət də dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyev müharibə zamanı bəyan etmişdi ki, biz bundan sonra biləcəyik kim bizim həqiqi dostumuzdur və münasibətimizi məhz bu prizmadan quracağıq.
Türkiyə və Pakistan bizim yanımızda oldular. Azərbaycan-Türkiyə-Pakistan birliyi artıq uzun müddətdir qurulub. Bu birlik Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında daha da ön yerləri tutmasına gətirib çıxaracaq. Azərbaycan Ordusu çoxdandır ki, NATO-ya inteqrasiya edir. Türkiyə ordusu ilə sıx birgə təlimlər, türk ordusu modelinə keçid isə bu inteqrasiyanı sürətləndirir, dərinləşdirir.