Gözlənilən müharibə: Türkiyənin mövqeyi necə olacaq?
Xəbər verildiyi kimi, ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng vurub. Tərəflər ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Lakin telefon danışığının əsas mövzusu Rusiyanın Ukraynaya qarşı gözlənilən hərbi müdaxiləsi olub.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays jurnalistlərə bildirib ki, Entoni Blinken Mövlud Çavuşoğlunu “Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə fəaliyyətlərin koordinasiyasının zəruriliyinə” inandırmağa çalışıb.
Türkiyə NATO-nun mühüm ölkəsidir və ikinci hərbi gücüdür. Bu baxımdan Ukrayna ətrafındakı vəziyyət NATO-Rusiya qarşıdurmasına qədər inkişaf etsə o zaman Türkiyənin hansı mövqe tutmasının kritik əhəmiyyəti olacaq. Hansı ki, Türkiyənin son illər NATO ilə münasibətləri elə də yaxşı deyil və Ankara regional güc olaraq Rusiya ilə də yaxşı münasibətlər saxlamağa çalışır.
virtualaz.org xəbər verir ki, daha əvvəl Türkiyənin mümkün Rusiya-NATO qarşıdurmasındakı mövqeyi Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı da müzakirə olunub. Bazar günü baş tutmuş telefon danışığı zamanı tərəflər Ukrayna ətrafındakı situasiyanı və Rusiyanın NATO-ya təqdim etdiyi, ultimativ xarakter daşıyan “təhlükəsizlik qarantiyası” layihəsini müzakirə ediblər.
“Le Figaro” qəzeti yazır ki, Rusiya və Türkiyə fərqli və bəzən bir-biri ilə rəqabət aparan maraqlara baxmayaraq tərəfdaş ölkələrdir. Lakin son vaxtlar Ankara ilə Moskva arasında Ukraynaya görə gərginlik artır. Putin Türkiyənin Kiyevə “Bayraktar” pilotsuz döyüş təyyarələrini verməsinə görə Ərdoğana irad bildirib. Ərdoğan isə qəzetin yazdığına görə, Putini “NATO-ya qarşı birtərəfli şərtlər irəli sürdüyü üçün” tənqid edib.
Xatırladaq ki, Kremlin irəli sürdüyü həmin ultimatum əsasən NATO Ukraynanı öz sıralarına qəbul etməyəcəyinə dair yazılı təminat verməlidir. Eləcə də alyans və ona üzv olan ölkələr Cənubi Qafqaz regionunda hər hansı hərbi fəaliyyətə son qoymalıdır. Təhlükəsizlik təminatı razılaşması layihəsində NATO-nun Şərqi Avropada hücum silahları yerləşdirməməsi və digər bu kimi tələblər də yer alır. Moskvadan səslənən bəyanatlara əsasən bu tələblərə tezliklə cavab verilməsə o zaman Rusiya hərəkətə keçəcək.