“Əsas məqsəd rəngli inqilabın qarşısını almaq idi…” – Lukaşenko KTMT-nin siyasi jandarm rolu oynadığını etiraf etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Qazaxıstana müdaxiləsinin bəzi detallarını açıqlayıb.
Qazaxıstandan qayıdan Belarus hərbçiləri qarşısında çıxış edən Lukaşenko KTMT-nin məlum əməliyyatını Rusiya Prezidenti Vladimir Putinlə birgə qısa müddətdə hazırladıqlarını deyib: “Bütün bu əməliyyat detallarına qədər iki Prezident – Rusiya və Belarus Prezidentləri tərəfindən bir saata hazırlanıb… Artıq bir neçə saatdan sonra isə Qazaxıstana ilk təyyarələr yola düşüb.”
Lukaşenko deyib ki, hər şey “sürətlə, qətiyyətlə və tərəddüdsüz” edilib. Belarus Prezidenti bununla da Rusiya və Belarus sərhədlərinə yaxınlaşmaq istəyənlərə lazımi cavab verildiyini qeyd edib.
Lukaşenko çıxışında Qazaxıstana müdaxilənin əsas səbəbini də açıqlayıb. KTMT-nin Qazaxıstan əməliyyatını bir xeyli tərifləyəndən sonra o, etiraf edib ki, əsas məqsəd rəngli inqilaba yol verməmək olub: “KTMT xətti üzrə görülən tədbirlər, sülhməramlı qüvvələrin yeridilməsi imkan verdi ki, hadisələrin ən neqativ ssenari üzrə inkişafının – növbəti rəngli inqilabın qarşısı alınsın”.
Əslində, bununla da Lukaşenko həm Rusiya, həm də Qazaxıstan Prezidentlərinin məlum hadisələrlə bağlı səsləndirdikləri versiyaların üzərindən xətt çəkmiş olub. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomert Tokayev ölkəyə 20 min terrorçunun hücum etdiyini və KTMT-ni də Qazaxıstanı onlardan qorumaq üçün çağırdığını bildirmişdi. Vladimir Putinin də mövqeyi bu baxımdan Tokayevin dediklərindən ciddi fərqlənmirdi. Lukaşenko isə digər iki Prezidentin dediklərinin əksinə olaraq, əsas məqsədin rəngli inqilabın qarşısını almaq olduğunu bildirir. Rəngli inqilabla terrorçuların hücumu isə tamamilə fərqli şeylərdir.
Lukaşenko bununla həm də etiraf edir ki, KTMT ona üzv ölkələrin ərazi bütövlüyünü, suverenliyini qorumaq adı altında yaradılsa da, əslində, sadəcə siyasi jandarm rolunu oynayır. Həmçinin, Lukaşenko bu əməliyyatın yalnız iki Prezident – Putinlə özü tərəfindən hazırlandığını deməklə, KTMT-nin digər üzvlərini dekorasiya üçün cəlb olunan oyuncaq dövlətlər hesab etdiklərini, Ermənistan, Tacikistan və Qırğızıstan rəhbərlərilə, hətta təşkilatı biabırcasına öz ölkəsinə çağıran Qazaxıstan Prezidentilə də hesablaşmadıqlarını etiraf etmiş olub. Bu isə bir daha KTMT-nin çürük bir təşkilat olduğunu və onun sadəcə, Rusiyanın hərbi-siyasi maraqlarına xidmət etdiyini ortaya qoyur.
Onu da xatırladaq ki, KTMT ölkələri rəhbərlərinin son toplantısında Lukaşenko növbəti hədəfin Özbəkistan olduğuna eyham vurmuşdu. Özbəkistan Prezidenti Şevkət Mirziyoyev isə Lukaşenkoya sərt şəkildə cavab verərək, deyib: “Bəzi dövlət başçıları əsassız bəyanatla çıxış etdilər ki, Özbəkistan Respublikası Qazaxıstanda baş verənlərdən ibrət götürməlidir. Biz regiondakı vəziyyəti və bütün təhlükəsizlik təhdidlərini diqqətlə izləyirik. İstənilən təhlükə və zərbəyə layiqincə cavab vermək üçün kifayət qədər gücümüz və potensialımız var!” O, bununla da nə ölkəsinin KTMT-yə üzv olmaq istəyinin, nə də bu təşkilatın qoşunlarını Özbəkistanda görmək niyyətinin olmadığını göstərib.