Putin erməniləri KTMT-yə yığır: Lavrovun “kirvəsinə” yeni vəzifə…

Mikael Ağasandyanın Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına səlahiyyətli nümayəndə təyin edilməsi haqlı suallar yaradıb

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi və səlahiyyətli nümayəndəsi təyin edib. “Yeni Müsavat” bildirir ki, başqa bir sərəncamla Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Şvedovu bu vəzifədən azad edib.

Ağasandyan 2015-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini vəzifəsinə təyin edilib. BMT Təhlükəsizlik Şurasının fəaliyyəti, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, sanksiyalar siyasəti, Balkan münasibətləri ilə bağlı məsələlərə nəzarət edib. Bundan əvvəl o, Rusiyanın BMT yanında daimi nümayəndəliyində çalışıb.

Məlumdur ki, ötən həftə KTMT-yə sədrlik rotasiya qaydasında 2 illiyinə Ermənistana keçib. Ermənistanın KTMT-də sədrliyə başlaması bir sıra suallara yol açmaqdadır. Bəzi təhlilçilər ehtimal edirlər ki, bu müddətdə İrəvan Bakıya qarşı provokativ həmlələrini artıra bilər. Hətta hansısa qərarların və addımların atılması gözdən keçirilə, KTMT-nin iclaslarında tez-tez müzakirə masasına gətirilə bilər. Sirr deyil ki, Ermənistan həm Tovuz hadisələri zamanı, həm 44 günlük müharibə dövründə, həm də ondan sonra KTMT-ni özünün düşmənçilik siyasətinə alət etməyə açıq cəhdlər edib. Ermənistan hər zaman bu qurumu Azərbaycana qarşı yönəltməyə çalışıb, ancaq səyləri fayda verməyib. Sözsüz ki, 2 illik sədrlik müddətinin onlara verdiyi fürsətdən Azərbaycana qarşı maksimum yararlanmağa çalışacaqlar.

Belə bir vaxtda Putinin Rusiyanın qurumda səlahiyyətli nümayəndəsinin ermənini təyin etməsi diqqət çəkir. Məlumdur ki, erməni olduğunu gizlətməyən Sergey Lavrov rəhbərlik etdiyi Rusiya XİN-də güclü erməni lobbisi yaradıb. XİN-in bəzi hallarda Qarabağ məsələsində Kremldən fərqli mövqeyi də məhz bu erməni kadrların təsir imkanlarının yaranması ilə izah edilir. KTMT-yə sədrliyin Ermənistana keçən kimi Lavrovun XİN-dəki “kirvələrindən” birinin qurumda Rusiya təmsilçiliyinə gətirilməsi sadəcə təyinata bənzəmir. Çünki bu təşkilatda əsas söz sahibi Rusiyadır və onun mövqeyi bir çox hallarda həlledicidir. İndi Rusiya XİN-dəki erməni lobbisinin nümayəndəsi Kremli təmsil edəcək və Ermənistanla birgə işləyəcəklər. Aydındır ki, bu təyinat  istənilən halda Azərbaycanın xeyrinə deyil. Kremlin belə həssas məqamda KTMT-yə erməniləri toplamasının arxasında hansısa məkrli planların olduğunu ehtimal etmək mümkündür.

Təxribatlarda Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır

Siyasi şərhçi Züriyə Qarayevanın dediyinə görə, erməni əsilli Ağdasaryanın Putin tərəfindən KTMT-yə təyin edilməsi ilk növbədə Ermənistanın 44 günlük müharibədə məğlub olmasında Kremli günahlandırmasına cavabdır: “Putin müharibə dövründə açıq şəkildə ifadə etsə də ki, bu müharibə Azərbaycanın suverenliyi uğrunda aparılır və KTMT-nin müdaxiləsi mümkünsüzdür, Moskvanın həm müharibə, həm də postmüharibə dövründə pərdəarxası dəstəyini İrəvan görməzdən gəlməyə çalışır. Putin bu addımla bir növ topu Ermənistanın özünə qaytarır. Digər mesaj erməni cəmiyyətinə yönəlib. Paşinyan Rusiyanı ittiham edib dəstək ala bilməməsi üçün Qərbə üz tutduğuna görə Rusiya erməni cəmiyyətinə mesaj verir ki, ”biz Ermənistanı bərabər tərəfdaş kimi görməsəydik öz nümayəndənizi ən yüksək hərbi struktura təyin etməzdik”. Bu məsələdə bir mesaj da Türkiyəyə verilmiş ola bilər”.

Təhlilçinin fikrincə, Ərdoğanın Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin etməsi və bu generallardan birinin səfirliyin attaşesi olması Putin üçün xırda məsələ deyil: “Moskva Ankaradan həm də Krım məsələsindən dolayı yanıqlıdır. Türkiyə iddialı şəkildə Ukrayanın ərazi bütövlüyünü tanıyır və BMT daxil olmaqla bütün platformalarda Krım məsələsini gündəmə gətirir. Rusiya isə nəinki Ağdasaryanın təyinatı, öncədən Abxaziyada fəaliyyət göstərən Kosobokovu sülhməramlıların rəhbəri təyin etməklə, rəsmi səhifələrdə ”Stepanakert” ifadəsini hələ də yığışdırmamaqla, İran vasitəsilə Qarabağa “yük” daşımaqla və s. təxribatlarla həm də Türkiyəyə mesajını gücləndirməyə çalışır”.

Ermənistan bizim dediklərimizlə masaya oturmasa..."

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə güman edir ki, KTMT-də Azərbaycan əleyhinə hansısa müzakirələrin olması gözləniləndir. Onun fikrincə, bu qurumun ağası Rusiyadır və “Putin NATO-su” adlandırılması təsadüf deyil. Ekspert hesab edir ki, hətta KTMT iclaslarında maraqlarımıza uyğun olmayan müzakirələr aparılsa belə, nəticəsi olmayacaq: “Əvvəla, Qazaxıstan və Belarus kimi üzv ölkələr Azərbaycanın ziddinə getməzlər. İkincisi, Putin müharibə dövründə Ermənistanın cavabını verib, deyib ki, KTMT müdaxilə edə bilməz. Ona görə Ermənistanın bu quruma sədrliyi dönəmində ən pis halda hansısa müzakirələr mümkündür. Görünür ki, Ağdasaryanın təyinatında Lavrovun təsiri olub”.

Hamısını Göstər

Related Articles

Back to top button