İlham Əliyevin düzgün zamanlaması, hədəflər, Bakı-Ankara-Moskva üçbucağında yeni faza – Təhlil

Prezident İlham Əliyevin son günlərdə nüfuzlu beynəlxalq media orqanlarına müsahibələri bir neçə istiqamət üzrə Bakının gündəliyini ortaya qoyur. İndi həmin müsahibələrin xarakterini və hədəflərini xronoloji ardıcıllığı gözləmək şərtilə izah etməyə çalışaq.

İlham Əliyev Vətən müharibəsinin ildönümü ərəfəsində Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verdi (sentyabrın 24-də yayımlanıb).  

Bu müsahibə daha çox Rusiya siyasi auditoriyasını Bakının maraqlarına diqqət cəmləmək baxımından önəmli idi.  

Bu mənada Bakı-Moskva münasibətlərinin daha da inkişafı ön plana çıxarıldı və İlham Əliyev Kremlə məsuliyyətini də xatırladan açıqlamalar verdi.

Məsələn, İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirməsinin paralelində Moskvadan gözləntiləri də ortaya qoydu.

Sitat: “Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir”.

İlham Əliyevin bu sitatı Rusiyanın hazırki mövqeyinin davamlı olması üçün çağırış kimi də qiymətləndirilə bilər.

İlham Əliyevin ardınca Türkiyənin “Anadolu” agentliyinin suallarını cavablandırdı (sentyabrın 27-də yayımlanıb).  

Bu müsahibə isə Azərbaycan-Türkiyə-Rusiya üçbucağında maraqların yeni mərhələdə uzlaşdırılması baxımından prioritetlərin önə çıxarılması idi.

Prezidentin müsahibə üçün seçdiyi zamanlamanın əhəmiyyətini də qeyd etmək vacibdir.

Bu müsahibələrdən sonra, sentyabrın 29-da  Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə görüşü oldu və Qarabağ da liderlərin müzakirə mövzusunda çevrildi.

İlham Əliyevin bu görüşdən öncəki müsahibələri Bakının Moskva və Ankaraya Putin-Ərdoğan görüşü öncəsi mövqeyini bir daha xatırlatması idi.

Təbii ki, “Anadolu”ya müsahibədə Türkiyə ilə müttəfiqlik əlaqələrinin sferası və güclü ruhu, Türkiyənin Azərbaycana dəstəyi ön plana çıxarılmaqla.

Prezidentin müsahibədə İranın adını yumşaq desək çəkməsi isə Azərbaycan-Türkiyə-Rusiya müştərək maraqları kontekstində nəzərdən keçirəndə belə bir versiya ortaya çıxır: Türkiyə kimi, Rusiya da Azərbaycanı İranla bağlı məsələdə dəstəkləyir.

Sentyabrın 28-də isə Prezident Fransanın “France-24” telekanalına müsahibəsində Parisdən olan gözləntiləri ortaya qoydu.

Prezidentin “France-24” kanalındakı bəyanatları postkonflikt dövründə Fransaya mövqeyinin konstruktivə kökləməsi üçün bir çağırış idi. Üstəgəl İlham Əliyev keçmişi də unutmadı, Fransanın özünü ATƏT-in Minsk Qrupunun həmsədri kimi dürüst aparmadığını bildirdi.

Bununla belə, İlham Əliyevin tezisləri uzunmüddətli və dayanıqlı sülh üçün Bakının Parisə öz reseptini təqdim etməsi baxımından vacib idi. Yəni İlham Əliyev “olanlar keçmişdə qalıb, münasibətlərin inkişafı üçün gələcəyə baxmaq” lazımdır dedi. İndi top Fransadadır.

Bu müsahibələrin ardınca sentyabrın 29-da Soçidə Putin-Ərdoğan görüşündə Qarabağ mövzusunun müzakirə predmetinə çevrilməsi, bundan sonra Rusiya mətbuatında xoşməramlı məqalələrin yayımlanması diqqət çəkir. Sözsüz ki, Qarabağda açıq qalan məsələlərin həllinə dair hansısa yeni mexanizm üzərində iş gedir və Türkiyənin regionda iştirak imkanları genişlənir, yəqin ki, bunun nəticələrini yaxın zamanlarda görəcəyik.

Oktyabrın 2-də isə İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bu görüş haqqında səsləndirdiyi fikir Bakının Putin-Ərdoğan görüşündən məmnun qaldığının göstəricisidir.

İlham Əliyev EFE-yə deyib:

“Bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.

“France-24”dəki müsahibə ilə EFE-dəki müsahibəni birləşdirən nöqtə isə İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüş imkanlarının dəyərləndirilməsidir.

Azərbaycan lideri “France-24”də Ermənistanla siyasi rəhbərlik səviyyəsində təmaslarının başlaması üçün təklif səsləndirmişdi, amma bunu Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mümkünlüyünə diqqət çəkmişdi.

İlham Əliyev EFE-yə müsahibəsində də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə hazır olduğunu deyib, amma bunun üçün Paşinyanın görüşə hazır olmasının vacibliyini önə çəkib. Yəni, Paşinyanın qarşısına “sən hazır ol, mən də hazıram” mesajını verib.

EFE-yə müsahibə Rusiya və Türkiyə auditoriyalarından sonra dünyanın digər gücü Avropa İttifaqına olan ümidləri ortaya qoyur. Avropa İttifaqını dürüst vasitəçi kimi xarakterizə edən İlham Əliyev İttifaqdan sülh üçün geniş spektrli mövqe də tələb edir.

Yəni, iqtisadi dəstək məsələsində Azərbaycanla Ermənistan arasında qeyri-balanslı mövqenin düzgün olmadığını bildirir və Avropa İttifaqından iqtisadi yardımla əlaqədar təklif gözlədiyini deyir.

İlham Əliyevin son günlər verdiyi müsahibəsinə dair nəticə:

1. Bu müsahibələr sülh və təhlükəsizliyin konturlarını dəqiqləşdirən reseptləri təqdim edir,

2. Azərbaycan-Türkiyə-Rusiya üçbucağı yeni fazaya daxil olur,

3. Nikol Paşinyanla görüşün mümkünlüyü istisna edilmir,

4. Avropa İttifaqının proseslərə cəlbi regiondakı qlobal güclərin maraqlarını balanslaşdırır. 

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button