Yayadək Qarabağda qanunsuz erməni silahlısı qalmayacaq – reallıq, yoxsa…
Bakıdan “Ermənistana konkret vaxt verməliyik” tələbi səsləndi, əks halda…
“İyun-iyul ayında Ermənistan vətəndaşı olan sonuncu əsgər “artsaxı” tərk edəcək”. Bunu jurnalistlərlə görüşdə Ermənistan parlamentindəki “Şərəf duyuram” fraksiyasının katibi Aik Mamidcanyan deyib. Lakin müxalifətçi deputat hansı mənbəyə istinad elədiyini söyləməyib.
Məlumdur ki, 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən, erməni qanunsuz hərbi birləşmələri çoxdan – Rusiya sülhməramlı qüvvələri yerləşdirilən andan ərazimizi tərk eləməli, yaxud tərk-silah edilməli idi. Ancaq hələ də bu bənd yerinə yetirilməmiş qalır. O da var ki, erməni anaları övladlarının Qarabağda “hərbi xidmət” keçməsinə qarşı bir neçə dəfə etiraz aksiyası keçiriblər. Hələ 2021-ci ilin yanvarında Ermənistanda valideynlər övladlarının Qarabağa göndərilməsinə etiraza qalxdılar və o zaman hökumət bu tələbə əməl ediləcəyini vəd etdi. Ancaq belə görünür ki, rəsmi İrəvan sadəcə manipulyasiya etməklə məşğuldur və çağırışçıların Laçın dəhlizi ilə Qarabağa göndərilməsi davam etdirilib. Erməni deputatın söylədiyini nə dərəcədə ciddi hesab eləmək olar? Rəsmi Bakının bu məsələdə mövqeyi necə olmalıdır?
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, o, əsla erməni siyasətçilərinin və hərbçilərinin sözlərinə inanmayıb, indi də inanmır: “Çünki onlar heç vaxt müstəqil fikrə və qərarlara malik olmayıblar. Ermənilərə nə deyilibsə, onlar da tutuquşu kimi o sözləri tirajlayıb, gündəmi ya zəbt etməyə cəhd ediblər, ya da dəyişməyə çalışıblar. İndi də bu hoqqabazlığı ortaya atıblar ki, yaya kimi bunların sonuncu əsgəri Azərbaycan ərazilərindən çıxacaq.
Üzeyir Cəfərov
Əvvəla, Ermənistan tərəfi bu fikri özbaşına deyil, onlara havadarlıq edənlərin təhriki ilə dilə gətiriblər. Bu da sülhməramlı adı altında olan müvəqqəti rus qoşunlarının fəaliyyətsizliyini, məkrli planlarını bir qədər pərdələmək üçün deyilən boş sözlərdir. İkincisi, Qarabağda hələ də həm Ermənistandan gətirilmiş, hazırda da gətirilən silahlı şəxslər var. Fərz etsək ki, guya bunlar oradan yayda çıxacaqlar, bəs orada bunların qondarma “ordu”sunda xidməti vəzifələri kim yerinə yetirəcək? Aydındır ki, bu sadəcə vaxt udmaq və bir az da nəfəs almaq üçün dövriyyəyə buraxılmış növbəti erməni-rus hoqqabazlığıdır. Biz buna əsla imkan verməməliyik”. Ü.Cəfərov məsələni qəti qoymağın tərəfdarıdır: “Qısa müddətdə biz həm Ermənistandan, həm də müvəqqəti məşkunlaşmış rus birləşmələrinin nəzarəti altında olan Azərbaycan ərazilərindən silahlı tör-töküntülərin rədd olub getməsini tələb etməliyik! Onlar orada qaldıqca problemlər daha da dərinləşəcək, xosagəlməz insidentlərin baş verməsi qaçılmaz olacaq və ölən-yaralananların da olması mümkündür. Ona görə də Azərbaycan tərəfi vaxt itirmədən bu məsələni gündəmə gətirməli, tələblərimizi sərt şəkildə qoymalıdır”.
Polkovnikin narahatlığı var ki, hazırda vaxt erməni-rus planının reallaşması baxımından onların xeyrinə işləyir: “Bunlara sadəcə, vaxt lazımdır ki, yerdə qalan aylar ərzində də öz çirkin niyyət və addımlarını həyata keçirmək üçün bəzi işləri həyata keçirsinlər. Necə deyərlər, yetər artıq, kifayət qədər vaxt verildi, kifayət qədər vaxt keçdi, ortalıqda isə günü-gündən artan problem və qayğılardan başqa gözə heç bir fəaliyyət dəymir. Nəzərə çarpan isə heç də bizim milli maraqlarımız nöqteyi-nəzərindən normal olan bir şeylər deyil”.
İlyas Hüseynov
Politoloq İlyas Hüseynov bu fikirdədir ki, yay aylarında Ermənistan vətəndaşı olan sonuncu əsgərin Rusiya sülhməramlılarının müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilən məsuliyyət zonasını tərk etməsi ilə bağlı irəli sürülən iddialar əslində üçtərəfli birgə bəyanatın icrası deməkdir: “Çünki 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü bəndi bu günə qədər nəinki öz implementasiyasını gözləyir, eyni zamanda ermənilər sözügedən ərazidə möhkəmlənmək üçün yeni mühəndis-istehkam qurğuları inşa ediblər. Bu narahatverici məqamdır. Nəzərə almaq lazımdır ki, bir neçə dəfə Rusiya sülhməramlıları ilə ermənilər arasında insidentlər də yaşanıb. Lakin bu cür fikirlərin müxalif deputat tərəfindən səslənməsi daxili auditoriyaya ünvanlayıb və siyasi xallar toplamaq, hazırki iqtidarı təslimçi görüntüsündə təqdim edir. Bu və ya digər formada erməni əsgərləri Azərbaycan ərazisini tərk etməlidirlər. Bu, nə qədər tez baş versə, daha yaxşı olar”.
İ.Hüseynov da hesab edir ki, ərazimizdə yerləşən erməni əsgərləri tərksilah edilməlidir: “Hər zaman İrəvanın əsas küçə və prospektlərində əsgər analarının nümayişlərdə fəryadı da buna yönəlir ki, övladları Qarabağda ”hərbi xidmət” keçməsinlər. Vətən müharibəsi zamanı da bu cür çıxışları dəfələrlə eşitmişik. Rəsmi Bakı 4-cü maddənin icrası ilə bağlı işləri sürətləndirməli, Laçın dəhlizinə nəzarəti ələ almalıdır. Əgər sülh müqaviləsi ilə bağlı proseslər həqiqətən də tərəflərin siyasi iradəsi ilə başlayırsa, şərtlər arasında Laçın dəhlizi və 4-cü maddə əsas prioritet kimi qəbul ediləcək. Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası, iqtisadi prioritetlər də ümumi komponentlər sırasında yer alacaq”.
Qafar Çaxmaqlı
İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı da konkret addımların tərəfdarıdır: “Erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması bir öhdəlikdir və indiyədək Rusiya sülhməramlılarının onları çıxarmaması narahatlıq doğuran və zaman-zaman Azərbaycanın Rusiyanın öz missiyasını yerinə yetirməməsi kimi qəbul edilirdi. Bunların gərginliyin artırılmasına səbəb olacağını Rusiya da istəməzdi və hərbi birliklərin çıxarılmasının həm də gələcək proseslərə mane olacağı anlaşılmaqdadır. Ermənistan vətəndaşlarının başqa bir ölkədə xidmət keçməsi bu ölkənin özündə də etirazla qarşılandığını nəzərə alsaq Paşinyan bu öhdəliyi yerinə yetirməlidir”.
Q.Çaxmaqlı hesab edir ki, əgər bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqə qurmaq siyasəti aparılacaqsa mütləq erməni hərbi birləşmələri çıxarılmalıdır: “Oradakı separatçıların nəzarətində olan hərbi birləşmələrlə bağlı da müəyyən qərar qəbul edilməlidir. Ermənistan öhdəlikləri yerinə yetirmək görüntüsü verib, ordu birləşmələri ”Dağlıq Qarabağ ordusu” kimi qələmə verə bilər. Amma bura Azərbaycan ərazisi olduğundan oradakı hərbi varlığa son verilməlidir. İndiki halda bu, Rusiyadan tələb olunmalıdır”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bu fikirdədir ki, Ermənistanın müxalifət təmsilçisi həmin fikirləri Paşinyanın mövqeyini zəiflətmək üçün deyib: “Bu, bizim başımızın altına yastıq qoymamalıdır. Xocalı soyqırımının 30 illiyi yaxınlaşır, bu məkan hələ də bizim nəzarətdə deyil. Bu barədə ciddi düşünməliyik”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuz rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
E.Şahinoğlu Tovuz istiqamətindən atəşkəsin pozulması məsələsindən bəhs edərkən bunları söylədi: “Tovuz elə bölgədir ki, atəşə atəşlə cavab veririk və verəcəyik. Ancaq atəşi bizə içərimizdəki ərazidən atırlarsa, bu artıq meydan oxumaqdır”.
E.Şahinoğlu Ermənistana vaxt verilməli olduğunu bildirdi: “Bəli, 3 və ya 6 ay vaxt verməli və bu müddətdə Qarabağdakı separatçıların silahları yerə qoymalarını tələb etməliyik. Tələbimiz yerinə yetirilməsə, antiterror əməliyyatına başlamalıyıq”.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində rəsmi İrəvana bəlkə də sonuncu xəbərdarlığını edib. Dövlət başçısı deyib ki, ermənilər iki daş arasında qalıblar: “Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.
Erməni deputatın “hərbçilər yayda çıxacaq”, deməsi həm də ondan xəbər verir ki, İrəvanda Bakıdan verilən sərt xəbərdarlıq ciddiyə alınıb. Ancaq erməni hərbçi başqa ölkənin torpağında niyə bu qədər qalmalıdır?